Ermənistanda sürücüləri yol qaydalarını pozduqlarına görə daha cərimələməyəcəklər
Baş nazir Nikol Paşinyan təklif edib ki, yol radarları və video-nəzarət kameralarının işi müvəqqəti olaraq dayandırılsın. Müvafiq olaraq sürücülər müəyyən müddət yol qaydalarını pozduqlarına görə cərimələnməyəcəklər.
“Düşünürəm ki, böyük məbləğdə cərimələr toplanıb, insanların isə cərimələri ödəmək üçün vəsaitləri yoxdur. Borcların sıfırlanması üçün mexanizm düşünmək, radar və kameraların indən belə səmərəliliyi məsələsini müzakirə etmək lazımdır. Düşünürəm ki, onların işini dayandırmaq və ya müəyyən müddətə qədər fasilə vermək məqsədəuyğun olar”, – Nikol Paşinyan deyib.
Bu təklifə müsbət reaksiya verənlər ilk növbədə mütəmadi olaraq cərimələnən (məsələn, icazə olmayan yerdə dayandığına, sükan arxasında kəmərini bağlamadığına və ya telefonla danışdığına görə) taksi sürücüləri olub. Radar və nəzarət kameraları quraşdırılandan sonra onlar vaxtaşırı olaraq etiraz edirlər. Şikayətlənirlər ki, onları səbəbsiz yerə cərimələyirlər, və cərimələr “onlardan pul qoparmaq” vasitəsinə çevrilib, cərimələrin həcmi isə çox yüksəkdir və onların gəlir səviyyəsi ilə qətiyyən müqayisəyə gəlmir.
Amma heç də hamı kamera və radarların işinin dayandırılması haqda qərara müsbət yanaşmır. Bu qərarın yollarda xaotik hərəkətə, daha çox problemlərə və qəzalara səbəb olacağını düşünənlər də var.
Sosial şəbəkələrdən bəzi şərhlər:
“3 saata iki qəza – iki aşmış maşın. Radarların olmaması əhali sayını kəskin azaldacaq”.
“Mən prinsipcə kameraların əleyhinə deyiləm. Amma cərimələrin həcmini bir daha gözdən keçirmək lazımdır. 5000 dram əvəzinə 2000 dram (təxminən 10 dollar əvəzinə 4 dollar) hələ toya getməlidir”.
“Mən kameraların ləğvinin və yol polisinin netrallaşdırılmasının əleyhinəyəm. Burada əsl hərcmərclik olacaq, hərə kefi istəyən kimi sürəcək. Sadəcə qaydaları pozmayın və kameralara düşməyin”.
Baş nazirin rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasından olan deputat Lena Nazaryan deyib ki, Paşinyan kameraların işinin dayandırılması ilə bağlı bəyanatı müzakirələri başlatmaq niyyətilə edib:
“İnsanlar fəal şəkildə iştirak edir, öz narazılığını və ya təkliflərini səsləndirirlər. Hazırda təklif edilib, əminəm ki, baş nazir səsləndirilən fikirləri diqqətlə izləyir və müzakirələrdən sonra nəticə çıxaracaq”.
Yeni hakimiyyətin “qulağa xoş gələn” mövzuları müzakirəyə çıxararaq populizmlə məşğul olduğu haqda ittihama cavab olaraq Lena Nazaryan qeyd edib:
“Cəmiyyətlə əlaqə çox vacibdir. Müzakirələr gedir, insanlar təkliflər verir, biz onları ya qəbul edirik, ya da etmirik, bu əsasda başqa təkliflər yaranır, problemin həlli tapılana və bütün narahatlıqlar keçənə qədər”.
Deputat hesab edir ki, bu problem çoxdan müzakirə üçün yetişib: sürücülər narazı idi və bu təklif sadəcə hansısa adamların gözləntilərini təmin etmək məqsədi daşımır.
“Vətəndaş sazişi” partiyasının başqa nümayəndəsi Hayk Tsirunyan bidirir ki, 8 il əvvəl radarlar quraşdırılanda o özü də şikayətlənib, bununla belə bir “incə nüans” görür:
“Vəziyyət elə gətirib ki, mən bir neçə il Kiyevdə yaşamışam və orada sükan arxasına keçəndə anladım ki, tam başqa sürücülük mədəniyyəti mövcuddur. Orada radarlar yoxdur, demək olar ki, YPX maşını gözə dəymir, amma yol hərəkəti idealdır, heç kim əsassız qayda pozmur, insanlar bir-birinə hörmət edir, bütün qaydalara uyğun olaraq güzəşt edirlər.
Yerevanda vəziyyət başqadır. İndi çox şey dəyişib – insanların bir-birinə hörməti artıb, amma yenə də hələ ki, sürücülük mədəniyyətinin olmadığı aydın sezilir, kobudluq, siqnal… Radar olmayan yerdə insanlar qarşı yolla 180 km/saat sürətlə gedir. Sürət radarlarını Yerevanda yığışdırmaq olmaz.
Kameralar qalmalıdır, amma qayda pozuntularının qeydiyyat məntiqini dəyişmək lazımdır: xətlərin üzərindən keçmək və digər xırda “korrupsiya” pozuntuları qeydə alınmamalıdır, cərimələrin həcmi isə azaldılmalıdır”.