Ermənistanda hərbi vəziyyət rejimi ləğv edilib – müharibə bitəndən 4 ay sonra
Ermənistan parlamenti 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar başlayandan elan olunan hərbi vəziyyətin ləğvi haqda qərar qəbul edib. Hərbi əməliyyatlar noyabrın 10-da Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli bəyanat imzalaması ilə başa çatıb.
Bundan sonra Ermənistanın parlament müxalifəti üç dəfə hərbi vəziyyəti ləğv etməyi təklif edib. Amma mandatların çoxuna sahib olan “Mənim addımım” iqtidar fraksiyası müxalifətin təşəbbüsünə qarşı çıxıb. Bununla belə hərbi vəziyyət dövründə nəzərdə tutulmuş əsas məhdudiyyətlər 2020-ci ilin dekabrında aradan qaldırılmışdı. Yalnız baş nazirə etimadsızlıq votumuna qadağa qalmışdı.
Nəticədə hərbi əməliyyatlar bitəndən dörd ay sonra hərbi vəziyyətin ləğv edilməsi haqda qərar qəbul edilib. Təşəbbüs yenə də parlamentdə təmsil olunan müxalif fraksiyalardan – “Çiçəklənən Ermənistan” və “Maariflənmiş Ermənistan” partiyalarından gəlib.
Rejimin ləğv edilməsinin “lehinə” 118 deputat səs verib, sadəcə bir nəfər əleyhinə olub, bir nəfər isə bitərəf qalıb.
Vəziyyətin bütün detalları, niyə iqtidar qüvvəsi nəhayət hərbi əməliyyatın ləğv olunmasına razılaşıb?
- Ermənistan SQ Baş Qərargahının köhnə yeni rəisi vəzifəsinin icrasına başlayıb
- Tarix açıqlandı: Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək
- Siyasi qeyri-stabillik, işsizlik, Qarabağ münaqişəsi – Ermənistanın üç əsas problemi
Layihənin müzakirəsi
Hərbi vəziyyətin ləğv edilməsi haqda qanun layihəsini parlament iclasında müxalif “Maariflənmiş Ermənistan” fraksiyasının lideri Ermon Marukyan təqdim edib:
“Hərbi vəziyyət müxalifətin hüquqlarını, ölkədə demokratiyanı məhdudlaşdırır, yerli özünüidarə orqanlarına seçki keçirmək mümkün deyil”.
Öz növbəsində parlamentin spikeri Ararat Mirzoyan qeyd edib ki, hərbi vəziyyətin ləğv edilməsi təşəbbüsünün hökumət tərəfindən irəli sürülməsi daha məqsədəuyğun olardı. Amma müxalifət cəmi bir neçə gün əvvəl layihəni gündəliyə saldığı və siyasi razılaşmalar olduğu üçün “müxalifətə güzəştə getmək olar”.
Siyasi razılaşmalar haqda danışarkən spiker baş nazir və parlamentdə təmsil olunan müxalifət partiyalarının liderləri ilə növbədənkənar seçkilərin keçirilməsi haqda kompromisə gəldiyini nəzərdə tutur.
Nikol Paşinyan bildirib ki, seçki iyunun 20-də keçiriləcək və xalq hakimiyyətdə kimin olmasına qərar veərcək. Buna qədər baş nazir dəfələrlə bildirib ki, sadəcə müxalifətin tərəfdarlarının tələbi ilə istefa verməyəcək, çünki bu vəzifəyə xalqın iradəsi ilə gəlib.
Hərbi vəziyyət zamanı məhdudiyyətlər haqda
2020-ci ilin dekabrında hərbi vəziyyət dövründə nəzərdə tutulan aşağıdakı məhdudiyyətlər aradan qaldırılıb:
- mitinqlərin və tətillərin təşkilinə, keçirilməsinə və onlarda iştiraka qadağa;
- vətəndaşların, xüsusən də 18 yaşdan 55 yaşa qədər kişilərin hərəkətinə qoyulan məhdudiyyətlər;
- ölkəyə xüsusi giriş-çıxış rejimi;
- mediada dərc olunanlarla bağlı məhdudiyyətlər.
Bununla belə müxalifət hələ noyabrda Ermənistan tərəfi üçün sərfəli olmayan razılaşmanı imzalayan baş nazirin istefası tələbi ilə etiraz aksiyalarına başlamışdı. Üçtərəfli razılaşma imzalayandan dərhal sonra Yerevanda izdihamlı mitinqlər v yürüşlər keçirilirdi.
Bundan başqa, fevralın 25-dən müxalifətçilər paytaxtın mərkəzində Baqramyan prospekti tərəfdən parlamentin girişini bağlayıb və burada çadırlar quraraq, gecə-gündüz fasiəliz aksiya keçiriblər. Martın 9-dan onlar Milli Məclisin Dəmirçiyan küçəsi tərəfdən ikinci girişini də bağlayıbıar.
Odur ki, martın 24-də parlament qalan yeganə qadağanı – baş nazirə etimadsızlıq votumuna qoyulan qadağanı aradan qaldırıb.
Ekspert rəyi
Politoloq Qrant Mikaelyan deyib ki son 365 gün ərzində, 2020-ci il martın 24-dən 2021-ci il martın 23-ə qədər Ermənistan aşağıdakıları yaşayıb:
- 172 gün koronavirusa görə elan olunan fövqəladə vəziyyət,
- 178 gün hərbi vəziyyət
- 15 gün bu məhdudiyyətlərin qüvvədə olmadığı normal hüquqi rejim.
“Yekun olaraq Ermənistan ilin 47.1%-ni FH şəraitində 48.8%-ni hərbi vəziyyətdə və 4.1%-ni insan hüquqları məhdudlaşdırılmadan yaşayıb. İnsan haqlarını məhdudlaşdıran xüsusi hüquqi rejimlərinin cəmi isə ilin 95.9%-ni təşkil edib”.
Ekspertin fikrincə, heç bir halda hakimiyyət FH-nin elan olunmasına səbəb olan məqsədə çatmayıb:
“Kovidlə mübarizə ümidsizcə uğursuzluğa uğrayıb, müharibədə isə fəlakətli məğlubiyyətə məruz qalıblar”.
“Niyə hərbi vəziyyəti məhz indi ləğv etmək qərarına gəliblər” sualına cavab verərkən Qrant Mikaelyan iki səbəbi qeyd edib:
“Yarım illik müddətinin bitməsi yaxınlaşdığından, onun uzadılmasının [qanunvericiliklə] tələb olunması kimi aşkar, lakin tətbiqi müşkül amildən başqa, daha bir aspekt var. Hərbi vəziyyət zamanı SQ Baş Qərargahı müdafiə sahəsində əsas orqandır, dinc zamanda isə Müdafiə Nazirliyinə tabe olur.
Baş Qərargah de-fakto neytrallaşdırıldığı üçün [baş nazirin istefasını tələb edən Baş Qərargah rəisi istefaya göndərilib, yeni rəis təyin edilib, o da artıq bəyan edib ki, hərbçilər siyasi proseslərə cəlb olunmayacaqlar] onu de-yure neytrallaşdırmaq zamanı da çatıb”.