Rusiya Ermənistanda kimi sevəcək? Daxili siyasi mübarizə ilə Kremllə münasibətlər arasında əlaqə
Koronavirus səbəbindən elan edilmiş fövqəladə vəziyyət rejiminə baxmayaraq, Ermənistanda daxili siyasi həyat qaynayır. Ölkədə siyasi gərginlik güclənir. Müxalifət hakimiyyətə öz iradlarını bildirir, ələlxüsus onu Ermənistan-Rusiya müttəfiq münasibətlərinin pisləşməsində ittiham edir.
2018-ci ilin “məxməri” inqilabından sonra hakimiyyətə gəlmiş Ermənistan hökumətiin ölkənin suverenliyinin möhkəmləndirilməsi, öz xarici siyasətinin qurulması və xarici təzyiqə müqavimət göstərilməsi cəhdlərini müxalifətin bir hissəsi “anti-Rusiya fəaliyyəti” kimi qiymətləndirir.
Ermənistanın daxili siyasi həyatında nə baş verir, bu Ermənistan-Rusiya münasibətləri ilə necə əlaqəlidir və ümumiyyətlə, əlaqəlidirmi – siyasi icmalçı Akop Badayan şərh edir.
- Əksəriyyət Ermənistanın baş nazirinin fəaliyyətini bəyənir: GALLUP International-ın sorğusu
- Eks-prezidentlərin görüşü: Ermənistanda Serj Sarqsyan və həbsdən azad edilmiş Robert Koçaryan görüşüblər
- Ermənistan baş nazirinin Qələbə paradında iştirakdan imtina etməsi Moskvanı küsdürməyib
Rusiyanın himayəsi uğrunda mübarizə
Ermənistanın daxili siyasi həyatının inqilabdan sonrakı mərhələsi siyasi mübarizə mərhələsinə keçib. Bu və ya digər şəkildə inqilabi prosesə cəlb olunmuş qüvvələr, öz şəxsi maraqlarından çıxış edərək, növbəti parlament seçkiləri öncəsi fəal mübarizəyə başlayıblar, halbuki seçkilər 2023-cü ilə təyin edilib.
Buna paralel olaraq, Ermənistanda Ermənistan-Rusiya münasibətlərinə yenidən baxılması prosesi gedir ki, bu iki proses kifayət qədər sıx qarşılıqlı əlaqədədir.
Ermənistan həmişə Rusiya maraqlarının nüfuz dairəsində olub və böyük hesabla ölkədəki daxili siyasi həyat hər zaman Ermənistan-Rusiya münasibətlərinin bir növ kölgə prosesi olub.
Ermənistandakı bütün daxili siyasi mübarizəni, müqaviməti və ya rəqabəti erməni suverenliyi və Rusiyanın fövqəldövlət maraqları arasında mübarizə prizmasından nəzərdən keçirmək lazımdır.
Rusiya elitası heç vaxt müstəqil xarici siyasətini quran Ermənistanı təsəvvür edə bilməyib və təsəvvür edə bilməz. Ermənistanda isə, etiraf etmək lazımdır ki, hər zaman elə qüvvələr olub ki, Rusiyaya loyallıqlarını nümayiş etdirmək üçün əllərindən gələni ediblər və sübut ediblər ki, onlar Rusiyanın maraqlarını başqalarından daha yaxşı təmin edə bilərlər.
Bu cür yanaşma apolitik, dövləti düşüncəsi və ənənələri olmayan elitalara və cəmiyyətlərə xasdır. Başqa sözlə, insanlar müstəqil subyekt olmaq imkanına can atmırlar, hər hansı bir güclü mərkəz axtarırlar ki, bu mərkəz onlara daxili siyasi meydanda dominant mövqeləri (pul, hakimiyyət) təmin etsin.
Rusiya imperializmi və erməni “mən”i
Zaman dəyişir və bu gün biz Ermənistan-Rusiya münasibətlərinə yenidən baxılmasının şahidi oluruq.
“Məxməri” inqilabdan sonra Ermənistan hakimiyyəti hər iki dövlətin suverenliyinin qarşılıqlı tanınması və hər bir ölkənin daxili işlərinə qarışmamaq prinsipini irəli sürməyə başladı.
Eyni zamanda, qüvvələr var ki, manipulyasiyalarla bu prosesi Ermənistan-Rusiya münasibətlərinin kəskinləşməsi kimi təqdim etməyə cəhd edirlər.
Müxtəlif məsələlərlə spekulyasiyalar edilir, misal üçün, bunlara Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətlərinin maraqlarına da təsir etmiş korrupsiya əleyhinə proseslər aiddir. Yeni hökumətin inqilaba qədər fəaliyyətdə olan korrupsiya sxemlərindən imtina etməsini Nikol Paşinyanın əleyhdarları Qərbin sifarişi ilə Rusiya şirkətlərinin Ermənistan bazarından çıxarılması cəjdi kimi təqdim edirlər.
Hakim heyətinin qeyri-legitimliyini əsas gətirərək, hakimiyyətin buraxılmasına çalışdığı Konstitusiya məhkəməsi ətrafında baş verən proses də manipulyasiyalar üçün səbəbə çevrilib. Ermənistan-Rusiya münasibətlərinin formatının dəyişməsini istəməyən Rusiya elitası, siyasi və iqtisadi dairələr keçmiş hakimiyyət dövründə seçilmiş Konstitusiya məhkəməsinin üzvlərinin istefası mövzusundan Ermənistana təzyiq aləti kimi istifadə edirlər.
Ermənistan hakimiyyəti dəfələrlə bildirib ki, Rusiya ilə münasibətlər qarşılıqlı faydalı ümumi maraqlara əsaslanmalıdır vı bu, hamının ürəyincə deyil. Rusiya elitasının nümayəndələri Ermənsitanın vassal statusundan maliyyə və siyasi məqsədləri üçün istifadə edirlər. Onlar Ermənistanda fəaliyyətdə olan hökumətin “Rusiyanın əleyhinə” olması haqqında tezisi tez-tez irəli sürən bəzi qüvvələrin dəstəyindən yararlanırlar.
Bu yaxınlarda “Çiçəklənən Ermənistan” partiyasının lideri və Ermənistanın ən varlı şəxslərindən biri olan Qagik Tsarukyan “anti-Rusiya münasibətlərinin” kəskinləşdiyini bildirib və vurğulayıb ki, bunun arxasında anti-dövlət və anti-erməni qüvvələr dayanır və o, əlindən gələni edəcək ki, Rusiya əleyhinə əhval-ruhiyyənin artmasının qarşısını alsın.
Şəxsi maraqların müdafiəsində
Bu cür oyun bir dəfə artıq oynanılmışdı, o zaman Serj Sarqsyanın prezidentliyi dövründə qvvələrin eyni nisbətində Ermənistan avrointeqrasiya istiqamətində hərəkət edirdi, “Çiçəklənən Ermənistan”ın rəhbərlik etdiyi qeyri-iqtidar qütbü isə ölkəni fəal şəkildə bu yoldan çəkindirirdi. Nəticədə, Ermənistan Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi imzalamaqdan imtina etdi və Rusiyanın liderliyi ilə fəaliyyət göstərən Avrasiya iqtisadi ittifaqına daxil oldu.
Lakin indi Ermənistanda legitim hakimiyyət var və o, böyük ictimai dəstəyə malikdir və köhnə dünya düzəninin dağıldığı, yenisinin formalaşdığı şərtlər daxilində o, öz maraqlarını irəli aparmalıdır. Bu yeni vəziyyətdə 5 və ya 10 ildən sonra elə həmin Rusiyanın başına nələrin gələcəyi məlum deyil, həmin dövlət regionda eyni imkanlara malik olacaqmı, Ermənistan üçün hər hansı müdafiə sədlərini təmin edə biləcəkmi.
Ermənistan xarici siyasətini elə qurmalıdır ki, bir tək Rusiyanın dəstəyindən asılı olmasın, ələlxüsus o Rusiyanın ki, indiyə qədər də ötən əsrdə imzalanmış və erməni torpaqlarının paylaşdırılmasına səbəb olmuş Rusiya-Türkiyə müqavilələrinə sadiq qalır. Həmin Rusiyanın ki, Azərbaycana milyardlarla dollar dəyərində silah satdı və bu da 2016-cı ilin aprel müharibəsinə gətirib çıxardı.
Bizdə zəmanət yoxdur ki, sabah da Rusiya Türkiyə ilə bizim hesabımıa razılaşmaya getməyəcək, buna görə də, Ermənistan-Rusiya münasibətlərinə ümumi maraqlar əsasında yenidən baxılması gündəmdə olan məsələdir.
Ermənistanın Rusiya ilə strateji tərəfdaşlığa ehtiyacı Rusiyanın Ermənistanla strateji tərəfdaşlığa olan ehtiyacı qədərdir. Hər iki tərəf üçün bərabərhüquqlu münasibətlərin alternativi yoxdur.
Burada o da çox vacibdir ki, münasibətlərin bərabərləşməsinin əleyhinə olan qüvvələrə Ermənistanda və Rusiyada nə qədər müqavimət göstərə biləcəklər. Maraqlarımız nəzərə alınmasa, bizimlə hesablaşmasalar, bu, ona gətirib çıxara bilər ki, Rusiya Ermənistanı itirəcək.