Ermənistan prezidenti Nyu-Yorkda “Şərq-Qərb” institutunun nüfuzlu mükafatını aldı
Ermənistan prezidenti Armen Sarkisyan Nyu-Yorkda “Şərq-Qərb” institutunun mükafatına layiq görülüb. Dövlət xadimi kimi ona institutun həmtəsisçisi, amerikalı diplomat Con Edvin Mroz adına mükafat təqdim olunub. Bu mükafat “liderlik və təşəbbüskarlığa” görə verilir.
Ermənistan prezidenti nə ilə fərqlənir
Mükafat Armen Sarkisyana “onun çoxillik dövlət xadimi karyerasına və şəxsi nailiyyətlərinə, həmçinin ümumdünya inkişafında əhəmiyyətli roluna görə” təqdim edilib. “Şərq-Qərb” İnstitutunun Direktorlar şurasının sədri Ross Pero təntənəli mərasimdəki çıxışında deyib:
«Ermənistanın dəyişikliklər keçirdiyi bu dövrdə Sarkisyana sabitliyi təmin etmək və öz ölkəsinə öz baxışlarını təqdim etmək həvalə olunub və biz əminik ki, bu daha demokratik və çiçəklənən gələcəyə gətirib çıxaracaq.
“Şərq-Qərb” institutu bizim günlərin problemlərinin tənzimlənməsinə və gələcək çağırışlara hazırlığa novator və yaradıcı həllərin inkişafına sadiq qalır. Sarkisyan kimi şəxsiyyətlər səylərimizi mümkün edir”.
Prezident Sarkisyan dünyanın “beyin mərkəzləri”ndən (think tank) birinin nüfuzlu mükafatına görə minnətdarlığını bildirib:
«21-ci əsrdə daha cəld olanların, gənclərin – yaşından asılı olmadan daha enerjililərin yeni ideyalari, yeni tədqiqatları hər şeyi müəyyənləşdirəcək. 21-ci əsr belə olacaq və siyasət də başqa cür həyata keçiriləcək. İnanıram ki, 21-ci əsr Ermənistanın əsridir və buna müvafiq olaraq, güman edirəm ki. biz qalib olacağıq. Erməni xalqının bir hissəsi olduğuma görə şadam…
Bu gözəl mükafat mənə xatırladacaq ki, hələ çox şey edilməlidir… Üzərimə öz xalqıma və ölkəmə xidmət etmək vəzifəsi qoyulub – o ölkəyə ki, 21-ci əsrdə dünyada aparıcı ölkələrdən biri olacaq”.
“Şərq-Qərb” institutunun mükafatına ABŞ prezidenti Corc Buş, ABŞ dövlət katibi Henri Kissincer, Çexiya prezidenti Vatslav Havel, Almaniya kansleri Helmut Kol kimi keçmişin məşhur siyasi xadimləri layiq görülüb.
Nyu-Yorkdan qayıtdıqdan sonra Armen Sarkisyanın qarşısında nələr durur
Armen Sarkisyanın Nyu-Yorka səfəri Ermənistanda siyasi böhranın başlanması ilə üst-üstə düşdü. Parlament “Milli yığıncağın reqlamenti haqqında” qanuna dəyişiklikləri qəbul etdi ki, bunlar növbədənkənar parlament seçkilərinin keçirilməsini çətinləşdirəcək. Onların keçirilməsində baş nazir Nikol Paşinyan israr edir.
Növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruriliyi onunla izah edilir ki, parlamentin hazırkı tərkibi siyasi qüvvələrin real vəziyyətini əks etdirmir, legitim deyil və xalqın iradəsini əks etdirmir.
Həmçinin saytda oxuyun: Keçmiş hakim partiya parlament üzərində nəzarəti necə əlində saxlamaq və növbədənkənar seçkilərə imkan verməmək istədi
Ermənistandakı yaz inqilabı günlərində olduğu kimi baş nazir yenə on minlərlə tərəfdarını küçələrə çıxardı və keçmiş hakim Respublikaçılar Partiyasından olan deputatlarla danışıqlara yollandı. Belə ki, məhz onlar növbədənkənar seçkilərin keçirilməsini qeyri-mümkün edən düzəlişlərin qəbulunu təşkil etmişdilər.
Danışıqlardan sonra baş nazir onu gözləyən çoxminlik nümayiş iştirakçılarına bildirdi ki, şifahi razılıq əldə edilib – keçmiş iqtidar və onun indiki tərəfdarları seçkilərin keçirilməsinin qarşısını almayacaqlar. Lakin Respublikaçılar Partiyasının nümayəndələri ertəsi gün bildirdilər ki, heç bir razılıq əldə olunmayıb.
Həmçinin saytda oxuyun: Ermənistanda siyasi böhranın səbəbləri və ondan çıxmaq yolları
Elə bir vəziyyət yaranıb ki, seçkilərin taleyi prezident Armen Sarkisyanın əlindədir. O, qanun layihəsini imzalayarsa, qüvvəyə minəcək. Bundan isə mandatlarının qorunub saxlanması üçün düzəlişləri qəbul etmiş parlament qüvvələri istifadə edəcək.
Lakin hazırda Ermənistanda prezidentin başqa mümkün addımı da fəal müzakirə olunur. O, qanun layihəsini rədd edə və onu konstitusiyaya müvafiq olub-olmadığını nəzərdən keçirmək məqsədilə Konstitusiya Məhkəməsinə göndərə bilər. Bu zaman isə kifayət edəcək ki, parlament buraxılsın və növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olunsun.
Armen Sarkisyan hansı mövqeyi tutur
Armen Sarkisyan artıq bildirib ki, Ermənistana qayıtdıqdan sonra siyasi qüvvələrlə müzakirələrə başlamağa hazırlaşır.
Sarkisyanın qanun layihəsini imzalayıb-imzalamayacağı məsələsi Ermənistan mediasında da müzakirə edilir.
“Lragir” nəşrinin siyasi icmalçısı Akop Badalyan güman edir ki, Erməmnistan prezidenti qanun layihəsini dəstəkləyəcəyi təqdirdə dövlət əleyhinə hərəkət etmiş olacaq:
“Armen Sarkisyan bu qanun layihəsini imzalayarsa, faktiki olaraq həmin mükafatı dəyərdən salacaq. Dövlət xadimi dövlət əleyhinə fəaliyyət göstərən xadimlərin təşəbbüskarı olduqları qanun layihəsini imzalaya bilməz”.
Ekspert hesab edir ki, ölkə prezidenti belə addıma getməyəcək, çünki bu, ölkədə siyasi böhranın dərinləşməsinə gətirib çıxaracaq.
Armen Sarkisyan necə Ermənistan prezidenti oldu
Armen Sarkisyan ümumxalq səsverməsi nəticəsində deyil, parlament deputatları tərəfindən prezident seçilib. Onun namizədliyini Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan – Ermənistan Respublikaçılar Partiyasının lideri irəli sürüb.
İnqilab günlərində Armen Sarkisyan müxalifətçi deputat və etiraz hərəkatının lideri Nikol Paşinyanla Serj Sarkisyan arasında danışıqlarda vasitəçi olmuşdu.