Ermənistan: koronavirus söz azadlığına qarşı
Cəmiyyətin təzyiqi ilə hökumət fövqəladə vəziyyət dövründə medianın işi ilə bağlı sərt məhdudiyyətlərdən imtina edib
Koronavirusun sürətlə yayılması ilə bağlı Ermənistan hökuməti martın 16-dan ölkədə fövqəladə vəziyyət elan edib. Qərara əsasən, bütün başqa qadağalarla yanaşı jurnalistlərin fəaliyyəti, hətta sosial şəbəkə istifadəçilərinin paylaşımları ilə bağlı da məhdudiyyətlər nəzərdə tutulmuşdu.
Koronavirusla bağlı rəsmi məlumatdan başqa bütün materialların yayılması qadağan edilmişdi. Bu qərar nəinki təəccüb, həm də qəzəb doğurmuşdu – həm Ermənistanın jurnalistlər cameəsində, həm də ümumilikdə cəmiyyətdə.
Nə qadağan edilmişdi?
● Koronavirus haqda istənilən məlumat, məsələn: Ermənistanda və ölkə hüdudlarından kənarda yoluxanların və təcrid olunanların sayı, yeni yoluxma halları, yoluxma mənbələri, pasiyentlərin səhhəti ilə bağlı informasiya komendantlığın – hökumət tərəfindən fövqəladə vəziyyət dövründə situasiyanı nəzarətdə saxlamaq üçün yaradılmış strukturun təqdim etdiyi məlumatlara əsaslanmalıdır.
● Qərarda həmçinin „əhali arasında təşviş doğura bilən məlumatlar” haqda da qeyd yer alıb. Üstəlik məhz hansı informasiyanın bu təsbitə uyğun olduğu aydın göstərilməyib və bu da jurnalistləri hədsiz narahat edib.
- Ermənistan: layihə haqda – fövqəladə vəziyyət zamanı karantin pozucuları necə cəzalandırılıcaq?
- Biznesə faizsiz kreditlər – Ermənistan hökumətinin böhrandan çıxmaq üçün yardımı
- Ermənistan, koronavirus: insanlar necə və nə ilə dolanır – baş nazir telefonla soraqlaşıb
Fövqəladə vəziyyət tətbiq olunandan dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, məhdudiyyətlər sırf koronavirus haqda xəbərlərə aid ediləcək:
„Media məhdudiyyətləri başqa məsələlərə şamil edilməyəəck. Jurnalistlərin fəaliyyəti ilə bağlı heç bir başqa məhdudiyyət olmayacaq. Apardığı siyasətlə bağlı hökumətin ünvanına tənqid, hətta ittiham qadağa altına düşməyəcək”.
Bunun ardınca gələn sərt tənqid Nazirlər Kabinetini bəzi dəyişikliklərə getməyə məcbur etdi. Məsələn, əvvəlcə qərara alındı ki, aşağıdakı mənbələr tərəfindən dərc edilən və ya təqdim olunan informasiyaya məhdudiyyət şamil edilməyəcək:
- rəsmi şəxslər,
- xarici ölkə rəhbərləri,
- beynəlxalq qurum və onların təmsilçiləri,
- Ermənistanda akkreditasiyadan keçmiş diplomat və beynəlxalq təşkilat nümayəndələri.
Redaksiya dərc olunandan sonra irad bildirilən informasiyanı gün ərzində silməyəcəyi təqdirdə 100-400 min dram (təxminən 200-800 dollar) həcmində cərimə ödəməli olacaq.
Məhdudiyyət misalları və jurnalistlərin reaksiyası
Fövqəladə vəziyyət qüvvəyə minəndən dərhal sonra komendantlıq rəsmi mənbələrə əsaslanmayan məlumatların silinməsi tələbi ilə redaksiyalara müraciət etməyə başlayıb. Məsələn, „Qraparak” qəzeti bir neçə belə tələb alıb.
O cümlədən də koronavirus səbəbilə evdən bağlama, o cümlədən də siqaret ala bilməyən məhbusların narazılıqları haqda məqalə ilə bağlı.
Hökumət koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkənin qapalı müəssisələrinə bağlama qəbulunun qadağan olunması haqda qərar verib. Bu informasiya ictimaiyyətə açıq olub. Qəzetlərdən biri irəli sürülmüş tələbi yerinə yetirərək həmin xəbəri silib.
„Aravot” qəzeti də komendantlıqdan qadağa məktubu alıb. Nəşrin baş redaktoru Anna İsraelyan rusiyalı politoloq Vladimir Soloveylə koronavirus haqda müsahibəni redaktə etməli olub:
„Müsahibədə bəzi problemli məqamlar vardı, amma biz yalnız ekspertin Rusiyada yoluxmaların real miqyasının gizlədildiyinə dair dediklərini yenidən dərc etdik. Eyni materialda biz baş nazir Paşinyanın bəzi ölkələrin dəqiq rəqəmləri açıqlamadığı haqda sözlərindən sitat gətirmişdik. Material dərc olunandan sonra mənə polisdən zəng gəldi. Bu günlərdə biz evdən işləyirik. Polis nümayəndəsi telefonda məqaləni silməyimi tələb etdi. Əks halda 500 min dram həcmində cərimə ödəmək lazım gələcəkdi”.
Komendantlıq bir çox media qurumlarını dərc edilən materialları silməyə məcbur edib, amma heç də hamı tələbi yerinə yetirməyə tələsməyib. Hər yeni bu cür hadisə ilə media aləmində narazılıq da böyüyüb. Jurnalistlər və ekspertlər açıq şəkildə bildirirdilər ki, hakimiyyət əsassız olaraq söz azadlığının məhdudlaşdırılmasına əl atıb.
10 jurnalist təşkilatı birgə bəyanat paylaşaraq hökuməti və komendantlığı medianın işinə tətbiq olunan məhdudiyyətləri „dərhal qüvvədən düşmüş kimi tanımağa” çağırıblar.
Yerevan press-klubunun rəhbəri Boris Navasardyan əmindir ki, hakimiyyət xüsusi ehtiyac olmadan sərt və əsassız addımlar atıb:
„Ermənistandakı vəziyyətin dəyərləndirilməsi heç bir sərt tədbirə lüzum görmürdü. Hər hansı məhdudiyyətsiz keçinmək olardı. Hətta əgər lazım idisə də, məhdudiyyətlər yumşaq ola, bu və ya digər informasiyanın yayılmasına şamil edilməyə bilərdi”.
Bunun ardınca nə oldu?
Komendantlığın qadağası yalnız kütləvi narazılığa səbəb olmayıb, həmçinin çox sayda kazuslara gətirib çıxarıb. Məsələn, Ermənistan resursları beynəlxalq nəşrlərin məşhur insanların yoluxması haqda informasiyalarını təkrar dərc edə bilməyəcək vəziyyətə düşüb.
Ümumdünya Səhiyyə Təşkilatı yoluxanlar və ölənlər haqda məlumatları digər etibarlı mənbələrə nisbətən daha gec yeniləyir. Nəticədə Ermənistan mediası ya köhnə göstəriciləri verməli, ya da ümumiyyətlə statistikanın dərcindən imtina etməli olurdu.
O yerə çatıb ki, məmurlar qanunu pozmağa başlayıblar. Məsələn, Ermənistanın Razdan şəhərinin meri sosial şəbəkədəki şəxsi səhifəsində şəhərdə ilk yoluxma halı haqda məlumat verib, halbuki buna ixtiyarı yoxdu. Bu informasiyanı komendantlıq təqdim etməli idi.
Cəmiyyətin təzyiqi hökuməti bu qərarı yenidən nəzərdən keçirməyə vadar edib. Və bu dəfə qərar kifayət qədər yumşaldılıb.
İndi yoluxanlar, təcrid olunanlar və özünütəcrid rejiminə keçən Ermənistan vətəndaşları haqda, epidemioloji vəziyyət barədə istənilən materialların dərcinə icazə verilir. Amma əgər komendantlıq bununla bağlı təkzib və aydınlıq gətirən açıqlama ilə çıxış edərsə, media orqanları açıqlamanı alandan iki saat ərzində dərc etməlidir.
Ermənistan nəşrləri artıq koronavirus haqda beynəlxalq mediada gedən materialları da başlıqda söhbətin hansı ölkədən getdiyini göstərməklə təkrar dərc edə bilərlər.
Hökumət həmçinin əhalidə təşviş doğuran materiallar haqda müddəanı da ləğv etmək qərarına gəlib. Bu dəyişiklikləri jurnalist təşkilatları fövqəladə vəziyyət şəraitində obyektiv və yetərli hesab ediblər. Baxmayaraq ki, qadağan olunmuş informasiyanı bir sutka ərzində silməkdən imtinaya görə minimal əməkhaqqının 500-1000 misli qədər (1000-2000 dollar) iri həcmdə cərimə nəzərdə tutan müddəa olduğu kimi qalıb.
„Şükür tanrıya ki, bu məhdudiyyətlər uzun müddət qüvvədə qalmayıb. Dəyişikliklər jurnalistlərin işi üçün münbit şərait yaradır. Hətta əgər məhdudiyyətlər varsa da, bunlar məntiqlidir və koronavirus mövzusunun maneəsiz işıqlandırılmasına əngəl törətmir”, – Söz Azadlığı Komitəsinin sədri Aşot Melikyan hesab edir.
Məhdudiyyətlərin səbəbi aydın deyil
Media ekspertləri, jurnalistlər və beynəlxalq təşkilatlar hökumətin niyə söz azadlığını məhdudlaşdırmaq yoluna əl altdığının müzakirəsini davam etdirirlər.
„Yerkir Media” teleşirkətinin informasiya və ictimai-siyasi proqramlar direktoru Geqam Manukyan güman edir ki, hakimiyyət medianı koronavirusla mübarizədə özünə maneə hesab edib, halbuki jurnalistlər əməkdaşlığa hazır olub:
„Ən başından, fövqəladə vəziyyət elan ediləndən artıq çətin idi. Çünki mətbuat komendantlıq və ya hakimiyyət tərəfindən hədəfə alınmışdı, çox az ölkədə belə olmuşdu. İkincisi isə idarəçilik təcrübəsizliyi məqamı oldu, nə zaman ki, söhbətin nədən getdiyini anlamırdılar. Odur ki, belə aydın olmayan təlimatlar verdilər, çünki özləri də anlamırdılar ki, mətbuat necə işləməlidir. Media da necə davranacağını anlamırdı”.
Hökumətin qərarı ATƏT-in də mənfi reaksiyasını doğurub.
ATƏT-in mətbuat azadlığı məsələləri üzrə nümayəndəsi Harlem Dezir bəyan edib ki, təşvişin qarşısını almaq üçün və epidemiya zamanı dezinformasiya ilə mübarizə istiqamətində hökumətin atdığı addımlara anlayışla yanaşır:
„Eyni zamanda media ictimaiyyətə mühüm informasiyanın ötürülməsi və epidemiya haqda yalan xəbərlərlə mübarizə məsələsində həlledici rola sahibdir. Qanun jurnalistlərin işinə mane olmamalıdır. Yalnız hakimiyyətin təqdim etdiyi məlumatların ictimailəşdirilməsi hədsiz buxovlayıcı tədbirdir və bu, media azadlığının və informasiyanın əlçatımlığının məhdudlaşdırılması deməkdir”.
Yerevan press-klubunun rəhbəri Boris Navasardyan hesab edir ki, bu vəziyyət beynəlxalq təşkilatların illik hesabatlarında və Ermənistanda söz azadlığı indeksində əks oluna bilər.