Ermənistanda tezliklə bərbərə getmək və kafedə oturmaq mümkün olacaq – fövqəladə vəziyyət komendantının proqnozu
Koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır, amma hadisələrin inkişafını proqnozlaşdırmaq mümkün deyil. Bu, Ermənistanın baş nazirinin müavini, fövqəladə vəziyyət komendantı Tiqran Avinyanın fikridir.
Martın 16-dan elan olunan fövqəladə vəziyyət rejimi mayın 14-ə qədər qüvvədə olmalıdır. Amma indidən karantin qaydalarında yumşalmalar başlayıb və növbəti on gün müddətində bərbərxanalar, açıq havada kafelər və daha çox müəssisə işə düşəcək.
Koronavirusla mübarizə prosesinin qiymətləndirilməsi – nə alınıb, nə alınmayıb. Hökumətin arqumentləri.
- Ermənistan: koronavirusa görə biznes nə dərəcədə ziyan çəkəcək, fövqəladə vəziyyətdən sonra iqtisadiyyatı nələr gözləyir?
- Gürcüstan: turizmin aqibəti necə olacaq?
Kimlər işləməyə başlayacaq və nələrə yenidən icazə verilir?
Mayın 4-dən xidmət sahələri üzərindən qadağanın götürülməsi nəzərdə tutulub.
Əvvəlcə müəyyən təhlükəsizlik tələblərinə əməl olunması şərti ilə bərbərxanalar işləməyə başlayacaq. Daha sonra böyük ehtimalla küçə kafeləri, bir qədər sonra isə qapalı məkanlarda olan kafelər açılacaq.
10 gün müddətində əksər müəssisə və təşkilatlar iş başına qayıdacaq.
Nəqliyyat hərəkəti mayın ortalarına qədər bərpa olunmayacaq, çünki epidemioloqların fikrincə, infeksiyanın ən yüksək yayılma riski məhz nəqliyyatdadır.
Bununla yanaşı komendant xəbərdarlıq edib:
“Biz proqnozlarda ehtiyatlıyıq. Əgər güclü xəstəlik partlayışı olsa, biz ciddi məhdudiyyətlərə geri qayıda bilərik”.
Əgər bu baş versə, Tiqran Avinyan əmindir ki, Ermənistan ümumilikdə səhiyyə sistemini eyni zamanda minlərlə yoluxmuş insanı müalicə edə biləcək səviyyəyə çatdıra bilib.
Ermənistanda fövqəladə vəziyyət rejimi artıq üç dəfə yumşaldılıb.
- Aprelin 14-dən inşaat işlərinə və emal sənayesinin fəaliyyətinə icazə verilib.
- Aprelin 23-dən poliqrafiya, daş emalı, metal konstruksiya istehsalı və maşın təmiri müəssisələrinə işini bərpa etmək imkanı verilib. Həmçinin mobil operatorlar və internet rabitə ofisləri açılıb.
- Aprelin 28-dən vətəndaşların hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb.
Əgər əvvəl ancaq xüsusi ehtiyac olduğu zaman evdən çıxmağa icazə verilirdisə, indi piyada gəzmək, velosiped sürmək olar, amma evdən bir kilometrdən artıq uzaqlaşmamaq şərtilə.
Həmçinin artıq cüt gəzməyə də icazə verilir, eyni ailənin iki üzvü birlikdə evdən yalnız xüsusi ehtiyac olduğu zaman yox, sadəcə gəzməyə də çıxa bilər.
Əhaliyə dövlət tərəfindən hansı yardım edilir?
Karantindən çıxış prosesi ən çox təhlükəsizlik tədbirlərinə və iqtisadi problemlərə toxunur.
Birinci aspektlə bağlı komendant əhalini bundan sonra da sosial məsafəni gözləməyə və gigiyena qaydalarına əməl etməyə, müəyyən situasiyalarda maska və əlcək taxmağa çağırıb.
“Ümumilikdə bu, cəmiyyətdə davranış dəyişikliyinə gətirib çıxaracaq. Və bunlar çətin şərtlərdə yeni yaşam qaydalarına çevriləcək”.
İqtisadiyyata gəlincə, komendantın bildirdiyinə görə, ən böyük ziyanı turizm çəkir.
Ən böyük dəyişikliklər isə onlayn rejimdə xidmət sahəsindəki sürətli islahatlar nəticəsində baş verib.
Ermənistanda onlarla böhran əleyhinə proqram hazırlanıb və onların çərçivəsində vətəndaşlar dövlətdən maliyyə yardımı ala biləcəklər.
Amma bu dəstəyi almaq üçün artıq ofislərə gedib, növbələrdə dayanmağa ehtiyac yoxdur. Dövlətdən yardım almaq imkanlarını evdən çıxmadan öyrənmək mümkündür. Bunun üçün xüsusi sayt yaradılıb – ssa.am, oraya öz məlumatlarını daxil etmək kifayət qədər sadədir.
Tiqran Avinyan bildirib ki, “rəqəmsal xidmətlərin bundan sonra inkişafı hökumətin prioritetləri sırasına daxildir”.
Maliyyə naziri Atom Cancuqazyan bəyan edib ki, “koronavirus epidemiyasından ziyan çəkən bircə nəfər vətəndaş da diqqətdən kənarda qalmayacaq”.
O cümlədən də hələlik hökumətin hazırladığı yardım proqramlarından kənarda qalan qeydiyyatdan keçməyən işçilərin də problemləri həll ediləcək.
Tetst və ağciyərlərin ventilyasiyası aparatlarının istehsalının maliyyələşdirilməsi
Ermənistanın Molekulyar Biologiya İnstitutu diaqnostik testlərin istehsalına başlayır, bunun üçün lazım olan xammal dövlət hesabına alınır.
Həmçinin yaxın zamanda Ermənistanda ağciyərlərin süni ventilyasiyası qurğularının istehsalı da gözlənilir.
“Biz dörd aydan sonra Ermənistanda ağciyərlərin süni ventilyasiyası qurğularının beş prototipinin hazırlanacağını gözləyirik, daha sonra isə ayda 40-60 nümunə istehsal olunacaq”, – baş nazirin müavini bildirib.
Onun fikrincə, yerli şirkətlər beynəlxalq bazara çıxa biləcəklər.