Ermənistan hökuməti koronavirusdan ziyan çəkən turizm sahəsinə yardım edəcək
Turizm sahəsində çalışan şirkətlər Ermənistan hökumətindən yardım alacaq. Söhbət koronavirus pandemiyasına görə gəlirsiz qalan kiçik mehmanxanalar, sanatoriyalar, turizm agentlikləri, turistlərə xidmət, o cümlədən də qida təklif edən şirkətlərdən gedir.
Avqustun 13-də Nazirlər Kabineti koronavirusun sosial-iqtisadi fəsadlarının aradan qaldırılması üzrə növbəti böhran əleyhinə proqram qəbul edib.
Dövlət azı üç əməkdaşı olan və ən geci 2020-ci il martın sonunda yaranan təşkilatları dəstəkləyəcək. Proqram ilk növbədə əməkdaşlarını ixtisara salmayan şirkətlərə hədəflənəcək.
• Ermənistanda koronavirusun fəsadlarının öhdəsindən gəlmək üçün kimə və hansı yardım göstərilir?
• Ermənistan. Bizneslərini koronavirusdan xilas edən üç qadının hekayəsi
Yardımdan kimlər yararlana biləcək?
İqtisadiyyat naziri Tiqran Xaçatryan izah edib ki, dövlət yardımı maaşların ödənməsi üçün qrant qismində veriləcək. Üstəlik, əməkdaşların ixtisarına yol verməyən şirkətlər xüsusi yardım alacaqlar. Məsələn, əgər son bir il ərzində təşkilat ştatlarının 70 faizindən çoxunu saxlaya bilibsə, bu şirkətə hər üç əməkdaşdan birinin və ya 20 faizdən 70 faizə qədərini saxlaya bilibsə, hər dörd əməkdaşdan birinin maaşının ödənməsi hesabı ilə qrant ayrılacaq.
Müddətlərə gəlincə, proqram 2020-ci ilin iyulundan 2021-ci ilin martına qədər olan dövrü əhatə edəcək. Amma əgər şirkətin maliyyə vəziyyəti stabilləşərsə, o zaman dəstək dayandırılacaq. Məsələn, əgər hansısa rüb ərzində təşkilatın dövriyyəsi ötən ilin eyni dövründəki dövriyyəsinin 70 faizini aşarsa.
2019-cu ildə hökumıtin qərarı ilə dəstək almış, məsələn, 50 milyon dramdan (təxminən 104 min dollar) çox ƏDV-i geri qaytarılmış, amma yenə də ştatının yarısından çoxunu ixtisar etmiş şirkətlər yardım ala bilməyəcəklər.
Dövriyyəsini gizlədən və kassa çekləri verməyən müəssisələr də dövlətdən dəstək gözləməməlidir.
“Əgər şirkət kassa nəzarət aparatlarından istifadə qaydalarını pozubsa və bu aktdan şikayət verilməyibsə, bu aydan həmin şirkət proqramdan faydalana bilməyəcək”, – iqtisadiyyat naziri bildirib.
Böhran əleyhinə proqramlar dövlətə neçəyə başa gəlib?
Ermənistan hökuməti koronavirusun fəsadlarının aradan qaldırılması üçün ümumilikdə 24 böhran əleyhinə proqram başladıb. Bu proqramlar biznesə və cəmiyyətin sosial təminatsız təbəqələrinə yardım üçün nəzərdə tutulub.
Avqustun 12-ə qədər bu proqramlara ümumilikdə 144,5 milyard dram (300 milyon dollara yaxın) vəsait ayrılıb – hökumətin iclasında baş nazir Nikol Paşinyan bildirib:
“Onlardan sosial proqramlara artıq 26,2 milyard dram (55 milyon dollara yaxın), iqtisadi proqramlara 17,5 milyard dram (36 milyon dollara yaxın) xərclənib, əlavə 19,9 milyard dram (42 milyon dollara yaxın) banklar vasitəsilə verilib”.