Əbədi tutuquşu və bölüşdürülməsi mümkün olmayan hər şey – Ermənistan-Azərbaycan musiqi irsi
Ermənistanla Azərbaycan arasında 30 ilə yaxın gedən informasiya müharibəsi musiqi sahəsindən də yan ötməyib. Sosial şəbəkələrin istifadəçiləri bu və ya digər xalq mahnısının kimə məxsus olması ilə bağlı səsləri batanadək mübahisə edə bilərlər.
Amma elə musiqi də var ki, onu nə bölüşmək, nə də bir-birinin əlindən almaq olmur. Çünki bu musiqi vaxtilə birgə yaradılıb və indiyədək də “ümumi mülk” olaraq qalır.
Mirasla ötürülən tutuquşu
“Yoldaşlar, salam,
Sizi gördüyümə şadam,
Orda, Qafqaz dağlarında
Mən qoyun otarmışam,
İndi mənim tutuquşum,
Sizə səadət gətirir,
Tutuquşu fal açır,
Tutuquşu oxuyur”
Bu mənadan xali və rus dilinin qaydalarına məhəl qoymayan mahnı vaxtilə Bakı həyatının “saundtrek”lərindən biri olub. Onu 70-80-ci illərdə Bakıda çox məşhur olan Boris Davidyan – bakılı erməni, ara müğənnisi oxuyub. Hərçənd tamaşaçılar onu daha çox Boka ləqəbi ilə tanıyıb (20 iyul 2020-ci ildə Los-Ancelesdə vəfat etdi). O, restoranlarda və toylarda məhz bu ləqəblə çıxış edib.
Bokanın özünəməxsus repertuarı var idi – oğru “ballada”ları və doğma şəhərə sevgi etirafları, qaba zarafatlara qarışmış oğru romantikası. “Rəsmi” sovet səhnəsində bu cür mahnılar səsləndirilə bilməzdi, əvəzində onları istənilən şənlikdə və məhlədə gitaranın müşayiəti ilə eşitmək olardı.
Boka mahnılarının bəzilərini özü qoşub, bəzilərini təkrar oxuyub, bu haqda hələ də mübahisələr dolaşır. Amma onun al bayrağı ifa tərzidir.
Boka əsas etibarı ilə xüsusi aksentlə, – ya Bakı, ya da erməni, – rus dilində oxuyub və yerli ifadələrdən istifadə edib. Nəticədə ortaya çox koloritli bir şey çıxıb.
80-ci illərin sonlarında erməni-azərbaycan münaqişəsi od tutub yananda Boka iki filmdə – Vaqif Mustafayevin “Əclaf” (1988) və Rasim Ocaqovun “Ölsəm, bağışla” (1989) filmində kameo kimi çəkilib. Hərçənd “Ölsəm, Bağışla”da rolu o qədər də kameo deyil. Axı Boris Davidyan filmdə hadisələrin baş verdiyi zamanda heç doğulmayıb da. Odur ki, Ocaqov onu yəqin ki “rəmzi” restoran müğənnisi rolunda çəkib. Boka əslində elə bu cür müğənni olub.
Yeri gəlmişkən, o bu filmdə də “Madam Tutuquşu” mahnısını oxuyur.
90-cı illərdə Boka artıq Bakıdan çox uzaqda yaşayanda Qarabağ müharibəsi bitdi, münaqişə isə qaldı, hər evdə kasetli maqnitofonlar peyda olmağa başladı və orda… elə həmin “Madam Tutuquşu” səsləndi, amma bu dəfə Eyyub Yaqubovun ifasında.
Müğənninin səsi Bokanın səsindən fərqlənsə də, o “elə həmin” Bakı intonasiyalarını əla bənzədirdi. Bokanın repertuarını eyni üslub və janrdan olan yeni mahnılarla zənginləşdirən Yaqubov məhz bu oğru nəğmələrinin hesabına ilk məşhurluğunu qazanıb.
Sonralar Eyyub Yaqubov ciddiləşib və səviyyəli lirikaya keçib. Amma jurnalistlər “erməni mahnıları”nın hesabına özünə ad qazandığını dəfələrlə onun başına qaxınc ediblər. Müğənni isə cavabında deyib ki, bunlar “erməni” deyil, “Bakı”, demək olar ki, folklor mahnılardır və onları oxumaqda qəbahətli heç nə yoxdur.
Boris Davidyan Los-Ancelesdə yaşayırdı, dünyada qastrol səfərlərinə çıxırdı və öz müsahibələrində tez-tez Bakıdan, öz doğma şəhərindən danışır, isti xatirələrini bölüşürdü.
Bakılı pərəstişkarlarsa onun yaradıcılığına sevgi ilə vətənpərvərlik arasında kompromis axtarır. Adətən, bu kompromis onunla izah olunur ki, Boka erməni olsa da özümüzünküdür, bakılıdır. Yəni onu sevmək “olar”.
“Sizə burda
Daha bir nəğmə oxuyacağıq,
Sonra tutuquşu ilə
Evə yatmağa gedəcəyik,
Onun qəlbi sızlayır,
Ona yatmaq lazımdır,
O, təcili çarpayıda uzanmalıdır…”
Yaradıcı ittifaqlar
Daha zərif zövqlü tamaşaçı Bokaya xor baxır, restoranlara getmir, Müslüm Maqomayevi, Rəşid Behbudovu və Mirzə Babayevi dinləyirdi. Hər üç müğənni nəinki Sovet İttifaqında, hətta onun hüdudunda çox məşhurdur, onların kompozisiyaları həm radioda, həm də televiziyada səsləndirlir.
Bu müğənnilərin repertuarını oğru mahnıları ilə bir tutmaq olmaz… Elə götürək “Tacikfilm” kinostudiyasının filmində Rauf Atakişiyev tərəfindən oxunan “Mən bir qızla rastlaşdım” mahnısını. Sonradan bu mahnını Rəşid Behbudov oxuyub və o, uzun illər hit olub.
Məşhur nəğmənin musiqisini isə bəstəkar Andrey Babayev – qarabağlı erməni yazıb. O, 40-cı illərin sonlarında Bakı filarmoniyasında işləyib, sonra Moskvaya köçüb, amma yenə də azərbaycanlı müğənnilərlə, o cümlədən repertuarına çoxlu mahnılar əlavə etmiş Rəşid Behbudovla və aktyor, müğənni Mirzə Babayevlə fəal əməkdaşlıq edib.
Amma ən parlaq, məşhur və “şəksiz” erməni-azərbaycan musiqi ittifaqı bəstəkar Arno Babacanyanla müğənni Müslüm Maqomayev tandemidir. Müslüm Maqomayev Babacanyanın yazdığı çoxlu sayda nəğmələr hesabına məşhurlaşıb, müğənni isə öz növbəsində bəstəkara ad qazandırıb.
Müslüm Maqomayev 88-ci ildə Moskvada “Rusiya” zalında “Arno Babacanyan barədə xatirələr” solo konsertini xatırlayırdı, halbuki bir neçə ay əvvəl Qarabağ münaqişəsi başlamışdı. Düzdür, 2006-cı ildə bəstəkarın anım konsertində çıxışş etmədi, “xalqın başa düşməyəcəyindən” çəkindi. Amma bir il sonra Moskvada “Müslüm Maqomayev: Arno Babacanyan barədə xatirələr” musiqi albomu çıxdı.
30 il sonra
Sonralar “Bakı şansonu” adlandırılan janr – Bakı koloritli zarafatcıl və oğru nəğmələri vaxtilə faktiki olaraq Bokadan başlayıb. Bu nəğmələr hazırkı azərbaycanlı gənclər arasında artıq o qədər məşhur deyil, amma toylarda onları yenə də sifariş edirlər.
O ki qaldı Babayev və Babacanyanın Maqomayev və digər ulduzlar üçün yazdıqları mahnılara, onları hələ də sevməkdə, təkrar oxumaqda, radio və televiziyalarda yayınlamaqda davam edirlər. necə olmasa Qızıl fonddur. Hələ az əvvəl dostluq münasibətlərində olan azərbaycan-erməni xalqlarının incəsənət irsinin axırına otuz illik didişmə belə çıxa bilməyib.