Ermənistanın yeni hökumətinin tərkibi açıqlanıb
Ermənistan prezidenti hazırkı nazirlərin yenidən tutduqları vəzifəyə təsdiqlənmələri haqda fərman imzalayıb. Hökumətin tərkibində demək olar ki, heç bir dəyişiklik baş verməyib.
Sadəcə ədliyyə naziri dəyişib – 2 aprel parlament seçkilərindən sonra deputat mandatı qazanan və vitse-spiker postuna seçilən Arpine Ovannisyanın yerinə David Harutunyan təyin edilib. O, Ədliyyə Nazirliyinə daha əvvəl də – 1998-2007-ci illərdə rəhbərlik edib.
Daha əvvəl baş nazir vəzifəsinə Karen Karapetyan təsdiqlənmişdi. ERP-nin mətbuat katibi Eduard Şarmazanov bildirib ki, iqtidar partiyası əvvəlki hökumətə Karen Karapetyanın rəhbərliyi altında işini davam etdirmək imkanı vermək qərarına gəlib.
Konstitusiyaya uyğun olaraq Ermənistan hökuməti 2 aprel parlament seçkilərinin nəticələri əsasında formalaşmış yeni Milli Məclisin ilk iclasından sonra buraxılmışdı.