Ermənistanın keçmiş polis şefi jurnalistləri kvadrosikllə əzməklə təhdid edib
Avqustun 8-də baş verən hadisə ilə əlaqədar Ermənistanın keçmiş polis şefi Vladimir Qasparyana qarşı cinayət işi qaldırılıb. O, Sevan gölü sahilində yerləşən qanunsuz fərdi evlər və tikililər haqda reportaj hazırlayan “Azadlıq Radiosu”nun çəkiliş qrupunun işinə mane olub.
O, idarə etdiyi kvadrosikli jurnalistlərin üzərinə sürərək onları əzməklə, “güllələməklə”, “öldürməklə” təhdid edib və onun mülkünü çəkməməyi tələb edib.
Cinayət Məcəlləsinin zorakılıq tətbiqi və ya təhdidi ilə müşayiət olunan “jurnalistlərin qanuni peşəkar fəaliyyətini yerinə yetirməsinə maneə” ittihamı haqda 164-cü maddəsi üç ildən yeddi ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
• Partlayışdan sonra Beyrut qiyama qalxdı
Media qurumlarının bəyanatları
Ermənistanın 10 jurnalist təşkilatı birgə bəyanatla çıxış edib və hüquq-mühafizə orqanlarından hadisənin tam ciddiyyəti ilə araşdırılmasını və keçmiş polis şefinin məsuliyyətə cəlb olunmasını tələbini irəli sürüb.
Bəyanatı imzalayan təşkilatlar xatırladıblar ki, “Vladimir Qasparyan vəzifədə olduğu illərdə də media nümayəndələrinə qarşı kobud, bəzi hallarda isə hətta qəddar davranışı ilə fərqlənib”.
Əsasən söhbət 2015-ci il etirazları zamanı “Elektrik Yerevan” adı alan çoxsaylı hadisələrdən, o cümlədən də 2016-cı il paytaxtın Sari Tax rayonunda baş verən olaylardan gedir. Burada polislər Vladimir Qasparyanın əmri ilə 40 nəfərdən çox jurnalistə və operatora qarşı zorakılıq tətbiq edib, onların fotoaparatlarını və videokameralarını əllərindən alaraq sındırıblar.
“Bütün bunlar cəzasız qalmışdı və görünür ki, bu gün keçmiş polis rəisinin jurnalistlərə qarşı davam edən ədəbsiz davranışının səbəbi bundadır”, – bəyanatda deyilir.
“Biz bu hücumdan dəhşətə gəlmişik”
“Radio Free Europe / Radio Liberty” media korporasiyasının prezidenti Deyzi Sindelar baş verən hadisə ilə bağlı bildirib:
“Biz Ermənistan xidmətimizin jurnalistlərinə qarşı, xüsusən də keçmiş polis rəisi tərəfindən edilən bu hücumdan dəhşətə gəlmişik… Jurnalistlər böyük ictimai əhəmiyyət kəsb edən mövzunu işıqlandırmaq istəyiblər, cənab Qasparyan isə onları az qala avtomobili ilə əzəcəkmiş, öldürməklə təhdid edib və məcbur edib ki, çəkdikləri materialı silsinlər”.