Ermənistanın hakim Respublikaçılar Partiyası yeni parlamentdə də çoxluğa sahib ola bilər
Mərkəzi Seçki Komissiyasının 10.00-a olan məlumatına görə, Ermənistanın Respublikaçılar Partiyası seçici səslərinin 49,17 faizini toplayıb. Onun ardınca 27,38 faiz səs toplamış “Tsarukyan” bloku gəlir. Hələ ki, 2009 seçki məntəqəsindən 1977-in nəticələri hesablanıb.
Amma səsvermə bitəndən dərhal sonra reallığa kifayət qədər yaxın olan Exit-poll nəticələri elan edilib. 125 seçki məntəqəsi qarşısında 30 min seçici sorğuda iştirak edib. Exit-poll-u Ermənistan Sosioloji Assosiasiyasının dəstəyi ilə “Baltic Surveys/The Gallup Organization” keçirib. Nəticələr aşağıdadır:
- Ermənistan Respublikaçılar Partiyası (ERP) seçici səslərinin 46 faizini toplayıb,
- “Tsarukyan” bloku – 25 faiz,
- “Yelk” (“Çıxış”) bloku — 10 faiz,
- “Daşnaksütun” EİF — 5 faiz,
- “Erməni dirçəlişi” Partiyası — 4 faiz,
- “Ohanyan-Raffi-Oskanyan” bloku — 3 faiz,
- “EXP Konqresi” — 3 faiz,
- Azad Demokratlar Partiyası — 2 faiz,
- Ermənistan Kommunist Partiyası — 2 faiz%.
Bu məqamda elə təəssürat yaranır ki, hətta liderlik edən ERP da çətin ki, stabil çoxluğu formalaşdırmaq üçün lazım olan 54 faiz səsi toplaya bilsin. Ölkənin yeni Seçki Məcəlləsi belə hallarda aşağıdakı proseduranı tətbiq etməyi önərir: keçid baryerini aşan (partiyalar üçün 5, bloklar üçün 7 faiz) siyasi qüvvələrə koalisiya formalaşdırmaq üçün 6 gün vaxt verilir.
Üstəlik onun tərkibində maksimum üç siyasi qüvvə təmsil oluna bilər. Onlar gələcək baş nazir postuna namizədlə bağlı razılığa gəlməlidirlər. Əgər koalisiya yaratmaq baş tutmazsa, 28 gündən sonra parlament seçkilərinin ikinci tutu keçiriləcək. İkinci turda ən çox səs toplamış iki siyasi qüvvə iştirak edəcək.
Seçkilərin gedişatına gəlincə, proses kifayət qədər sakit şəraitdə keçib. Müşahidəçilər və jurnalistlər ən çox səsvermə gizliliyinin pozulması, ən az isə seçicilərin maddi şirnikləndirilməsi və təkrar səsvermə halları haqda məlumat verirdilər. Baş Prokurorluğa 1300-dən çox müraciət daxil olub, amma “seçki xarakterli cinayət əlaməti” təqribən beş haldan birində aşkar edilib.