Ermənistanın eks-prezidenti Robert Koçaryan məhkəmənin qərarı ilə azadlığa buraxılıb
Apellyasiya məhkəməsi eks-prezident Robert Koçaryanın vəkillərinin onun girov müqabilində azadlığa buraxılması haqda vəsatətini təmin etmək qərarı verib.
Hakim Arsen Nikoqosyan Ermənistan üçün misilsiz məbləğdə – 2 milyard dram (4 milyon dollar) həcmində girov təyin edib.
Koçaryanın müdafiəçiləri ümumi yurisdiksiya məhkəməsinin qərarından şikayət verib. Hakim Anna Danibekyan mayın 13-də Koçaryan haqda həbs qətimkan tədbirinin dəyişməsi və onun Ermənistan və Dağlıq Qarabağın keçmiş baş nazirlərinin şəxsi zaminliyi müqabilində azadlığa buraxılması haqda qərar qəbul edib.
- Ermənistanın keçmiş prezidneti Robert Koşaryan niyə həbs olunub?
- Ermənistanın Konstitusiya Məhkəməsi eks-prezident Robert Koçaryanın şəxsi azadlıq hüququnun pozulduğu haqda qərar çıxarıb. Yenilənib
Vəkillərin şikayətinə Apellyasiya məhkəməsində üç gün baxılıb. Vəkillər eks-prezidentin azad edilməsi qərarını verən hakimin peşəkarlığını və yüksək reytinqini vurğulayıblar.
Koçaryan “1 mart” işi üzrə günahlandırılır. 2018-ci ilin iyulunda Robert Koçaryana qarşı konstitusiya quruluşunu devirməklə bağlı ittiham irəli sürülüb. Söhbət 2008-ci ilin martında prezident seçkilərinin nəticələrindən narazı qalanların keçirdiyi etiraz aksiyasının dağıdılmasından gedir. Bu zaman Yerevanda nümayişçilərə qarşı silah tətbiq edilib, 10 nəfər həlak olub.
2018-ci ilin yazında “məxməri inqilabdan” sonra Ermənistanın yeni hökuməti həmin hadisələrlə bağlı araşdırmanı yenidən başladıb və ilk ittiham olunan şəxslərdən biri də Robert Koçaryan olub.
İlk dəfə o, həmin işlə bağlı 2018-ci il iyulun 28-də həbs olunub. Eks-prezidentin vəkilləri məhkəməni qətimkan tədbirinin dəyişdirilməsinə inandırmaq istəyiblər. İki dəfə buna nail də olublar. Sonuncu dəfə Koçaryan 2019-cu il iyunun 25-də həbs olunub.
Hazırda Robert Koçaryan Yerevan klinikalarından birində müalicə alır. Girov ödəniləndən və müalicəsi başa çatandan dərhal sonra o, evinə qayıda biləcək.