Ermənistanın Eçmiadzin ərazisində su yoxdur, sakinlər etiraz edərək yolu kəsib
photo: 1in.am
Ermənistan paytaxtının yaxınlığında yerləşən Eçmiadzin sakinləri bu gün mərkəzi magistrallardan birini kəsiblər: onlar su təchizatı probleminin həllini tələb edirlər.
Eçmiadzin sakinləri bildirirlər ki, artıq bir aya yaxındır ki, onların içməli suyu yoxdur. Onlar problemin həlli üçün aidiyyəti orqanlara müraciət ediblər, amma problemin həllinə dair verilən bütün vədlər havada qalıb və çarəsiz qalan şəhər sakinləri öz dərdlərinə diqqət cəlb etmək üçün avtomobil yolunu kəsmək qərarına gəliblər.
“İki aydan çoxdur ki, bizim normal suyumuz yoxdur, bir damcı da. Hara müraciət eləsək, deyirlər ki, hər şey yoluna qoyulacaq, amma heç nə yoluna düşmür”, – sakinlərdən biri şikayətlənir və qeyd edir ki, əgər məsələ həll edilməsə yenidən yolu kəsəcəklər.
Başqa bir yaşlı qadın deyir ki, belə istidə susuz yaşamaq mümkün deyil: “Nə yuyunmaq olur, nə tualetə getmək olur. Belə də yaşamaq olar? Biabırçılıqdır, bizim binamızda 70 nəfər yaşayır, heç kimin suyu gəlmir”.
Sakinlər danışıblar ki, səlahiyyətli orqanlarda onlara ziddiyyətli cavablar veriblər: əvvəlcə deyiblər ki, su qəzaya görə gəlmir, yəni borularda problem var, sonra söz verdilər ki, problemi bir-iki günə həll edəcəklər, amma hələ də heç nə eləməyiblər.
“İndi o dövr deyil ki, insanlar Susuzluqdan ölsünlər, paltarlarını yuya bilməsinlər. Biz çirkli qab-qacağı toplayırıq, sonra da bütün qadınlar birlikdə vedrələrlə su daşıyırıq ki, onları yuya bilək. Kim belə şey görüb ki, uşaq küçədə oynayandan sonra evə gəlsin, əllərini yuya bilməsin?”, – sakinlərdən biri şikayətlənir.
Şəhər hakimiyyəti hələlik sakinlərə niyə su verilmədiyinə və vəziyyətin nə zaman dəyişəcəyinə aydınlıq gətirməyib.