Böhran davam edir: Ermənistanın baş nazirinin müxalifət liderləri ilə görüşündə “hər kəs öz fikrində qalıb”
Ermənistanın baş naziri Nikol Paşinyan daxili siyasi böhrandan çıxış yolu kimi müxalifətə 2021-ci ildə növbədənkənar parlament seçkilıri keçirməyi təklif edir. Dekabrın 29-da onun parlamentdə təmsil olunan hər iki müxalif fraksiya liderləri ilə görüşü baş tutub.
Hər iki müxalifətçi – “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan və “Maariflənmiş Ermənistan” fraksiyasının lideri Edmon Marukyan baş nazirlə görüşdən sonra bildiriblər ki, “hər kəs öz fikrində qalıb”. Bu o deməkdir ki, müxalifət nümayəndələri seçkini gözləmək niyyətində deyillər və Paşinyanın istefasında israr edirlər.
Onlar bunu noyabrın 10-da, Rusiya və Azərbaycan prezidentlərilə birlikdə Qarabağda atəşkəs haqda üçtərəfli bəyanatı imzalayandan dərhal sonra tələb etməyə başlayıblar. Müxalifət hesab edir ki, Nikol Paşinyan “xəyanətkar razılaşmaya” imza atıb və əraziləri könüllü şəkildə Azərbaycana təhvil verib.
Amma baş nazir vəzifədən getmək niyyətində deyil. Bu müddət ərzində o, dəfələrlə bildirib ki, bu vəzifəyə xalqın iradəsi ilə gəlib və müxalifətin azsaylı tərəfdarlarının tələbi ilə yox, yalnız bütün cəmiyyətin öz iradəsini ifadə edə biləcəyi seçkilərdən sonra vəzifədən gedə bilər. Onun fikrincə, “baş nazirin istefası tələbini irəli sürən müxalif proses xalqın dəstəyinə nail olmayıb”.
Dekabrın 25-də Nikol Paşinyan yenə də bildirib ki, Nazirlər Kabinetinin rəhbəri vəzifəsini tərk etməyə hazırdır və maraqlı siyasi qüvvələri 2021-ci ildə keçirilməsini təklif etdiyi növbədənkənar parlament seçkiləri ilə bağlı məsləhətləşməyə dəvət edib.
- Yumurta atəşinə tutulan deputatlar və yumruq savaşı: Ermənistanda etiraz aksiyaları davam edir
- “Qoy xalq qərar versin” – Ermənistanın baş naziri növbədənkənar parlament seçkiləri təklif edib
Sarukyan nə deyib?
Hələ baş nazirlə görüşdən əvvəl Qaqik Sarukyan bildirib ki, “Çiçəklənən Ermənistan” partiyası Paşinyanın istefası tələbindən imtina etməyəcək.
Baş nazirlə görüşdən sonra isə Sarukyan söhbətin bəzi təfərrüatlarını açıqlayıb:
“Mən Paşinyana dedim ki, yeganə çıxış yolu onun istefasıdır və bizim partiyamızın mövqeyi dəyişməyib. Əgər növbədənkənar seçkilər haqda danışsaq isə, o zaman hesab edirəm ki, o, baş nazirin vəzifəsini müvəqqəti yerinə yetirəm şəxs olmamalıdır. Əgər o, bunu qəbul etsə, biz qalan hər şey haqda danışa bilərik”.
Bununla belə, Sarukyan baş nazirin bu bəyanlara necə cavab verdiyini şərh etməyib və təklif edib ki, bununla bağlı suallar baş nazirə verilsin.
Marukyan nə deyib?
“Maariflənmiş Ermənistan” partiyasının lideri Edmon Marukyan da baş nazirin istefasında israrllıdır:
“Biz təklif etdik ki, baş nazir istefa versin, parlament yeni baş naziri seçsin, baş nazirin namizədliyi ətrafında konsensus əldə etmiş qüvvələrdən müvəqqəti hökumət formalaşsın. Hökumətin tərkibinə öz sahələrində uğura nail olmuş, ölkədə gərgin vəziyyəti stabilləşdirən şəxslər daxil olsun və biz növbədənkənar parlament seçkilərinə hazırlaşaq”.
Konsensusa nail olunubmu, sualına Marukyan cavab verib ki, “ölkədə siyasi böhran davam edir”.
Müxalifətçinin sözlərinə görə, Paşinyan vəzifədə qalmaq və “parlament seçkilərinə belə getmək” niyyətindədir:
“Biz dedik ki, buna qarşıyıq və öz mövqeyimizi təsdiqlədik”.