Ermənistanın 2017-ci ilin ən yaxşı idmançıları siyahısı qızğın müzakirələrə səbəb olub
Ermənistan mediası 2017-ci il ölkənin ən yaxşı on idmançısının siyahısını dərc edib. Ən yaxşıların onluğu idman jurnalistlərinin səsverməsi və azarkeşlərin mobil ismarıcları (sms) əsasında müəyyən olunub.
Ən yaxşılar siyahısına bunlar daxil olub
- Henri Mxitaryan, futbolçu, İngiltərənin “Mançester Yunayted” klubunun yarım müdafiəçisi
- Artur Aleksanyan, yunan-roma üslubunda güləşçi, olimpiya çempionu, üçqat dünya çempionu
- Levon Aronyan, beynəlxalq qrossmeyster, ikiqat Dünya Kuboku sahibi
- Qriqor Mxitaryan, Ermənistanın sambo üzrə yığmasının üzvü, dünya çempionu
- Maksim Manukyan, yunan-roma növü üzrə güləşçi, dünya çempionu
- Hovannes Baçkov, boksçu, dəfələrlə Ermənistan çempionu, Avropa çempionu
- Simon Martirosyan, ağır atlet, Olimpiya Oyunlarının gümüş medalçısı
- Edqar Stepanyan, Ermənistanın velosiped idmanı üzrə yığmasının üzvü
- Artur Tovmasyan, Ermənistanın idman gimnastikası üzrə yığmasının üzvü
- Tiqran Kirakosyan, Ermənistanın sambo üzrə yığmasının üzvü, dördqat Dünya Kuboku sahibi, dünya çempionu və üçqat Avropa çempionu.
İdmançılara mükafat olaraq rəmzi heykəlciklər və Hyundai Elantra markalı avtomobilin açarı təqdim olunub.
Amma heç də hamı builki ən yaxşı idmançıların seçimini ədalətli hesab etmir. Bu ada layiq olan idmançıların siyahıdan kənarda qaldığı fikri səslənib.
Yunan-roma üslublu güləşçi Artur Aleksanyan da narazı qalanlardandır. Onun bəyanatı idman dünyasında geniş rezonans doğurub. Məsələ burasındadır ki, ilk dəfədir adı ən yaxşılar siyahısına daxil olan idmançılardan biri narazılıq bildirib.
“Mən bu siyahı ilə razı deyiləm. Bu il bizim Dünya və Avropa çempionatlarında qaliblərimiz olub, onlar siyahıya daxil olmayıblar. Düşünürəm ki, İdman Nazirliyinin günahı üzündən belə olub. Yəqin ki, səsvermə doğru təşkil olunmayıb. Dünya çempionu necə siyahıdan kənarda qala bilər? Qoy elə təəssürat yaranmasın ki, adımın siyahıda birinci olmaması mənim fikrimə təsir edib. Mən sadəcə səsvermənin nəticələrindən narazıyam”, – Artur Aleksanyan deyib.
İlin ən yaxşı 10 idmançısının siyahısını Artur Aleksanyanın qardaşı, digər yunan-roma üslublu güləşçi Rafael Aleksanyan da tənqid edib. Onun fikrincə, İngiltərənin “Mançester Yunayted” klubunda oynayan futbolçu Henri Mxitaryan bu siyahıya daxil olmalı deyildi.
“Henri Mxitaryana böyük hörmətim var. O, heç şübhəsiz Ermənistan tarixinin ən yaxşı futbolçusudur, amma o, öz ölkəsi üçün heç nə qazanmayıb ki, ölkənin ən yaxşı idmançıları siyahısına daxil olsun. Onun ölkəmizi tanıtması o demək deyil ki, onun adı Ermənistanın 10 ən yaxşı idmançısı reytinqində olmalıdır”.