“Ermənistandan Xankəndiyə qaz kəməri qanunsuzdur” – Bakıdan şərh
Son günlərdə Qarabağın RF sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi hissəsində təbii qaz təminatı məsələsi gündəmdə çox kəskin durur. Azərbaycanın bu hissəsinin əhalisi istiliksiz qalıb. Xankəndidəki mənbələr “Azərbaycan tərəfinin qaz xəttinə ventil qoyduğunu və onu bağlandığını” iddia edirlər. Bununla bağlı Bakıda nə düşünürlər?
- Azərbaycan-Ermənistan: ziddiyyətlərə rəğmən sülh sazişinin imzalanması
- Azərbaycanın BMT-yə daxil olmasının 30 illiyi Şuşada qeyd edilib – Yerevanın reaksiyası və Bakının cavabı
- 2022-ci ilin soyuq Novruzu – FOTOreportaj
JAMnews məsələni şərh etməsi üçün siyasi icmalçı Azər Kərimova müraciət edib.
“Ermənistandan Xankəndiyə qaz kəməri özü-özlüyündə qanunsuzdur”
“Burada hər hansı konkret bir şey haqda danışmaq çətindir, çünki Xankəndi və yaxın yaşayış məntəqələrinin təbii qazla təminatı ilə bağlı heç bir rəsmi açıqlama olmayıb. Bunun da öz səbəbləri var.
Əsas səbəb ondan ibarətdir ki, anladığım qədərinlə Ermənistandan gələn, Laçın dəhlizindən və bəzi hissələrdə Azərbaycan SQ-nin nəzarəti altında olan ərazidən keçən qaz kəməri özü-özlüyündə qanunsuzdur. Başqa sözlə, sənədlərə əsasən qaz xətti ümumiyyətlə yoxdur.
Hüquq dili ilə danışsaq, Azərbaycanın bir hissəsini başqa dövlətin ərazisindən gələn təbii qazla təmin etmək üçün dövlətlərarası razılaşma olmalıdır.
Ermənistan və Azərbaycan arasında hələlik heç bir beynəlxalq razılaşma yoxdur. İdealda Ermənistan Azərbaycanda eyni həcmdə qaz götürərək Xankəndini qazla təmin edə bilərdi.
Əgər Azərbaycan Avropanın bütün cənub hissəsini təbii qazla təmin edirsə, Qarabağa da qaz çəkmək ölkə üçün çətin deyil. Amma bu, bu dəqiqənin işi deyil, köhnə qaz kəməri tam dağılıb. Ağdam rayonu ərazisindən yeni kəmərin çəkilməsi üçün zaman tələb olunur. Elə bu müddət üçün Azərbaycandan Ermənistanın qazpaylayıcı şəbəkəsinə qaz daxil olması əvəzinə Ermənistandan Xankəndiyə qaz təminatı haqda razılığa gəlmək olardı.
Bizim belə təcrübəmiz var. Əgər yadınızdadırsa, bir müddət əvvəl Rusiya ilə razılaşma əsasında RF-ni Ermənistanla birləşdirən qaz kəmərinin təmiri müddətində Azərbaycan Rusiyadan aldığı qaz həcmində Ermənistana qaz çatdırırdı.
Xankəndiyə Ağdam rayonundan qaz kəmərinin çəkilməsi qısa müddətdə Şuşanı və yaxın yaşayış məntəqələrini də qazlaşdırmağa imkan verərdi.
Amma yenə də bunun üçün Ermənistan və Azərbaycan danışıqlar masasına oturmalıdır. Bu məsələ sülh sazişi imzalanan zaman əsas olmayan məsələlərdən biri ola bilər. Orada daha mühüm dövlətlərarası məsələlər var”.
“Sülhməramlılar məişət məsələlərini həll etmir”
“Niyə sülhməramlı kontingent bu məsələdə fəallıq göstərmir? Sadəcə ona görə ki, Rusiya sülhməramlıları, eləcə də Rusiya-Türkiyə birgə monitorinq mərkəzi regionda təhlükəsizliyi qorumaqla, atəşkəs rejiminə əməl olumasına nəzarətlə vəzifələndirilib. Məişət problemlərinin həlli onların səlahiyyətində deyil.
Amma sırf humanitar məqsədlər baxımından daxil olsaydı belə, sülhməramlı kontingentin səlahiyyətlərinin dəqiq sərhədləri var, yeri gəlmişkən, Azərbaycan parlamenti tərəfindən hələ də ratifikasiya olunmayıb.
Müvafiq olaraq, sülhməramlılar Azərbaycan hərbçilərinə Azərbaycan SQ-nin nəzarəti altında olan ərazilərdə nəsə etməklə bağlı göstəriş verə bilməzlər.
Burada elementar olaraq ərazi və səlahiyyət məsələsi var”.
“Qarabağda hələ də qanunsuz erməni quldur dəstələri fəaliyyət göstərir”
“Ermənistan ikinci Qarabağ müharibəsindən sonra Qarabağda bərqərar olmuş yeni reallığı qəbul etmək istəmir. Ötən həftə Şuşada baş tutan tədbirlə bağlı Ermənistan XİN-in əsəbi reaksiyasını buna misal göstərmək olar.
Bu ağılasığmazdır ki, bir dövlət qonşu dövlətin öz ərazisində – bütün beynəlxalq aləmin Azərbaycanın tərkib hissəsi hesab etdiyi ərazidə keçirdiyi dinc tədbirlə bağlı etiraz ifadə etsin.
Bunun əvəzində Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının 4-cü maddəsinin yerinə yetirilməsi haqda düşünsə, yaxşı olardı. Orada dəqiq qeyd olunur ki, Rusiya sülhməramlı kontingentinin daxil olmasına paralel olaraq erməni silahlı qüvvələri Qarabağdan çıxmalıdır.
Əslində isə biz nə görürük? Qarabağın sülhməramlıların yerləşdiyi hissəsində hələ də qanunsuz erməni quldur dəstələri, heç kim tərəfindən tanınmamış separatçı rejim fəaliyyət göstərir və Xankəndinin Azərbaycan ərazisində yerləşdiyi faktını qəbul etməyi qəti rədd edir.
Düşünürəm ki, bütün baş verənlərin səbəbini də elə bunda görmək lazımdır”, – Kərimov fikirlərini yekunlaşdırıb.