Ermənistanda yeniyetməlik yaşından qızların sonsuz olub-olmadığını yoxlayacaqlar
Ermənistanda yeniyetmə qızları sonsuzluq riski ilə bağlı yoxlayacaqlar və ehtiyac olduğu təqdirdə müalicə edəcəklər.
Səhiyyə naziri Arsen Torosyan martın 5-də reproduktiv sağlamlığın dəstəklənməsinə dair orta müddətli proqram təqdim edib. Nazirin sözlərinə görə, erkən yaşlarda diaqnostika və müalicə sonsuzluqla bağlı xəstəliklərin inkişafının qarşısını almağa kömək edəcək.
· Ermənistanda demoqrafik böhranın səbəbləri və mümkün çıxış yolları
· Həsrətlə gözləyib özün üçün doğmadığın uşaq. Ermənistanda surroqat analıq
Ermənistanda sonsuzluq faizi kiçik ölkə üçün kifayət qədər yüksəkdir – 14,8%.
“Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, əgər ölkədə sonsuzluq səviyyəsi 15 faizə çatırsa, vəziyyət artıq kritik sayılmalıdır, çünki bu, doğuş hallarına və əhalinin sayına təsir edir. Buna görə də bu göstəricini azaltmaq üçün mümkün olan hər şey edilir”, – Səhiyyə Nazirliyinin Analığın və Reproduktiv Sağlamlığın Mühafizəsi Şöbəsinin rəisi Qayane Avakyan deyib.
Hamiləlik zamanı qadınların müayinə sayının artırılması, o cümlədən də evli cütlüklərin sağlamlığının yoxlanılması nəzərdə tutulub.
Bu tədbirlər sayəsində 2020-ci ildə Ermənistanda ötən illə müqayisədə bir neçə yüz daha çox uşağın doğulacağı, 2021-ci ildə isə bu fərqin mindən çox olacağı gözlənilir.
Bu tədbirlər çox vacib hesab edilir, çünki Ermənistan demoqrafik böhrana gəlib çatıb. BMT proqnozlarına əsasən, ölkə tədricən depopulyasiyaya, yəni ölüm hallarının doğum hallarını üstələdiyi mərhələyə yaxınlaşır.