Ermənistanda Rusiya hərbi bazasının ölkədən çıxarılmasını tələb edirlər
Yerevanda Rusiya səfirliyi qarşısında bir-birinin ardınca iki aksiya keçirilib. Birinci aksiyanın iştirakçıları rəsmi Moskvanın Ermənistanda yürütdüyü siyasətə etiraz edib və Rusiya hərbi bazasının ölkədən çıxarılmasını tələb ediblər. İkinci aksiyanı isə Rusiyaya dəstək ifadə edən yerli kommunistlər keçiriblər.
İnsanlar niyə Rusiya səfirliyinin qarşısına gəlib?
Rusiya səfirliyi qarşısında aksiya təşkili üçün səbəb Ermənistanın böyüklüyünə görə ikinci şəhərində – Gümridə bir qadının öldürülməsi olub. İlkin məlumata görə, qatil bu şəhərdə yerləşən 102 saylı Rusiya hərbi bazasının hərbçisidir.
Qətlin təfərrüatları
57 yaşlı Culyetta Qukasyan dekabrın 3-də döyülmüş vəziyyətdə Gümri xəstəxanasına gətirilib. O, Gümri mənzil-kommunal şöbəsində süpürgəçi işləyirmiş. Səhər işə gedərkən ona hücum edib, amansızca döyüblər. Aldığı xəsarətlər nəticəsində o, həyatını itirib, amma ölməzdən əvvəl ona arxadan hücum edildiyini danışa bilib.
Qadının ölüm xəbəri yayılandan demək olar ki, dərhal sonra mediada onun 102 saylı Rusiya hərbi bazasının hərbçisi tərəfindən qətl edildiyi haqda məlumatlar yer almağa başladı. Saxlanılan hərbçinin adı və cinayət səbəbi hələlik bəlli deyil.
• Ermənistanda yerləşən Rusiya hərbi bazasının hərbçisi qadının qətlində şübhəli bilinir
• Gümri: Rusiya bazası yerli sakinləri necə məhv edib?
• Rusiyanın Ermənistandakı bazası: müdafiə, yoxsa təhdid?
Aksiya iştirakçılarının tələbi
Mitinqçilər Rusiya hərbçisinin Ermənistan tərəfinə təhvil verməsini tələb ediblər.
Aksiya iştirakçıları bildiriblər ki, “Rusiya hərbçilərinin Ermənistan vətəndaşlarının təhlükəsizliyini təhdid edən davranışından” qəzəblidirlər. Bununla əlaqədar olaraq onlar Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılmasını tələb ediblər.
Onlar öz tələblərini yalnız son qətllə yox, həm də Avetisyan ailəsinin başına gətirilən faciəylə əsaslandırıblar. 2015-ci ildə həmin bazanın hərbçisi Valeri Permyakov bu ailənin yeddi üzvünü, o cümlədən də südəmər uşağı öldürüb.
Amma Rusiya əsgərlərinin sərxoş vəziyyətdə dava-dalaş, atışma saldığı və bu zaman onlarla dinc sakinin qurban olduğu başqa çoxsaylı hadisələr də məlumdur.
Toplananların fikrincə, Ermənistanın hazırkı hakimiyyəti Rusiyaya qarşı eynən köhnə hakimiyyətin yürütdüyü siyasəti davam etdirir.
“Biz yeni siyasi gündəm formalaşdırırıq və bu, bizim siyasi gündəmimizin prioritetlərindən birirdir. Bəli, bu siyasi məsələdir. Bu, Ermənistan vətəndaşlarının həyatı və təhlükəsizliyi məsələsidir, çünki biz bilmirik ki, Rusiya əsgəri nə vaxt, harada və kimlə rastlaşacaq, hansı bəd əməli törədəcək”, – aksiya təşkilatçılarından biri jurnalist Narine Mkrtçyan bildirib.
Rusiyanın maraqlarının dəstəklənməsi
Birinci aksiyadan dərhal sonra yenə də səfirlik qarşısında “Ermənistanda anti-Rusiya təxribatına yox” və “Əbədiyyən Rusiya ilə” şüarları altında Ermənistan kommunistlərinin aksiyası baş tutub. Onlar bəyan ediblər ki, Rusiyanın 102 saylı hərbi bazası Ermənistanın təhlükəsizliyinin təminatı üçün vacibdir.