Ermənistanda ordudan yayınanları bağışlayacaqlar: prezident amnistiya haqda qanun imzalayıb
Ermənistan prezidenti Armen Sarqsyan hərbi xidmətdən yayınanların amnistiyası haqda qanun imzalayıb. 27 yaşı tamam olmuş sıravilər və 35 yaşı tamam olmuş ehtiyat zabitləri amnistiyaya düşəcək. Söhbət xidmətdən yayınmaqda şübhəli bilinənlər, ittiham olunanlar və məhkum edilənlərdən gedir.
Qanun qüvvəyə minəndən sonra axtarışda olan 5000 nəfəri və 124 məhkumu əhatə edəcəyi ehtimal olunur.
Qanun layihəsinin məqsədi amnistiyaya düşənlərə “Ermənistanın iqtisadi, sosial, mənəvi və mədəniyyət sahələrində inkişafına öz töhfəsini verməyə” şərait yaratmaqdır.
- Ermənistan-Azərbaycan sərhədində təhlükəli vəziyyət: Ermənistan müttəfiqlərinə müraciət edib
- Ermənistanın cənubunda Rusiya hərbi bazasının iki dayaq məntəqəsi yaradılıb
Qanun layihəsi haqda
Ermənistan parlamenti hələ mayın əvvəlində “müddətli hərbi və ya alternativ xidmətə növbəti çağırışdan yayınan şəxslərlə bağlı amnistiyanın elan olunması haqda” qanun layihəsini qəbul edib. Qanun Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb.
Qanun layihəsi 2020-ci il sentyabrın 26-a qədər, yəni ikinci Qarabağ müharibəsi başlayana qədər
- müddətli hərbi və ya alternativ xidmətdən,
- elan olunmuş təlim toplantılarından,
- səfərbərlik çağırışından yayınan
27 yaşı tamam olmuş sıravilər və 35 yaşı tamam olmuş ehtiyat zabitləri əhatə edəcək.
Yalnız şübhəlilər və ittiham olunanlar yox, həm də artıq məhkum edilmişlər də amnistiyaya düşəcək.
Qanun qüvvəyə minəndən sonra
- artıq cəza çəkənlər azad ediləcək,
- şərti cəza verilənlərin üzərindən məhkumluq götürüləcək,
- vaxtından əvvəl şərti azadlığa buraxılanların üzərindən hüquq-mühafizə orqanlarının müşahidəsi qaldırılacaq.
Amnistiya qanunda qeyd olunmuş meyarlara müvafiq olan hər kəsi əhatə edəcək. Bu, xaricdə olan və vətənə qayıtmaq istəyən bir çox Ermənistan vətəndaşlarına vətənə qayıtmaq imkanı verəcək. Amma onlar 2021-ci il dekabrın 31-ə qədər Ermənistana gəlməli olacaqlar.