Ermənistanda müstəqil antikorrupsiya orqanı yaradılacaq
Ermənistanda korrupsiyanın qarşısının alınması məsələləri ilə məşğul olacaq yeni antikorrupsiya orqanının yaradılması qərar alınıb. Bu haqda Ermənistan KİV-nə Ermənistanın ədliyyə nazirinin müavini Suren Kromyan məlumat verib.
“Antikorrupsiya orqanının yaradılması haqda qanun layihəsi artıq hazırlanıb və ictimai müzakirəyə təqdim olunub. Yaxın aylarda qanun layihəsi hökumətin təsdiqinə təqdim olunacaq. Bu, müstəqil orqan olacaq və korrupsiyanın qarşısını almaqla məşğul olacaq, həmçinin yetərincə geniş səlahiyyət spektrinə malik olacaq”, – Kroman vurğulayıb.
Məsələ müxalifət, ictimai təşkilatlar və hakimiyyət arasında qızğın müzakirələrə səbəb olub.
İqtidar çoxluğunu təmsil edən deputat, daha əvvəl isə baş prokuror vəzifəsini tutan Gevorq Kostanyan yeni orqanın yaradılmasına heç bir ehtiyacın olmadığını bildirir: “Biz on belə orqan yarada bilərik, amma bu o demək deyil ki, korrupsiya ilə mübarizənin effektivliyini artırmış olacağıq”.
Parlamentin müxalif “Yelk” fraksiyasından olan deputat, hüquq müdafiəçisi Artak Zeynalyan bu planda qeyd edib ki, rəngarəng və təmtəraqlı adlar altında əlavə strukturların yaradılmasını dəstəkləmir: “Mən onun tərəfdarıyam ki, mövcud orqana – Korrupsiya ilə Mübarizə Şurasına – müvafiq səlahiyyətlər verilsin və öz funksiyalarını tam mənada həyata keçirə bilsin”.
Eyni zamanda Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Pyotr Svitalski vurğulayıb: “Əgər Ermənistanda korrupsiya lazımı cavabını almasa, çətin ki, Avropa İttifaqından Ermənistan iqtisadiyyatına mühüm investisiya gözləyə bilək”.
Səfirin sözlərinə görə, ötən il Aİ Ermənistan hökumətindən həm korrupsiya ilə mübarizə, həm də digər sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarına dair zəmanət alıb.