Ermənistanda koronavirusa üç təkrar yoluxma halı qeydə alınıb
Ermənistanda koronavirusa üç yeni yoluxma halı qeydə alınıb. Bu haqda səhiyyə naziri Arsen Torosyan mayın 4-də parlamentdə bildirib.
Onun sözlərinə görə, dünya elmi cəmiyyətində təkrar yoluxma mövzusunda genişmiqyaslı akademik debatlar gedir. Torosyan qeyd edib ki, “təkrar yoluxmanın” necə baş verdiyinə dair üç versiya mövcuddur.
Birinci versiya: xəstə sağalıb, sonra yenidən yoluxub
İkinci versiya: orqanizmdə virusun deaktivasiyası gedib, müəyyən müddətdən sonra isə yenidən aktivləşib.
Üçüncü versiya: nazirin sözlərinə görə, ən mümkün versiyadır. Bu versiya COVID-19 virusunun elementlərinin orqanizmdə bir neçə ay qaldığından ibarətdir: virus aktiv deyil, amma test yenə də onu müəyyən edir.
“Virus çoxalmır, amma onun RNT-i [ribonuklein turşusu] hüceyrələrdə mövcuddur, bu da test zamanı müəyyən olunur… Ermənistanda təkrar yoluxmalar halında pasiyentlərdə heç bir əlamət və şikayət olmayıb, amma xəstəxanadan buraxılandan iki həftə sonra onlarda təkrar koronavirus müəyyən edilib. Biz onları təcrid etmişik ki, digər insanların yoluxması ehtimalının qarşısını alaq”, – Arsen Torosyan deyib.
Bu fonda nazir bəyan edib ki, Ermənistanda koronavirus epidemiyasının ən pis inkişaf ssenarisini istisna etmir və mayın sonuna qədər ölkədə koronavirusa yoluxanların sayı 10 minə çata bilər.
İndi Ermənistanda tibbi avadanlıq, dərman, tibb personalı və ya xəstəxanada yerlər sarıdan çatışmazlıq yoxdur. Amma insanlar təhlükəsizlik qaydalarını və sanitar normaları gözləməsələr, yoluxanların sayı yüz minə qədər də yüksələ bilər. Müvafiq olaraq bu durumda ehtiyat çatışmazlığı da yaranacaq.
“Bu gün Ermənistan xəstəxanalarında 350-ə yaxın boş yer var, yoluxanların bir hissəsi, söhbət yüngül hallardan gedir, mehmanxanalardan birində yerləşdirilib. Yardıma ehtiyacı olan vətəndaşların bu yardımı ala bilməsi üçün ardıcıl olacağıq”, – nazir deyib.