Ermənistanda orduya yay çağırışı koronavirus pandemiyasına rəğmən baş tutacaq
Ermənistanda orduya yay çağırışını koronavirus epidemiyasına görə təxirə salmamaq qərara alınıb. Təhlükəsizlik tədbiri kimi Müdafiə Nazirliyi çağırış zamanı ciddi əməl olunacaq qaydalar hazırlayıb. Bu haqda Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində məlumat verib.
Çağırış iyulun 1-dən avqustun 30-a qədər davam edəcək. Amma mayın 1-dən çağırışa hazırlıq başlayacaq.
Çağırış necə keçiriləcək?
Çağırışçılara və hərbi komissiyanın bütün şəxsi heyətinə virusdan fərdi müdafiə vasitələri veriləcək: maska, əlcək, spirt.
Çağırışçılar hərbi komissarlıqlara kiçik qruplarla gətiriləcəklər ki, insan izdihamlarının toplanmasının qarşısı alınsın. Bundan başqa, bütün gün ərzində binalarda vaxtaşırı dezinfesiya işi də aparılacaq.
Bu il gələcək əsgərlərin valideynləri püşkçəkmə prosesini – oğlanlarının hərbi xidmət üçün hara düşəcəyini əvvəlki kimi mərkəzi çağırış məntəqəsi binasının içində yox, onlayn-rejimdə izləyə biləcəklər. Püşkçəkmə prosesində çağırışçı xidmət edəcəyi hərbi hissənin göstərildiyi “lotereyanı” özü çəkir.
Üstəlik bu dəfə püşkçəkmə də çağırış məntəqəsinin daxilində yox, açıq havada keçiriləcək.
Çağırışçılarla Silahlı Qüvvələrin şəxsi heyəti arasında təmaslar da məhdudlaşdırılacaq.
Yeni çağırışçılar iki həftə ərzində karantində – digər hərbçilərdən ayrı saxlanılacaqlar və lazım gəldiyi tədirdə testdən keçiriləcəklər.
Ermənistan Ordusunda koronavirus
Daha əvvəl altı hərbçinin koronavirusa yoluxduğu haqda bildirilmişdi. Onların hamısı hərbi mövqelərdən uzaq bir hərbi hissədə xidmət edirdilər.
Hadisə hərbçilərdən birinin ailə üzvünün, daha sonra isə özünün koronavirusa yoluxduğu təsdiqlənəndən sonra başlamışdı. Müdafiə naziri o zaman bildirmişdi ki, yoluxmuş hərbçinin bütün xidmət yoldaşları əvvəlcədən təcrid olunub, bu da virusun daha da yayılması riskini xeyli azaldıb.
Ermənistan ordusunda koronavirusa yoluxanlarla bağlı son informasiya aprelin 13-də yayılıb. O zaman hərbi-tibb idarəsinin rəisi Saak Ohanyan bildirib ki, koronavirusa yoluxduğu aşkarlanan altı əsgər sağalıb və xidmətə geri qayıdıblar.