Ermənistanda erməni dili, ədəbiyyatı və tarixini nazirliyin yeni layihəsindən qorumağa çalışırlar
Ermənistanda Yerevan Dövlət Universitetinin Filologiya Fakültəsinin tələbə və müəllimləri noyabrın 6-dan tətil elan ediblər. Onlar hazırda hazırlanma mərhələsində olan yeni “Ali təhsil və elm haqda” qanun layihəsinin müəyyən bəndlərinə qarşı etiraz edirlər.
Yeni qanun layihəsinə əsasən, “erməni dili”, “erməni ədəbiyyatı” və “Ermənistan tarixi” fənləri qeyri-humanitar fakültələrin tələbələri üçün artıq məcburi olmayacaq.
Bu qərarla razı olmayan ermənipərəst tələbə və müəllimlərin aksiyasına hələlik Ermənistanın əsas ali təhsil ocağının digər fakültələri qoşulmayıb. Amma artıq səhər Ermənsitanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi rəsmi bəyanatla çıxış edib və orada bildirib:
“Layihə qəbul ediləndən sonra istənilən universitetin elmi şurasnını bu fənlərin bütün fakültələrdə məcburi qaydada keçilməsinə qərar vermək haqqı olacaq”.
• Dövlət Dinçilik Komitəsi Ermənistanda doğma dilə hakim olma səviyyəsindən narazıdır
• Gürcüstanda erməni dili: bu dilin dövlət dili olmasının lehinə və əleyhinə olan məqamlar
“Erməni dili nazirin mülkiyyəti deyil”
Aksiya iştirakçıları ali məktəblərdə “məcburi olmayan” fənlərin tədrisinin onsuz da piz vəziyyətdə olmasından narahatdırlar:
“Amma problemdən yan ötmək onun həlli üçün heç də yaxşı yol deyil. Yeni mexanizmlər hazırlaya, ictimai dinləmələr təşkil edə, peşəkar şura formalaşdıra bilərik. Belədə isə elə təəssürat yaranır ki, kimsə yuxu görüb və səhər yuxusunu danışmaq qərarına gəlib. Biz bunun əleyhinəyik, çünki “erməni dili” fənni nazirin mülkiyyəti deyil. O, tələbələrlə və peşəkarlarla da hesablaşmalıdır. Amma onları görməzdən gəliblər”, – aksiya təşkilatçılarından biri, tələbə Gevorq Gülümyan bildirib.
YDU-nun Erməni Filologiyası Fakültəsinin müəllimlərindən biri, linqvist Vardan Petrosyan tələbələrin təşəbbüsünün yerində və zamanında olduğunu bildirib:
“Bu təşəbbüs erməni dilinin milli dil kimi maraqlarının müdafiəsinə yönəlib”.
Ədəbiyyat kafedrasının dosenti Arşaluys Qalstyan hesab edir ki, bu qanun layihəsi doğma dilin itirilməsi təhlükəsi daşıyır:
“Bizim fakültənin Elmi Şurası qanun layihəsilə bağlı öz mənfi fikrini ifadə edib. Hamı bunun XXI əsrdə bizim kiçik millətimiz üçün doğma dilin itirilməsi demək olduğunu bildirir”.
Erməni dili kafedrasının dosenti Narine Dilbəryan həmkarının fikrini dəstəkləyib. Dilbəryanın sözlərinə görə, yeni qanun layihəsi qeyri-humanitar ixtisas sahibləri arasında onsuz da ideal olmayan dil biliklərini daha da pisləşdirəcək:
“Həkimlər rus dilində danışır, IT mütəxəssisləri ingilis dilində. İndi erməni dilini çıxarmaq qərarına gəliblər. Qeyri-humanitar fakültələr üçün onsuz da erməni dilində xüsusi ədəbiyyat yoxdur. 10 ildən sonra bu ədəbiyyatı erməni dilinə kim tərcümə edəcək?”
Tətil iştirakçıları bildiriblər ki, lazım gələrsə, dərsləri illərlə boykot etməyə hazırdırlar.
Ekspert rəyi
Təhsil sahəsində ekspert Serob Xaçatryan yeni qanun layihəsinə qarşı çıxış edib:
“Əgər Ermənistanın ali məktəblərində “erməni dili” fənninin tədris olunması metodikası çoxlarının xoşuna gəlmirsə, bu o demək deyil ki, onu tədris planından və məcburi fənlər siyahısından çıxarmaq lazımdır”, – Xaçatryan bildirib.
Erməni dili üzrə filoloq Serj Srapionyan yeni qanun layihəsini “beldən aşağı zərbə” kimi xarakterizə edib:
“Bu proqramların dəqiq anti-erməni yönü var”.
Onun fikrincə, Milli Məclisin 132 deputatı arasında öz fikirlərini erməni dilində səlist ifadə edə biləcək heç üç nəfər yoxdur:
“İndi isə üstəlik erməni dilini məcburi fənlər siyahısından çıxarmağı təklif edirlər?!”
A.Alixanyan adına Milli Elmi Laboratoriyanın (Yerevan Fizika İnstitutu) elmi rəhbəri Arpine Piloyan isə bu fikirlərlə razı deyil. Onun sözlərinə görə, ali məktəblərdə ixtisaslaşmış tədris ikinci dərəcəli fənlərlə çox yüklənib və başqa tədris metodikaları tətbiq edilsəydi, erməni dilinin öyrənilməsi daha faydalı olardı:
“Amma bu fənnin hazırkı tədris prosesi məktəb biliklərinə yeni heç nə əlavə eləmir. Yəni bu gün erməni dilinin tədris planlarına məcburi qaydada salınması sadəcə müəyyən müəllim qrupuna dərs yükünü təmin edir”.
Pinoyanın sözlərinə görə, tələbələr erməni dili biliklərinin lazımi səviyyəsinə ali məktəbə qəbul olana qədər yiyələnməlidirlər, ali təhsil müəssisələrində isə yalnız ixtisas fənləri məcburi olmalıdır.
Yeni layihənin hökumətlə müzakirəsi
Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin “Ali təhsil və elm haqda” yeni qanun layihəsinin hazırlandığı haqda oktyabrın 22-də məlum olub. Və ona qarşı yalnız ekspertlər tərəfindən yox, hökumət üzvləri və parlament deputatları arasından da birmənalı olmayan reaksiya verənlər olub.
Məsələn, Milli Məclisin “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputatı İveta Tonoyan yeni qanun layihəsini “qeyri-tolerant” kimi dəyərləndirib:
“Proqramdan üç fənn çıxarılır, onlardan hər birinin adında “erməni” sözü var. Anlaya bilmirəm, erməni mənşəli şeylərə qarşı bu nə qeyri-tolerantlıqdır. Mənim üçün erməni dilinə və tarixinə qarşı bu mübarizənnin məqsədi aydın deyil”, – deputat bildirib.
Bundan başqa, Tonoyan qanun layihəsinin müəlliflərinə müraciət edib və layihəni Ermənistan hökumətində ümumiyyətlə müzakirə etməməyə çağırıb.
Təhsil, elm, mədəniyyət və idman naziri Araik Harutunyan izah edib ki, məktəblərin yuxarı siniflərində erməni dili, ədəbiyyatı və tarixinin daha keyfiyyətli tədrisini stimullaşdırmaq niyyətindədirlər. Nazir həmçinin ali məktəblərə boşalmış saatları ixtisas fənlərinin tədrisinə sərf etmək azadlığını verməyi daha məqsədəuyğun hesab edir.
Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mətbuat katibi Anjela Kjdryan bildirib ki, qanun layihəsi hələlik ictimai müzakirələrə təqdim olunmayıb. O izah edib ki, ixtisaslaşmış müəssisələrdə layihə müzakirə olunandan sonra əldə olunmuş rəylər və ekspert fikirləri ümumiləşdiriləcək, layihə tamamlanaca və yalnız bundan sonra onu bütün cəmiyyətin mühakiməsinə verəcəklər.
Yeni dəyişikliklər yalnız ali məktəblərlə kifayətlənməyə bilər
2018-ci iilin iyulundan Ermənistan məktəblərində “Erməni kilsəsinin tarixi” fənninin tədrisinin gələcək taleyi də fəal şəkildə müzakirə olunur.
O zaman Ermənistan mediasında ABŞ-ın Ermənistandakı səfirinin məktəb proqramlarında “erməni kilsəsinin tarixi” fənninin olması, həmçinin bununla bağlı dini azlıqlara göstərilən təzyiqlə bağlı narahatlığını bildirdiyi haqda informasiya yayılmışdı.
• Ermənistanda yezidlər öz problemlərini özlləri həll edirlər
Həmin vaxt təhsil naziri bildirmişdi:
“Biz həqiqətən də bu fənlə bağlı şikayətlər alırıq. Amma fənnin saxlanmasını istəyən vətəndaşlardan çox sayda müraciətlər də var. Biz bu məsələni müzakirə edəcəyik və məktəblərdə bütün fənlərin, o cümlədən də Erməni kilsəsinin tarixi fənninin məqsədəuyğunluğu ilə bağlı qərar qəbul edəcəyik”.
Bu yaxınlarda o, yenidən “hər bir mövcud fənnin məqsədəuyğunluğu” məsələsini şərh edib:
“Biz vaxtaşırı bütün ermənilərin katolikosu və kilsə nümayəndələri ilə görüşürük ki, bu fənnin məktəb proqramında mövcudluğunu müzakirə edək. Yekun tədris planı 2023-cü ildən dəyişdiriləcək”, – Harutunyan deyib.
Nəticədə bu məsələ Ermənistanın baş naziri Nikol Paşinyana gedib çıxıb.
“Tədris proqramlarında “Ermənistan tarixi” fənninin olduğu halda “Erməni kilsəsinin tarixi” fənninin keçilməsində məntiq payı yoxdur”, – hökumət başçısı noyabrın 4-də, Facebook səhifəsində canlı yayım zamanı deyib.
Paşinyan izah edib ki, şagirdlərin təfəkküründə erməni xalqı ilə Erməni Apostol Kilsəsi arasında parlanma yaranır, əslində isə bu belə deyil.
O, həmçinin əlavə edib ki, “Erməni kilsəsinin tarixi” fənninin “Ermənistan tarixi” kursuna daxil edilməsi təqdirində şagirdlər sadəcə qazanacaqlar, çünki nəticədə yükləri azalacaq. Axı tarixən kilsə ölkə tarixində böyük rol ooynayıb və onların parçalanması məqsədə uyğun deyil.
“Erməni kilsəsinin tarixi” fənni 2003-cü ilin yanvarında məktəblərin 4-5-ci siniflərinin məcburi tədris proqramına daxil edilib, 2005-ci ildə isə artıq 4-10-cu sinif şagirdləri üçün məcburi olub. Bəzi məktəblərdə bu fənn din xadimləri tərəfindən, qalanlarında isə tarix müəllimləri tərəfindən tədris edilir.