Ermənistanda böyük yoluxma partlamaları gözlənilir. Baş nazir “pandemiya əleyhinə hərəkat” yaratmağa çağırır
Baş nazir Nikol Paşinyan iyunun 4-də səhər Facebook səhifəsində Ermənistanda “pandemiya əleyhinə hərəkat” yaradılması çağırışı ilə çıxış edib.
O, hamıya və hər kəsə sanitar normalara əməl etməyi, digərlərindən də bunu tələb etməyi və pozuntu haqları haqda sosial şəbəkələrdə yazmağı təklif edir.
Bu çağırış hər gün 500 nəfərdən çox insanın koronavirusa yoluxmasının təsdiqlənməsi ilə əlaqədardır.
Amma hələlik hökumət sərt məhdudiyyətlərə qayıtmaq və biznesin işini dayandırmaq niyyətində deyil.
İyunun 4-də Ermənistanda 697 koronavirusa yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə ölkədə 11221 nəfər yoluxub. 3468 nəfər sağalıb, 7509 nəfərin müalicəsi davam edir. 176 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
- “Qorxmasan – yoluxmazsan”. Azərbaycanda karantin ləğv edilib – insanlar nə düşünür?
- “Maskasızların ovu” və yeni ticarət mərkəzinin açılışı – Azərbaycan koronavirus epidemiyasının ikinci dalğasını necə yaşayır?
Baş nazir nə haqda danışıb?
Paşinyan bildirib ki, koronavirusla bağlı vəziyyət getdikcə daha da pisləşir:
“Elə vəziyyət yetişib ki, bizim tibb müəssisələri artıq müalicəyə ehtiyacı olan yeni xəstələri qəbul edə bilmir… Biz son həddə çatmışıq, səhiyyə sisyemi çətinliklə bunun öhdəsindən gəlir…
Hər kəs bir-birinə potensial virus daşıyıcısı kimi yanaşmalıdır. Çünki biz dəqiq bilirik ki, ölkədə minimum 20 min əlamətsiz xəstə var, bəlkə də daha çox, hansılar ki, bu haqda sadəcə bilməyə bilərlər”.
Koronavirusla yeganə ümbarizə vasitəsi insanların öz məsuliyyəti və ictimai nəzarət elan edilib.
İyunun 2-dən baş nazir Facebook səhifəsində bankların, poçt şöbələrinin və ya mağazaların qarşısında insanların kütləvi şəkildə toplaşdığını əks etdirən sosial şəbəkə istifadəçilərin ona göndərdiyi fotolarını paylaşır.
Paşinyan insanları pozuntularla bağlı şəkilləri göndərməyə davam etməyə çağırır ki, “pozuntulara yol verən vəzifəli şəxslər məsuliyyətə cəlb olunsun”.
“Məsələn, dünən banklarla bağlı vəziyyət anındaca həll edildi, çünki burada nüfuz riski var və bu vacibdir. Banklar öz nüfuzu ilə risk etmək istəmir, buna görə də dərhal reaksiya verdilər”, – baş nazir bildirib.
Yeni yoluxma partlamaları gözlənilir
Səhiyyə naziri Arsen Torosyan vaxtaşırı olaraq hadisələrin mümkün inkişafı ilə bağlı proqnozlarını açıqlayır. Onun son proqnozu 4 iyunda səslənib: Ermənistanı yeni genişmiqaslı koronavirusa yoluxma partlamaları gözləyir.
Bu hallar artıq işə düşmüş və əməkdaşları arasında yoluxma halları qeydə alınmış iri müəssisələrlə bağlı olacaq.
Xəstələrin vəziyyətinə gəlincə, 391 nəfər ağır vəziyyətdədir, 59 nəfər kəskin ağır vəziyyətdədir. Ağciyərlərin süni ventilyasiyası aparatlarına 15 nəfər qoşulub.
Nazir vurğulayıb ki, səhiyyə sistemi xəstələrin xəstəxanalara yerləşdirilməsində artıq çətinlik çəkir. Hazırda təxminən 15-20 faiz yoluxan şəxsin xəstəxanaya yerləşdirilməsinə ehtiyac var, qalanlar evdə poliklinika həkimlərinin nəzarətində qalır.
“İndi bizə göstəricilərin ciddi şəkildə azalmasını qeyd etmək lazımdır ki, yanaşmamızı davam etdirə bilək – heç kimi tibbi yardımdan məhrum buraxmayaq… Əks halda çətin olacaq”, – Torosyan xəbərdarlıq edib.
Yoluxanların sayının artmaqda davam etməsi ilə əlaqədar olaraq siyasətçilər səhiyyə sistemini tənqid etməyə başlayıblar. Nazir iisə onlara belə cavab verib:
“Onilliklər boyu maliyyə çatışmazlığı yaşayan, onilliklər boyu payına yalnız 1,4 faiz ÜDM düşən, maddi-texniki planda kifayət qədər inkişaf etməmiş bir sistem on dəfə artıq maliyyə alan digər sistemlərlə bir səviyyədə özünü göstərdi – tibb işçilərinin öz işinə sədaqətli münasibətinin sayəsində. Buna görə şəxsən mən onlara dərin minnətdarlığımı bildirirəm”.
Vəziyyət haqda fikirlər
Siyasi şərhçi Akop Badalyan koronavirusla bağlı yaranmış vəziyyəti şərh edib:
“Karantin dövründə bizdə qeydə alınmış halların çoxalması tendensiyası vardı. Və o zaman artıq səhiyyə naziri bildirmişdi ki, virusla bağlı vəziyyət nəzarətdən çıxıb.
Yəni kimsə düşünürdü ki, iqtisadiyyatı və ictimai həyatı praktiki olaraq tam açaraq bizdə yoluxanların sayı azalacaqdı? Ölüm halları çox ağrılıdır, hətta əgər yalnız bir ölüm olsaydı belə. Amma statistika nöqteyi-nəzərdən demək olarmı ki, gözlənilməz nəsə baş verir?
Sadəcə bu qiyamət səs-küyünə son qoymaq və təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Hökumət isə sadəcə yoluxanların sayının artmasına hazır olmalı idi”.
Jurnalist Nune Haxverdi hesab edir ki, komendantlıq vaxt itkisinə yol verib, o mənada ki, insanlara epidemiyanın ən başından virusun təhlükəsini anlamağa imkan verməyib. Hökumət hesab edirdi ki, əhali arasında panikanın aradan qaldırılması üçün ölkə mediası yalnız rəsmi məlumat ötürməli, öz materiallarını isə dərc etməəlidir. Və Ermənistanda çoxları sayıqlığı əldən verdi, bəziləri ümumiyyətlə düşünür ki, heç bir virus yoxdur:
“Mart-aprel aylarında xəstəxanalardan kadrların olmaması, səhiyyədəki real vəziyyətin bəzədilməsi yaxşı heç nəyə gətirib çıxarmadı. Biz infeksion xəstəxanaların qarşısında növbələri və toplanan insanları görsəydik, poliklinikaların yorğunluqdan tükənmiş və yoluxmuş tibb bacılarını, həkimlərini dinləsəydik, hansıların ki, artıq psixoloji məsləhətlər verməkdən başqa əllərindən heç nə gəlmir…, insanların sayıqlığı xeyli daha yüksək olardı”.
Sosial şəbəkələrdə nə yazırlar?
Sosial şəbəkələrdə yaranmış vəziyyəti fəal şəkildə müzakirə edirlər. Budur bəzi şərhlər:
“Sizin fleşmoblarınız artıq kömək etməyəcək. Bu tədbirlərin səmərəsi yalnız 2 həftədən sonra görünəcək, amma bu, elə kiçik olacaq ki, əməl edən də olmayacaq. Yoluxmaların 80 faizi ailə daxilində baş verir. Və bu 20 min elə bu an öz ailələrində doğmalarını yoluxdururlar”.
“Dərhal sərt karantin elan etmək lazımdır. İnsanlara ərzaq pulu verin və dərhal karantin elan edin. Sizin asfaltsız yollarınız insan həyatından daha önəmli deyil və büdcə vəsaitlərini daha gərəkli məcralara yönəltmək lazımdır. İndi siz kometik təmirlə məşğulsuz, halbuki fundamentlə bağlı probleminiz var”.
“İlk gündən ölkə sakinləri bütün baş verənlərə çox vecsiz yanaşırdılar. Maraqlıdır, hansı dildə demək lazımdır ki, aydın olsun? Xalq qanuna tabe olmağa alışmayıb və tabe olmaq istəmir. Hər şeyə barmaqarası baxmağa alışıblar”.
“Çox təəəssüf ki, insanlar öz sağlamlıqları üçün belə öz istəklərindən imtina edə bilmirlər. Mən 12-ci sinif məzunuyam. Mən də bütün məzunlar kimi son zəngi təmtəraqlı keçirmək arzusundaydım. Amma biz, bizim valideynlərimiz, müəllimlərimiz vəziyyəti nəzərə alaraq hazırkı şərtlərlə barışdıq. Biz tək-tək attestatlarımızı aldıq – boş məktəbdə maska və əlcəkdə. Amma tələblərə əməl etməyənlərə görə, biz normal həyata qayıda bilmirik”.
“Ancaq xalq günahkar deyil. Tapşırıq verin ki, bütün müəssisələr məsafə gözləmək üçün zonalar yaratsınlar! Tələbi yerinə yütirməyən isə qoy cərimə ödəsin!”