Ermənistan-Azərbaycan sərhədində kim və niyə gərginliyə təkan verib? Bu, Rusiya ola bilərmi?
Ermənistan-Azərbaycan sərhədində iyulun 12-dən 15-ə qədər davam edən fəal hərbi əməliyyatlara Rusiyanın aidiyyatı ola bilərmi? Bu, Ermənistanın sözə baxmayan baş nazirinə qarşı “cəza” ola bilərmi? Türkiyə ilə Rusiya arasında qaz boru-kəmərləri də daxil olmaqla bir çox məsələlərdə rəqabətin artması rol oynamış ola bilərmi?
Bu və digər versiyaları nəzərdən keçirək.
İyulun 12-də Ermənistanın Tavuş vilayəti ilə Azərbaycanın Tovuz rayonunun sərhədində nisbətən kiçik hadisə baş verib – Azərbaycan SQ-ə aid olan UAZ Ermənistan mövqelərinə yaxınlaşmağa başlayıb.
Bu hadisə gözlənilmədən hər iki tərəfdən döyüş dronu və artilleriyanın istifadəsi ilə genişmiqyaslı toqquşmalara gətirib çıxarıb. Toqquşmalar iyulun 15-ə qədər davam edib, bundan sonra nisbi sakitlik yaranıb.
Ermənistan tərəfi bildirir ki, dörd hərbçi həlak olub.
Azərbaycan tərəfi 12 nəfərin, o cümlədən də korpus qərargahı rəisinin, artilleriya korpusu rəisinin və digər zabitlərin həlak olduğu haqda məlumat yayıb.
Ermənistanın məlumatına əsasən, Azərbaycan tərəfi eyni zamanda 10 dronunu itirib.
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycana aid atəşin idarə olunması sisteminin qurulduğu “Elbit Hermes 900” pilotsuz uçuş aparatının vurulduğunu əks etdirən video yayıb.
● Azərbaycan və Ermənistan sərhədində qarşılıqlı atışmanın dördüncü günü vəziyyət sakitləşib
● Bakıda iğtişaşlar Ermənistanla sərhəddə həlak olanların nəşləri gətiriləndən sonra başlayıb
Versiya: Rusiya baş nazir Paşinyanı nəzarət altına almaq istəyir
Rusiyanın təsiri altında olan informasiya məkanında Tavuşdakı təxribatın arxasında məhz Rusiyanın dayandığı fəal şəkildə müzakirə olunur.
Bunu Rusiyanın ona tabe olmayan “sözəbaxmaz” baş nazir Nikol Paşinyanı cəzalandırmaq istəyi ilə izah edirlər.
Arqumentlərdən biri kimi Rusiya və onun yaratdığı KTMT-nin açıq şəkildə Ermənistanın müdafiəsinə qalxmaması, məsələn, Türkiyənin Azərbaycana münasibətdə davrandığı kimi davranmaması göstərilir. Üstəlik də Yerevanın israrla Bakını KTMT üzvü olan ölkəyə qarşı təxribatlarda ittiham etməsinə baxmayaraq.
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Rusiyanı köməyə çağırmayıb. Amma RF xarici işlır naziri Sergey Lavrovla danışdığı zaman bəyan edib ki, Azərbaycan atəşkəsi pozmaqla həm də Ermənistan ərazisində yerləşən SQ-nin istinad nöqtəsini də hədəfə alıb.
Amma Rusiya yalnız Putinin mətbuat katibi səviyyəsində gərginliyin nizamlanmasında öz vasitəçiliyini təklif edib. Yerevan da buna cavab olaraq bildirib ki, öz ordusu vəziyyətin öhdəsindən gəlir və yardıma ehtiyacı yoxdur.
Versiya: Türkiyə ilə Rusiya arasında “qaz mübahisəsi”
Ermənistanın Təhlükəsizlik və Beynəlxalq Əlaqəlar İnstitutunun eksperti Hayk Qabrielyanın fikrincə, gərginləşməyə Türkiyə və Rusiya arasında qaz münaqişəsi təkan vermiş ola bilər.
Onun sözlərinə görə, Rusiya qazının Türkiyəyə çatdırılması 40 faiz azalıb, bunun əvəzində Azərbaycan qazının Tovuz rayonu ərazisindən keçən Bakı-Tbilisi-Ərzurum boru-kəməri ilə Türkiyə və Avropaya nəqli artacaq.
Bu rayon Ermənistanın Tavuş vilayəti ilə sərhəddə yerləşir, toqquşmalar da məhz orada baş verib.
Ekspert hesab edir ki, Türkiyə qaz kəmərini Rusiyanın təxribatlarından qorumaq üçün Azərbaycanda öz hərbi qüvvələrini yerləşdirməyə çalışır.
Qabrielyan onu da istisna etmir ki, “kimsə qaz kəmərini partlatmaq niyyətinə düşə və məsuliyyətini Ermənistanın üzərinə ata” bilər.
Versiya: Türkiyə və Rusiya arasında Liviya və Suriya ilə bağlı məsələlərdə rəqabət
Bu versiya belə səslənir.
Türkiyə fəallığı Ermənistan-Azərbaycan münaqişəsi zonasına keçirmək istəyir ki, Rusiya ilə Liviya və Suriya məsələlərində sövdələşməyə girə bilsin.
Qarabağdakı münaqişəyə müdaxilə etmək üçün Türkiyənin mandatı yoxdur, amma söhbət Naxçıvandan gedərsə, müdaxilə edə bilər, 1921-ci il Qars sazişinə əsasən, Azərbaycanın “himayədarı” sayılır.
Bundan sonra necə olacaq?
Məqalə dərc olunan anda toqquşmalar dayandırılıb. Sadalanan versiyalardan hələlik heç birinin təsdiqi yoxdur.
Hadisələrin bundan sonrakı inkişafı üçün beynəlxalq reaksiyaların xüsusi önəm daşıyacağını ehtimal etmək olar.
Bu, belə görünür:
Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin aparılmasına kömək edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya ABŞ və Fransa tərəfləri təmkinə dəvət edib və müşahidəçiləri regiona qaytarmağın, ATƏT-in monitorinqlərini yenidən həyata keçirməyin faydalı olacağıehtimalını səsləndiriblər.
Monitorinqlər 2020-ci ilin martında koronavirus pandemiyası səbəbilə dayandırılıb.
ATƏT-in hazırkı sədri, Albaniyanın baş naziri Edi Rama həmçinin Ermənistan və Azərbaycanı dərhal atəşkəs rejiminə qayıtmağa çağırıb.
Bundan başqa, BMT-nin və ABŞ Dövlət Departamentinin baş katibi Antoniu Qutterişdən də belə çağırış gəlib.
Amerikada Ermənistanın Milli Konqresi bəyan edib ki, “Ermənistan sərhədlərinə qarşı təcavüz fonunda ABŞ Nümayəndələr Palatası iyuıun 20-də Azərbaycana göstərilən hərbi dəstəyin dayandırılması məsələsinə baxacaq”.
Qonşu Gürcüstan və İran neytral mövqe tutublar, rəsmi Yerevan da buna anlayışla yanaşır.
Ukrayna Azərbaycana dəstək verib və bu ölkənin ərazi bütövlüyübüb qorunmasının vacibliyini vurğulayıb ki, bu da Ermənistan hakimiyyətində qəzəb doğurub.
Gözlənildiyi kimi Türkiyə də Azərbaycana qeyd-şərtsiz dəstək ifadə edib. Ermənistan XİN-i bununla bağlı narazılığını ifadə edib, çünki Türkiyə danışıqlar üçün yaradılmış ATƏT-in Minsk Qrupunun üzvüdür.
Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews və ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.