Ermənistan və Aİ viza rejiminin ləğvi ilə bağlı dialoq planlaşdırır
Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan bildirib ki, “Ermənistan və Avropa İttifaqı son üç ildə viza rejiminin sadələşdirilməsi və readmissiyası haqda razılaşmanı uğurla həyata keçirib”. Nalbandyanın sözlərinə görə, növbəti addım viza rejiminin liberallaşdırılması haqda dialoq olacaq.
Bəyanat Vişeqrad dördlüyü və Şərq tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin Varşavadakı görüşündə səslənib.
Viza rejiminin liberallaşdırılması Ermənistan və Aİ arasında imzalanması planlaşdırılan Çərçivə Sazişi çərçivəsində nəzərdə tutulub. Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil olduğu üçün 2013-cü ildə assosiasiya haqda Saziş imzalanmadı.
İmzalanacaq Çərçivə Sazişini çoxları siyasi adlandırır. Assosiasiya haqda ötən Saziş daha çox iqtisadi idi və Azad Ticarət Zonasının yaradılmasını nəzərdə tuturdu.
Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikaelyan vizasız rejimin əldə edilməsini real hesab edir. Onun sözlərinə görə 2013-cü ildə Assosiasiya haqda Sazişi imzalamaq mümkün olmadı, amma bununla belə Ermənistan vətəndaşları üçün viza rejimi yumşaldıldı.
Hazırda imzalanmağa hazırlanan yeni razılaşma çərçivəsində viza rejiminin ləğvi ilə bağlı danışıqların başlanması gözlənilir. Danışıqların 2017-ci ilin sonunda başlaması və 2019-2020-ci illərdə yekunlaşması mümkündür.
Ermənistan Xarici İşlər naziri Varşavadakı görüş zamanı həmçinin “Şərq rtərəfdaşlığının” əsas prinsiplərdən birinin – vətəndaşların mobilliyini təmin etməyin vacibliyi haqda bildirib ki, bu da cəmiyyətlər arasında əlaqələrin genişlənməsinə xidmət edəcək.
O bəyan edib ki, Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında əlaqələr “realist və konkret nəticələrə hədəflənmiş dialoqun bir hissəsi olmalıdır. Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü və Şərq tərəfdaşlığının iştirakçısı olaraq bu işə öz töhfəsini verməyə hazırdır”.