Ermənistan-Türkiyə “normallaşması”: asimmetriya fonunda gözləntilər
Ermənistan-Türkiyə “normallaşması”
Qarabağda 2020-ci il 44 günlük müharibədə misilsiz itkilər Ermənistan üçün qeyri-müəyyənlik və təhlükəsizlik sahəsindəki problemlərlə xarakterizə olunan dövrün başlanğıcı oldu.
Məğlubiyyətin sərt reallığı ilə üzləşən Ermənistan yeni reallığau yğunlaşmağa və gözlənilməz problemlərin həllinə kömək edə biləcək yeni post-müharibə strategiyasını yaratmağa çalışdı.
Bu fonda Ermənistan qonşu ölkə ilə münasibətlərin “normallaşması” üçün Türkiyə ilə əməkdaşlığı bərpa etmək qərarına gəlib.
Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması yeni siyasət deyil, nailiyyətlər də çox da yeni deyil. İki hədəf – sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması – qonşular üçün hər halda sadəcə təməl minimumudur.
Üstəlik hər hansı ölkələr arasında sərhədlərin bağlı olması və diplomatik münasibətlərin olmaması böyük gerilikdir.
Normallaşdırma barışıq və yaxınlaşma deyil, hərçənd bir neçə nəsli əhatə edəcək daha iddialı hədəflərin təməli ola bilər.
Amma Ermənistan və Türkiyə arasında diplomatik danışıqların yeni raundu təəccüblü dərəcədə sürətli oldu. Müsbət mesajların böyük axını, Ermənistan və Türkiyə liderlərinin 2021-ci il dekabrın ortalarında səsləndirdikləri bəyanatların ardınca sıçrayış baş verdi.
O zaman Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu elan etdi ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması yönündə danışıqları aparmaq üçün səlahiyyətli “xüsusi elçi” təyin edəcək.
Bir həftə keçməmiş hər iki tərəfdən xüsusi elçinin təyin edilməsi yeni siyasi münasibətlərin başlanğıcı oldu.
- Ermənistan-Azərbaycan: bundan sonra nə olacaq?
- Müharibələr mübahisələrə son qoyur və məsələləri həll edir. Azərbaycandan şərh
- Qarabağın statusu – hansı perspektivlər və variantlar mövcuddur? Bakıdan baxış
“Ön şərtsiz”
Ermənistanda Çavuşoğlunun bəyanatı Ermənistanla münasibətlərin normallaşdırılmasının lehinə çıxış edən Türkiyənin çox şey vəd edən yeni siyasi iradəsi kimi qəbul edildi.
Amma Ermənistanın mövqeyi hələ də “ön şərtsiz” tələbinə köklənib. Bu siyasət normallaşmanın və ermənilərin soyqırımı və Qarabağ münaqişəsi kimi digər amillərin arasında istənilən birbaşa əlaqəni kənarlaşdırmaqdan ibarətdir.
Bu nöqteyi nəzərdən Ermənistanın “ön şərtsiz” siyasəti Türkiyə ilə ikitərəfli münasibətlərə köklənməkdən ibarətdir.
Ermənistan da eyni zamanda Türkiyəyə qarşı irəli sürülə biləcək tələblərin və şərtlərin, ilk növbədə də Türkiyənin erməni soyqırımını tanıması ilə bağlı gözləntilərin üzərindən keçir.
Münasibətlərin bərpa olunmasına bu cür mülayim yanaşmanı nəzərə alaraq Ermənistan Türkiyə tərəfindən də eyni addımı gözləyir. Bu isə o deməkdir ki, Türkiyənin son anda irəli sürəcəyi istənilən tələb iki ölkə arasındakı prosesi poza bilər.
“Dərslər öyrənilib”
Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılmasının son raundu yeni müharibədən sonrakı reallıqla müəyyən olunur. Hər iki tərəf 2009-cu ildə baş vermiş bundan öncəki raundda öyrənilmiş bir neçə dərsdən çıxış edir.
Həmin raund Sürixdə iki protokolun imzalanması ilə nəticələnmişdi, amma Azərbaycanın gecikmiş mənfi reaksiyasından sonra uğursuzluqla başa çatdı.
Bu dəfə ən aydın görünən fərqlərdən biri xüsusi nümayəndələrin birbaşa şəxsi görüşlərinə əsaslanan diplomatik prosesin işə düşməsidir.
2009-cu ildə İsveçrənin vasitəçiliyi ilə davamlı gizli diplomatiya həyata keçirilmişdi, kulminasiya nöqtəsi də Ermənistan-Türkiyə protokolları oldu. Bu dəfə isə Ermənistan və Türkiyənin rəsmi şəxsləri arasına ön təmaslar və ya gizli görüşlər çox azdır.
Bununla əlaqədar ikinci fərq ondan ibarətdir ki, indi əsas diqqət parlament ratifikasiyası olmadan razılaşdırıla bilən praktiki və daha ölçülü tədbirlər haqda danışıqlara ayrılır. Öncəki protokollarda məhz bu, siyasi maneə oolmuşdu.
Vəziyyətin həlledici xüsusiyyətləri
Hazırkı raundda yeni müharibədən sonrakı reallığın çərçivələrini aşan bir sıra həlledici fərqlər var.
Əsas fərqlərdən biri Ermənistan və Türkiyə arasında yeni müxtəlifliklərdən ibarətdir.
Ermənistan misilsiz məğlubiyyət və dövlətçiliyin zəifləməsinə baxmayaraq, yenə də ölkə tarixinin ən ciddi maneələrindən birini aşa bildi.
Paşinyan hökuməti 2021-ci ilin iyununda keçirilən növbədənkənar seçkilərdə yenidən seçildi, yeni mandat qazandı və parlament çoxluğunu qorudu. Nəticədə Ermənistanda stabillik perspektivləri ciddi şəkildə yüksəldi.
Türkiyədə Ərdoğan hökuməti hazırda əhəmiyyətli dərəcədə zəifləyir. O, populyarlığın ciddi zəifləməsi və iqtisadi böhranla qarşı-qarşıya qalıb.
Bu kontekstdə Ermənistanla münasibətlərin normallaşdırılması Türkiyə hökuməti üçün xarici siyasətdə nadir qələbə və “dövlətin müdrikliyini” nümayiş etdirmək imkanı ola bilər.
Ermənistan və Türkiyə arasında asimmetriya həm də tərəflərin necə təmsil olunmasında da özünü göstərir.
Türkiyə Ermənistanla danışıqlar üçün karyeralı və təcrübəli diplomat, Türkiyənin Birləşmiş Ştatlardakı keçmiş səfiri Sərdar Kılıçı xüsusi nümayəndə təyin edib.
Ermənistan tərəfi həm diplomatiya, həm də danışıqlar aparmaqda az və ya sıfır təcrübəyə malik gənc parlament üzvü – Ermənistan parlamentinin vitse-spikeri 31 yaşlı Ruben Rubinyanı seçib.
Ermənistanın seçimi xüsusən ona görə maraqlıdır ki, ölkədə institusional yaddaş və əvvəlki hökumət zamanı danışıqlarda iştirak etmiş şəxslər yoxdur. Bu da Türkiyənin uzun illərin ənənələrinə və Ermənistanla öncəki danışıqlarda qazanılmış təcrübəsinə əsaslanmaq qüdrəti ilə müqayisədə zəiflikdir.
Amma bu diplomatik uyğunsuzluqda üstünlük də var.
Məsələn, normallaşma prosesi peşəkar diplomatlarla yox idarə olunmur, hər iki ölkənin siyasi rəhbərliyi tərəfindən diqtə edilir.
Bu da o deməkdir ki, Türkiyənin yanaşması – hətta xüsusi elçi olduqda belə – bir çox hallarda şəxsən prezident Ərdoğan tərəfindən müəyyən ediləcək. Ölkənin Xarici İşlər Nazirliyinə isə tabeçilik rolu verilib, XİN sadəcə həyata keçirir, Ermənistana münasibətdə siyasi təşəbbüskar deyil.
Ermənistanın xüsusi nümayəndəsi isə diplomat deyil və Ermənistanın baş naziri Nikol Paşinyana birbaşa çıxışı var.
Rubinyanın baş nazirin etibarlı adamı olması faktı ona Türkiyə ilə apardığı işdə hakimiyyət və muxtariyyət verir. Bu isə öz növbəsində çeviklikdə və sürətli reaksiyada taktiki üstünlük yaradır ki, bu da Kılıçın böyük diplomatik üstünlüyünün öhdəsindən gəlməyə kömək etməlidir.
Xarici aktorların rolu
Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin birinci rəsmi görüşünün keçirildiyi yer də təsadüfi deyil. Bu görüş Moskvada 2022-ci il yanvarın 14-də keçirilib və prosesdə Rusiyanın hökmranlığını əks etdirib.
Rusiya 2020-ci ildə atəşkəs sırıyaraq və öz sülhməramlılarını yeridərək müharibəyə son qoyub. Rusiya həmçinin regional ticarən və nəqliyyatın bərpası prosesini idarə edir.
Moskvada görüşün keçirilməsi Rusiyanın dəstəyini təmin edir, o cümlədən də onun uğurda maraqlı olduğunu vurğulayır.
Amma ən mühüm xarici amil yenə də Rusiya deyil. Axı məhz Azərbaycan 2009-cu ildə Ermənistan-Türkiyə protokollarını uğurla pozmuşdu.
Məhz Azərbaycan Türkiyənin Ermənistana münasibətində həlledici rol oynayır. Türkiyə Azərbaycanı öz şəxsi “qırmızı cizgisi” hesab edir və bu, onun maraqlarına zərər verməməkdən ibarətdir.
Digər mühüm xarici amillər də var.
Türkiyəni motivasiya edən hərəkətləndirici qüvvə qismində ölkənin NATO alyansı şərçivəsində təcridinin mümkün zəifləməsini və ənənəvi müttəfiqi AB-dan uzaqlaşmanın qarşısının alınmasını göstərmək olar.
Üstəlik Ermənistanla münasibətlərin normallaşması eyni zamanda onun özünün İsrail və BƏƏ ilə iddialı barışığı ilə razılaşdırılır və Avropa İttifaqından mühüm diplomatik dividentlər nəzərdə tutur.
Bundan sonrası
Ermənistan və Türkiyə arasında gələcək diplomatik danışıqlar kontekstində iki əsas risk var.
Birincisi – Ermənistan və Azərbaycan arasında gərginlik qaldığı üçün danışıqlar özlüyündə çox həssasdır. Azərbaycan qüvvələri tərəfindən Ermənistan ərazisinə hücumlar baş verir, dinc sakinlərin saxlanması və əsir götürülməsi halları davam edir.
İkinci risk Türkiyədə yaxınlaşan seçkilər və Türkiyə siyasətində ciddi böhranla əlaqədardır ki, bu da normallaşdırma perspektivlərini ölkənin daxili siyasi vəziyyətindən daha da asılı edir.
Bununla belə mürəkkəb perspektivlərə baxmayaraq, haqlı nikbinlik də mövcuddur. Normallaşdırma təhlükəli və risklərə məruz qalmış regionda nadir müsbət irəliləyiş ola bilər.
Riçard Qiraqosyan Yerevanda Müstəqil Analitik Mərkəzin Regional Tədqiqatlar Mərkəzinin (Regional Studies Center) direktorudur.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.