Ermənistan: “Sağ qalmaq sənətinin” vacib olduğu zamanlar
“Əgər biz sülh istəyiriksə, onu qazanmalıyıq. Bunun birbaşa yolu güclü olmaqdır”, – “Sağ qalmaq sənəti” təşkilatının Ermənistanda və ölkədən kənarda yaşayan bütün ermənilərə çağırışı bundan ibarətdir.
Bu ictimai təşkilat 2014-cü ildə yaranıb, əsasını peşəkar hərbçilər və veteranlardan ibarət qrup tərəfindən qoyulub. Onlar əsas məqsəd kimi müharibə şəraitində özünü qorumağa hazır olan cəmiyyətin yaradılmasını elan ediblər.
Təşkilat artıq Ermənistanın Azərbaycanla sərhəddə yerləşən cənub regionu Sünikin üç şəhərində öz filiallarını açıb. Tezliklə ölkənin şimalında – Şirakda, sonra da digər vilayətlərdə filiallar açılacaq.
- Yeni seçkilər, Qarabağ məsələsi, əsirlərin qaytarılması: politoloq Ermənistanın gələcəyi haqda
- Moskvaya doğru boylanaraq: Ermənistan Aİ-dən böyük maliyyə yardımı alacaq
Təşkilat nə və necə edir?
Qarşılarına qoyduqları məqsədə çatmaq üçün “Sağ qalmaq sənəti” təşkilatı ongünlük, üçaylıq və altıaylıq təlim toplantıları keçirir. Bütün arzu edənlər – heç bir məhdudiyyətsiz bu toplantılarda iştirak edə bilər. Toplantılar zamanı iştirakçılar ən müxtəlif bilgi və bacarıqlar əldə edirlər, onlar üçün taktiki, dağ, atəş, hətta ilk tibbi yardım hazırlığı üzrə məşğələlər keçirilir.
Sovet zamanı əhali arasında əks-səda doğurması çətin olan “Sağ qalmaq sənəti” ideyası indi çoxlarına aktual gəlir. Nəticədə təşkilat fəaliyyət göstərir və Ermənistan sakinlərinin, həmçinin xarici diasporanın maliyyə dəstəyilə öz proqramlarını həyata keçirir.
“Sağ qalmaq sənətinə” maraq beş il əvvəl – 2016-cı il, dördgünlük müharibədən sonra kəskin artıb, 2020-ci il ikinci Qarabağ müharibəsi zamanı və sonra daha da dərinləşib.
İştirakçılar haqda
Roman Simonyan “Sağ qalmaq sənətinə” 2017-ci ildə qoşulub.
“2016-cı il aprel müharibəsindən sonra məndə aydın əminlik yarandı ki, gələcəkdə vəziyyət ancaq daha da pisləşəcək. Mən də qərara gəldim ki, hərbi hazırlıqla daha ciddi məşğul olum”, – Roman deyir.
“Sağ qalmaq sənəti” təlimlərindən sonra yaranan hissi özü üçün çox mühüm hesab edir: o, tək deyil, öz döyüş hazırlığını artırmaq və lazım olduğu təqdirdə ölkənin sərhədlərini qorumağa hazır olan çox insan var.
Son zamanlar təşkilatın təlim toplantılarında daha çox qızlar və qadınlar iştirak etməyə başlayıb.
“Müxtəlif yaşlarda və cinsdə insanların bir məqsəd – vətənin müdafiəsi ətrafında birləşməsi mənə ruhlanddırıcı hal kimi gəlir. Üstəlik qadınlar çox vaxt kişilərdən daha səlist atıcı ola bilirlər, müəyyən şəraitdə isə onlar qərar qəbul etməyin öhdəsindən daha yaxşı gəlirlər.
Cəmiyyət heç də həmişə bu faktı qəbul etməyə hazır olmur. Amma mənə elə gəlir ki, artıq dəyişmək vaxtıdır və biz tədricən dəyişirik. Döyüş meydanında kişi və qadın yoxdur, hamı vətənin müdafiəsinə hazır olmalıdır”, – Roman deyir.
Təşkilatın əsasını qoyanlardan biri Vaqinaka Vartanovanın sözlərinə görə, təlim toplantılarında iştirak edən qızlar və qadınlar uğurla kurslardan keçirlər, üstəlik tapşırıqları böyük səylə yerinə yetirirlər:
“Oğlanlara elə gəlir ki, əgər onlar orduda xidmət ediblərsə, deməli, artıq hər şeyi bilirlər. Qızlar isə məhz bilgi almağa, bu boşluğu doldurmağa gəlirlər. Onlar mürəkkət məşqləri və yükü yaxşı keçirirlər. Məncə, bu, qızların bura bacaracaqlarını özlərinə və başqalarına sübut etmək üçün gəldikləri ilə izah olunur”.
Adelina Vardanyanın 21 yaşı var. O, “Sağ qalmaq sənəti” komandasına 2020-ci ilin dekabrından, müharibə başa çatandan bir ay sonra qoşulub. Yerevan Tibb Universitetinin tələbəsi kimi koronavirus pandemiyası zamanı xəstəxanalarda növbə çəkib. Daha sonra müharibə başlayıb və klinikalara yaralı əsgərlər gətirliməyə başlayıb.
“Müharibə günlərində xəstəxanada növbə zamanı anladım ki, döyüş meydanında işləməyə hazır olmaq vacibdir. Dərk elədim ki, bu baxımdan mənim boşluqlarım var. Mən ekstremal vəziyyətlərdə tibbi yardım göstərməyə hazır deyildim, hərbi əməliyyatlar zamanı işləməyə hazır deyildim.
“Sağ qalmaq sənəti” bu boşluqları doldurmaq üçün yaxşı yer idi. Mən düşünürdüm ki, əgər cəbhəyə yollanmaq, səhra hospitalında işləmək lazım gəlsə, silahdan istifadə etməyi bacarmaq da lazım olacaq. Əlbəttə, biz məktəbdə nəsə keçirdik, amma bu, kifayət deyil”, – Adel deyir.
Üçaylıq kurslar bitəndən sonra ona ilk tibbi yardım üzrə təlimçi qismində “Sağ qalmaq sənətinə” qoşulmaq təklif olunub.
“Xəstəxanada növbədə olanda mən görürdüm ki, düzgün göstərilmiş ilk tibbi yardım əsgərin ayağını, həyatını xilas etməyə imkan verirdi. Buna görə də qərar gəldim ki, təklifi qəbul edim və insanlara ilk tibbi yardım göstərməyi öyrədim”, – Adelina danışır.
Onun sözlərinə görə, “Sağ qalmaq sənətinə” gələn hər kəsin öz motivi var:
“Kiminsə, müharibə vaxtı doğmaları döyüş meydanında olub və onlar istəyirlər ki, faydalı olsunlar. Kiminsə, indi də ön cəbhədə xidmət edən doğmaları var və bu gərgin zamanda onlar lazım olduğu təqdirdə öz doğmalarının yanında dura bilmək üçün hazırlaşmaq istəyirlər.
Kimsə dinc zamanda da ilk tibbi yardım göstərməyi öyrənmək istəyir. Bizdə doğmalarını və ya dostlarını müharibədə itirən insanlar var və onlar üçün bu, gəlib lazım olan bacarıqları əldə etmək üçün təkan olub”.
“Sağ qalmaq sənəti” kursunu keçənlər 44 günlük Qarabağ müharibəsində də iştirak ediblər.
“Müharibənin bizə verdiyi əsas dərs bizim vaxtı ötürməyimiz, 30 il müddətində öz üzərimizdə işləməməyimizdir, məşq etmək, stres hallarına hazırlaşmaq lazım idi. Bir də biz anladıq ki, daha mobil olmaq lazımdır. Biz əvvəl də buna diqqət yetirirdik, amma indi mobilliyə daha çox fikir veririk”, – Vaqinak Vartanov deyir.
“Müharibə bir daha göstərdi ki, öz həyatının müdafiəsi və ölkənin müdafiəsi üçün bilik və vərdişlərə sahib olan, vaxtaşırı hazırlıq, məşq keçən insan panikaya düşməz. Öz üzərində işləmək, daha güclü olmaq lazımdır – “Sağ qalmaq sənəti” ilə və ya onsuz. Bu, faktın baha başa gələn sübutudur”, – Roman Simonyan hesab edir.