Ermənistan nümayəndəsi KTMT-nin yeni baş katibi təyin olunub
Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə rəsmən 2017-ci il mayın 2-də başlayacaq və üç il müddətində struktura rəhbərlik edəcək.
Yuri Xaçaturovun namizədliyi KTMT liderləri tərəfindən Bişkekdə keçirilən qeyri-rəsmi görüş zamanı təklif olunub və yekdilliklə qəbul edilib.
General-polkovnik Yuri Xaçaturov 2008-ci ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi və ER Müdafiə nazirinin müavini vəzifələrini tutub. 2016-cı ildə o, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub.
Ermənistan nümayəndəsi rotasiyaya uyğun olaraq hələ 2016-cı ildə KTMT baş katibi vəzifəsini tutmalı idi. Amma KTMT baş katibinin təsdiqlənməsi haqda məsələ dəfələrlə təxirə salınıb. Əvvəlcə 2016-cı ilin oktyabrında təşkilatın Yerevandakı sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayev iştirak etmədiyi üçün. Növbəti dəfə dekabrda KTMT Kollektiv Təhlükəsizlik Şurasının Sankt-Peterburqdakı sessiyasında Belarus prezidenti Aleksandr Lukaşenko iştirak etmədiyi üçün.
Ermənistandan olan ekspertlər bunu Qazaxıstan və Belarus prezidentləri tərəfindən demarş hesab ediblər. Onların fikrincə, bu, KTMT baş katibliyinə erməni generallarından birinin təyin edilməsilə bağlı Azərbaycanın narahatlıq ifadə etməsi ilə bağlı olub.