Ermənistan hakimiyyəti koronavirusa yoluxmaların kəskin artımını proqnozlaşdırır
Ermənistanda koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyət yenə narahatlıq doğurur. Ermənistan hakimiyyəti yaxın iki həftə ərzində yoluxanların sayının artımını proqnozlaşdırır.
Koronavirusun yayılmasının ən vacib göstəricilərindən biri ondan ibarətdir ki, virusun reproduktivlik əmsalı indi yüksəlib və 1,02 təşkil edir. Bu o deməkdir ki, hər yoluxan şəxs bir nəfərdən daha çox insanı yoluxdurur.
•Ermənistanda fövqəladə vəziyyət karantinlə əvəzlənəcək. Fərqi nədir və müxalifət niyə eiraz edir?
•Maskada, tənəffüssüz və yeməkxanasız: Ermənistanda yeni tədris ili
Səhiyyə Nazirliyindən nə deyirlər?
Səhiyyə nazirinin müavini Anahit Avanesyanın sözlərinə görə, yoluxmaların sayının artmasının səbəblərindən biri indi daha çox test edilməsi ilə bağlıdır.
“Amma biz həmçinin testlərin sayında faiz artımını da qeyd edirik – bu gün 7 faizə qədərdir (müqayisə üçün əvvəl 5 faiz idi — JAMnews) ki, bu da narahatlıq doğurur”.
Avanesyan qeyd edib ki, yoluxmaların sayının artımı tendensiyası tədris ilinin başlanması ilə bağlıdır.
“Baxmayaraq ki, məktəblər sentyabrın 15-dən başlayıb, amma artıq buna qədər yetərincə yüksək fəallıq müşahidə olunurdu”, – Anahit Avanesyan bildirib.
O dyeib ki, tədris ilinin başlanması ərəfəsində valideynlər və uşaqlar hazırlıq işlərinə başlayıblar – mağazalar, görüşlər, hədsiz ünsiyyət virusun yayılmasına səbəb olub.
Nazir müavininin sözlərinə görə, məktəblərin açılmasının yoluxma göstəriciləri əyrisinə necə təsir edəcəyi yaxın iki həftə ərzində bəlli olacaq.
Virusun reproduktivlik (Rt COVID19) göstəricisinin artımı indi 1,02 təşkil edir – səhiyyə nazirinin digər müavini Lena Nanuşyan Facebook səhifəsində yazıb:
“Bu göstəricinin 1-dən artıq olduğu halda virusun sürətlə yayılması proqnozlaşdırılır: hər bir yoluxan şəxs bir nəfərdən artıq insanı yoluxduracaq. Cəmi bir neçə gün öncə bu göstərici birdən kiçik idi, bu da yoluxma hallarının azalmasından xəbər verirdi”.
Nazir müavini xatırladıb ki, reproduktivlik göstəricisi mayda, iyunun əvvəlində də yüksək olub, bundan sonra artıq iyulda Ermənistanda yoluxanların sayının kəskin artımı qeydə alınıb.
Lena Nanuşyan bütün təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb: maska taxmaq, əlləri tez-tez yumaq və ya dezinfeksiya etmək, sosial məsafəni gözləmək.
“Əks təqdirdə bizdə yoluxma hallarının sürətlə artımı müşahidə olunacaq”.
Ölkədə koronavirusla bağlı vəziyyət
2020-ci ilin martında Ermənistanda fövqəladə vəziyyət rejimi tətbiq edilib.
İyulun əvvəlinə qədər ölkədə yoluxanların sayı artıb, iyulun 6-ı koronavirusun yayılmasının piki hesab olunur. Bu tarixdən sonra sutka ərzində yeni yoluxma halları azalmağa başlayıb.
Bununla əlaqədar olaraq, avqustun 12-dən komendantlıq ölkəyə əcnəbilərin gəlməsinə, o cümlədən də küçə toplantılarının və mitinqlərin keçirilməsinə icazə verib – epidemiya əleyhinə normalara riayət olunması şərtilə.
Fövqəladə vəziyyət rejiminin müddəti sentyabrın 11-də bitib və bundan sonra Ermənistanda 4 ay müddətinə karantin tətbiq edilib.
Sentyabrın 18-ə qədər ölkədə 239 yeni yoluxma halı aşkarlanıb, ümumilikdə yoluxanların sayı 46 910 nəfərə çatıb. 42 369 nəfər sağalıb, 926 nəfərin həyatını xilas etmək mümkün olmayıb.