Ermənistan hərbçiləri 2020-ci ildə Gürcüstanda NATO təlimlərində iştirak edəcəklər
Ermənistan hərbçiləri 2020-ci ildə Gürcüstanda keçiriləcək NATO-nun Noble Partner çoxmillətli təlimlərində iştirak edəcəklər. Bu haqda Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı David Tonoyanla Yerevanda birgə keçirdikləri brifinqdə bildirib.
Noble Partner təlimləri haqda
İlk Noble Partner təlimləri Gürcüstanda 2015-ci ildə keçirilib. O zaman Ermənistan tərəfi bu təlimlərdə müşahidəçi qismində iştirak edib. 2020-ci ilin sentyabrında komanda-qərargah təlimləri, həmçinin real zaman rejimində təlimlər planlaşdırılıb ki, sonuncu çərçivəsində kiber-təhlükəsizliklə bağlı yeni yanaşmalar və elektron müharibələrə qarşı cavab elementləri hazırlanacaq.
Fevralın 27-də Yerevanda baş tutan görüşün nəticələrinə əsasən nazirlər 2020-ci il ərzində hərbi əməkdaşlıq haqda saziş imzalayıblar.
Brifinq zamanı onlar yekdilliklə bildiriblər ki, danışıqlar uğurlu və səmərəli keçib.
“Biz razılaşdıq ki, bizim dost münasibətlərimizin inkişafına alternativ yoxdur, münaqişələrin sülh yolu ilə həllinə, o cümlədən də regionda stabilliyin təmin edilməsinə alternativ yoxdur”, – Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili deyib.
Ermənistanın müdafiə naziri David Tonoyanın sözlərinə görə, imzalanmış sazişdə söhbət hərbi sahədə, hərbi qulluqçuların sosial təminatında, sülh quruculuğu və dağ təlimlərində müştərək tədbirlərdən gedir.