Ermənilər və azərbaycanlılar Tbilisidə: müharibə zamanı dostluq
Ermənilərin və azərbaycanlıların dostluq edə biləcəyi Bakı və Yerevana ən yaxın yerlərdən biri Tbilisidir. Bakılı Rəhilə artıq 8 ildir ki, burada yaşayır, onun ünsiyyət çevrəsi də əsasən ermənilərdən ibarətdir. Amma uşaqlıqdan düşmən olduğu öyrədilən insanlarla necə dost olmalı və yeni müharibə fonunda bu dostluğu necə qorumalı?
Rəhilənin qızının adı Lalədir, amma uşaq meydançasında dostları onu gürcü təbirincə Lali çağırırlar. O, burada, Tbilisidə doğulub, gürcü dilində az qala 35 yaşlı anasından daha yaxşı danışır.
Rəhilə əri ilə birlikdə evləndikdən az sonra Bakıdan Tbilisiyə köçüb. Rəhilənin əri kompüter təmiri üzrə servis mərkəzində işləyir, özü isə az əvvəl veterinar klinikasına tibb bacısı olaraq işə düzəlib.
“Əvvəl mənim və ərimin həyatında erməni millətinin nümayəndəsi olmamışdı – axı birinci Qarabağ müharibəsi başlayanda və demək olar ki, bütün ermənilər Bakıdan gedəndə biz çox balaca idik. Hərçənd mənimlə bir sinifdə anası erməni olan qız oxuyurdu, amma heç kim bunu xüsusi olaraq ağartmırdı, çünki bizim sinifimiz ümumiyyətlə çox beynəlmiləl idi. Bizdə ləzgilər, yəhudilər, gürcüstanlı və qazaxıstanlı azərbaycanlılar oxuyurdu. Bakıda doğulan təmiz azərbaycanlı ancaq mən idim”.
“Yadımdadır, yeniyetməliyimdə, 16-18 yaşlarımda mən tam ciddi orduda xidmət etmək istəyirdim. Mənə elə gəlirdi ki, bu çox yetkin istəkdir – öz ölkənin azadlığına nail olmaq. İndi mən anlayıram ki, bu, təbliğat nəticəsi idi.
Bütün anaların və qadınların çox banal, amma vacib ifadəsini deyim: adi adamlara müharibə lazım deyil. Adi adama elə gələ bilər ki, ona mütləq vuruşmaq lazımdır, amma çox vaxt bu, sadəcə təbliğatın bəhrəsidir.
Beləliklə, bizim ilk “erməni tanışlarımız” Tbilisidə kiçik mağaza sahibləri oldular. Orada saplar və mənim o vaxt aludə olduğum əlişləri üçün hər cür xırdavat satılırdı. Mağaza sahibləri – ər-arvad rus dilində danışığımızdan dərhal bizim Bakıdan olduğumuzu anladılar. Dedilər ki, onların yaxın azərbaycanlı dostları olub, çoxdan köçüb getsələr də, əlaqələri hələ də qalır. Biz çox xoş söhbət elədik, onlar tez-tez gəlməyimizi xahiş etdilər, baxmayaraq ki, onlardan heç nə almadıq. Hər dəfə biz onlara baş çəkəndə bizi çox mehribanlıqla qarşılayırdılar və çox vaxt böyük kimi məsləhətlər verirdilər. Maddi çətinliklərimiz olanda isə onlar bizə çox kömək etdilər.
İndiki erməni rəfiqələrimlə isə biz əsasən uşaqlarımız vasitəsilə tanış olmuşuq – uşaq bağçasındakı bayramlarda, ya da ad günlərində. Əlbəttə, əvvəlcə mən onlara müəyyən qədər ehtiyatla yanaşırdım, onlar tərəfdən də eyni şeyi hiss edirdim. Amma zamanla bu gərginlik məndə keçdi. Ümumiyyətlə elə alındı ki, mənim buradakı bütün rəfiqələrim ya ermənilər, ya da yezidlərdir. Bizim uşaqlarımız da dostluq edir, biz parkda gəzirik, bir-birimizi qonaq çağırırıq, bayramlara dəvət edirik, birlikdə muzeyə, teatra gedirik.
Amma mən münaqişəyə münasibətimi dəyişməmişəm. Biz heç vaxt kimin haqlı olduğunu, müharibəni kimin başlatdığını, ilkin şərtlərin, səbəblərin nə olduğunu qəti şəkildə bilməyəcəyik, amma fakt faktlığında qalır: mən azərbaycanlılyam, qonşusu tərəfindən ərazi bütövlüyü pozulan Azərbaycanın vətəndaşıyam.
Rəfiqələrimlə bizim müharibə haqda söhbətlərimiz həmişə eyni ümidlə yekunlaşırdı: hər birimiz münaqişənin qansız həllinə ümid edirdik (bunun utopiya olduğunu bilsək də) və hər birimiz inanırıq ki, (elə bu da əslində elədir) xalq hətta ümumi ərazidə də qonşusu ilə rahat yaşaya bilər. Ümumiyyətlə mən həmişə insanın özü haqda təsəvvürümdən çıxış edərək dediyi hər şeyi süzgəcdən keçirirəm. Yəni bəzən belə olur: adam çox da gözəl səslənməyən nəsə deyir, amma mən onu illərlə tanıyıramsa, bunu nə üçün və niyə məhz bu sözlərlə dediyini anlaya bilirəm.
İkinci Qarabağ müharibəsi başlayanda mən əlbəttə ki, narahatlıq keçirirdim. Amma özüm, ərim və uşağım üçün yox – Tbilisidə bildiyim qədərincə heç bir toqquşma olmamışdı, ermənilərlə azərbaycanlıların dalaşdığı Moskvdan və bəzi digər ölkələrdən fərqli olaraq.
Amma birincisi, Bakıda valideynlərim və qardaşım ailəsi ilə birlikdə yaşayır. İkincisi, hər iki tərəfdən cəbhəyə yalnız peşəkar hərbçilər yox, həm də cavan çağırışçı uşaqlar da yollanmışdı. Onların hamısına adamın ürəyi yanırdı. Çünki ancaq “öz” uşaqlarına heyfslənmək və “özgə” uşaqlarına heyfslənməmək mümkün deyil. Erməni rəfiqələrim də bu müharibəni eyni cür yaşayırdı və bizim ortaq tərəfimiz yenə də eyni qalırdı. “İti bucaqlar” yalnız müharibənin sonuna doğru, artıq işin müəyyən nəticəsi görünəndə yaranmağa başladı.
Odur ki, bəzi tanışlarımla ünsiyyətimi bitirməyə məcbur oldum. Bu cür parçalanmaların səbəbi əsasən “varlı azərilərin” tutmaq imkanı olan muzdlular mövzusu idi, nəticədə bütün söhbətlər soyqırıma və qarşısına çıxan hər kəs tərəfindən əzab çəkdirilən yazıq ermənilərə gəlib çıxırdı. Mən hər şeyi anlayıram, mübahisələndirmək çətin olan tarixi faktlar var, amma bunları dinləmək xoş deyildi. Baxmayaraq ki, şəxsən mənə qarşı heç bir iradları yox idi, amma əgər azərbaycanlılar onlar üçün düşməndirsə, deməli, mən də düşmənəm. Hərçənd ətrafımda adekvat sülhsevər insanlar daha çox imiş və mən buna çox şadam.
Mən inanıram ki, hər şeyə rəğmən bizim xalqlarımız arasında sülh mümkündür. Amma bunu sadə insanlar yox, siyasətçilər başlatmalıdır. Onlar cəsarətlə bir-birinin əlini sıxmalıdır, əhalinin əsas kütləsi də onların ardınca gedəcək. O vaxta qədər isə – hansı ki gec, ya tez gələcək – bizə özümüzdə və uşaqlarımızda bizim kimi olmayan: milliyyətcə, dərisinin rəngi ilə, sosial mövqeyi ilə fərqlənən “başqalarına” qarşı anlayış və onları qəbul etmək bacarığı tərbiyə etmək qalır.
Qızımın indi altı yaşı var və mən hələ ona Qarabağ haqda heç nə deməmişəm. Amma bilirəm ki, nə vaxtsa bunu etməli olacağam. Mənə bu, az qala cinsi tərbiyə qədər çətin vəzifə kimi gəlir”.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.