Erməni maraqları nəzərə alınmayan regional proseslər? Rəy
Regiondakı əsas oyunçuların maraqları
Cənubi Qafqazda siyasi təlatümlər davam edir. Ermənistan ətrafında proseslər gedir və bu proseslərdə yerli analitiklərin fikrincə, erməni maraqları nəzərə alınmır. Əsas oyunçular görüşür, regional problemləri müzakirə edir, təsir zonalarının yenidən bölüşdürülməsi ilə bağlı razılığa gəlir və “yorğanı özlərinə çəkməyə” çalışırlar. Ermənistandan isə bəzi erməni politoloqlarının fikrincə, yalnız artıq qəbul edilmiş qərarların icrası gözlənilir, etirazlar isə hərbi eskalasiya bahasına başa gəlir.
Bölgədəki vəziyyət, əsas oyunçuların maraqları və onların Ermənistandan gözləntiləri, müharibənin başlama riskləri, ölkənin Qərb və Rusiya ilə münasibətləri barədə ermənistanlı analitikin fikri.
- ABŞ Azərbaycan və Ermənistandan nə əldə etmək istəyir? – Bakıdan şərh
- Ermənistanda jurnalistlərə qarşı fiziki zorakılıq halları artıb
- Sülhməramlılar Laçın dəhlizini tərk edir. Azərbaycan onların qanunsuz əməlləri haqda bildirir
Hakop Badalyan, siyasi analitik
Türkiyə Qərbin maraqlarının moderatoru olduğunu iddia edir
“Ümumiyyətlə, region dünyanın geniş şəkildə yenidən bölüşdürülməsi prosesindən təsirlənməkdə davam edir. Və təbii ki, həm bilavasitə regional oyunçular (Türkiyə, Rusiya, İran), həm də qlobal oyunçu ABŞ Cənubi Qafqazda maksimum təsir üçün mübarizə aparmağa çalışır.
Onların hər birinin özünəməxsus yanaşması var, lakin İran, Rusiya və Türkiyə müxtəlif məsələlərdə ciddi fikir ayrılıqlarına və strateji rəqabətə baxmayaraq, hələ də problemləri öz aralarınada həll etmək, Qərbin müdaxiləsini və birbaşa təsirini məhdudlaşdırmaq üçün ümumi dil tapırlar.
Eyni zamanda, Türkiyə Qərbin maraqlarının moderatoru olmaq istəyir ki, bu da Qafqazla bağlı məsələlərdə Qərblə işləməyə gətirib çıxaracaq.
ABŞ regiona birbaşa təsir etmək niyyətində deyil. Amerika özü üçün iki vacib məsələni həll etməkdən ötrü müxtəlif oyunçular vasitəsilə vəziyyətə təsir etmək istəyir:
- nüvə proqramı və İranla əlaqələrin gələcək inkişaf perspektivləri,
- Rusiyanı qarşılıqlı münasibətlər müstəvisinə çıxarmaq üçün onun mövqeyini zəiflətmək istəyi.
Türkiyə isə burada ya alətlərdən biri, ya da əsas alət kimi nəzərdən keçirilir. Türkiyə də anlayır ki, bu məntiqdə mövqe tutmasa, Qərbin dəstəyini və buna uyğun olaraq çəkisini itirəcək. Sonra Rusiya və İran onunla fərqli, daha inamlı danışmağa başlayacaq”.
Müharibə məsələlərin həlli vasitəsi kimi
“Belə bir vəziyyətdə oyunçular müharibənin problemlərin həlli üçün yeganə vasitə olduğuna dair konsensusa gəldikdə, bölgədəki inkişafın hərbi eskalasiya mərhələsinə çevrilməməsi çox vacibdir. Bu, təkcə bu gün deyil, həm də növbəti illərdə Ermənistan üçün əsas riskdir.
Müxtəlif amillər müharibəyə səbəb ola bilər. Məsələ ondadır ki, Ermənistanın onlara ciddi təsiri yoxdur, əsas məsələlər ondan asılı deyil.
Bununla belə, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının pozulmasına gətirib çıxaracaq istənilən qərar Ermənistan üçün qəbuledilməzdir. Ona görə də suverenlik, o cümlədən siyasi suverenlik məsələsi bizim üçün prioritetdir. Bu, çox çətin məsələdir, lakin dövlətimiz üçün strateji istiqamət olmalıdır”.
Ermənistandan gözləntilər
“Regiondakı hər bir əsas oyunçunun (İran, Rusiya, Türkiyə, ABŞ) Ermənistandan öz gözləntiləri var. Ermənistan hamı ilə işləməli, bir ölkədən asılı olmamaq və hər bir oyunçunun təsirini mümkün qədər neytrallaşdırmaq üçün münasibətlərin tarazlığını təmin etməyə çalışmalıdır.
İran, Rusiya və Türkiyə regionda əsas yeri tutmaq üçün oyun oynayır. Bu reallıqları nəzərə almaq və öz fəaliyyət planımızı hazırlamaq vacibdir. Biz qarşıdurmaya gedə bilmərik, çünki bu bizim üçün çox baha başa gələcək.
Yeganə yol odur ki, biz Qərblə münasibətləri qorumaq və dərinləşdirmək üçün əlimizdən gələni etməliyik.
Ümumiyyətlə götürəndə, bu oyunçular bizdən heç nə tələb etmirlər. Bütün məsələləri öz aralarında koordinasiya edirlər, sonra artıq düşünürlər ki, bu qərarları bizə necə sırıyacaqlar. Sadəcə fərqli gözləntiləri var.
Rusiya bizdən onun idarə etdiyi meydanda oynamağımızı və onun bütün ssenarilərinə boyun əyməyimizi gözləyir. Onun üçün Ermənistanın onsuz başqa oyunçularla heç bir addım atmaması vacibdir.
Qərblə qarşıdurma və ona qarşı tətbiq edilən sanksiyalar fonunda Rusiya Qafqaza onun üçün həyati vacib logistika mərkəzi kimi baxır, burada dominant rola sahib olmaq istəyir. Ermənistandan da onun bu oyununu oynayacağını gözləyir. Burada Ermənistan üçün həm imkanlar, həm də risklər var, çünki Türkiyə və Azərbaycan vəziyyətdən istifadə edib Rusiyaya Ermənistan məsələsində daha da güzəştə getməyi təklif edə bilərlər ki, ədigər məsələlərdə onun maraqlarına loyal olsunlar.
Bir tərəfdən, Rusiyanın regionda kommunikasiyaların qarşısını almağa çalışması bizim üçün yaxşıdır, digər tərəfdən isə pisdir, çünki bu, Rusiya Federasiyası ilə Türkiyə və Azərbaycan arasında yeni sövdələşməyə gətirib çıxara bilər. Burada balansın təmin edilməsi üçün Ermənistanın həm İranla, həm də ABŞ-la işi çox vacibdir.
İran Ermənistandan gözləyir ki, regional yollar açılanda İran-Ermənistan, İran-Rusiya, İran-Gürcüstan-Qara dəniz əlaqəsi kəsilməyəcək.
Amma eyni zamanda, bilmirik ki, sabah İranın özü kiminlə və nə ilə bağlı razılığa gələ bilər ki, bu da sərhəd məsələsini sövdələşmə predmetinə çevirə bilər. Ətrafdakı mürəkkəb prosesləri nəzərə alsaq, İranın bu məsələdə mövqeyinə zəmanət yoxdur.
Eyni vəziyyət ABŞ-da da belədir. ABŞ Rusiyanın kommunikasiyada çox söz sahibi olmasını istəmir. Amma sabahı proqnozlaşdıra bilmərik.
Məsələn,
- ABŞ Türkiyə və Azərbaycanın yüksəlişini Rusiyanın təsirinə qarşı durmağın bir yolu kimi görəcəkmi;
- İranla nə dərəcədə razılığa gələ biləcəklər.
Türkiyə isə regional kommunikasiyaların bağlandığı zaman yollarda nəzarətin olmamasını istəyir. Naxçıvan vasitəsilə Azərbaycanla əlaqə saxlasın və regionda nüfuzunu daha da artırsın deyə.
Türkiyə və Azərbaycan bu yolda heç bir nəzarətin, o cümlədən Rusiyanın nəzarətinin olmasında maraqlı deyil, əks halda bir çox məsələlər çoxdan həll olunardı. Laçın kimi Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz əldə etmək istəyirlər. Əliyev açıq şəkildə bildirdi ki, əgər o, Laçın dəhlizinə nəzarət etmirsə, o zaman Azərbaycanı onun Naxçıvan anklavı ilə birləşdirəcək Zəngəzur dəhlizinə heç kim nəzarət etməməlidir. Bu onların arzusudur.
Ermənistan kommunikasiyaların açılmasına razıdır, lakin yolların “dəhlizlər” məntiqi ilə təqdim olunmasına qəti şəkildə etiraz edir, çünki bu, həmin ərazilər üzərində suverenliyin itirilməsi deməkdir.
Təbii ki, bunun ətrafında xeyli sövdələşmə gedir və əgər böyük oyunçular bəzi məsələlərdə öz aralarında razılığa gələ bilsələr, müxtəlif üsullarla Ermənistana təzyiq göstərməyə başlayacaqlar. Ermənistan onlarla razılaşmasa, hərbi yola da əl atıla bilər”.
- “Azərbaycan Qərb-Rusiya qarşıdurmasından istifadə edir”: Ermənistandan şərh
- “Əliyev düz deyirdi?” Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması haqda
Müharibəni oyunçuların arasında razılığın olmaması təxirə salır
“İndiki mərhələdə mən hələ müharibə riskini görmürəm, çünki oyunçuların yanaşmaları çox fərqlidir və onlar bizim regionla bağlı hər hansı razılaşmaya gətirib çıxara bilməz. Bütövlükdə paket şəklində müzakirələr aparılır – Suriya, Ukrayna, yeni geosiyasi reallıqlar. Bu halda danışıqlar prosesi getdikcə mürəkkəbləşir, lakin qarşımızda müəyyən iş sahəsi açılır.
Mənə elə gəlir ki, Yerevan bundan istifadə etməyə çalışır: ABŞ, Avropa, Hindistanla fəal ünsiyyət var.
O cümlədən Hindistanın İrandakı səfiri Xaddam Jarmendra bildirib ki, Hindistan “Ermənistan ərazisi vasitəsilə Çabaharın qərb hissəsini və Hind okeanını Avrasiya ilə birləşdirməyi” planlaşdırır. “DnaIndia” nəşri isə Ermənistana pilotsuz təyyarələrin və Hindistan istehsalı olan digər silah növlərinin mümkün satışı ilə bağlı məlumat dərc edib. Düzdür, Ermənistan Müdafiə Nazirliyi bu məlumatı təsdiqləməyib.
Hindistan inamla danışa bilər, itirəcək heç nəyi yoxdur. Amma məsələ Hindistanın Qafqaz məsələlərində regionda nə qədər təsirə malik olmasıdır. İstənilən halda Ermənistanla eyni mövqedə olan bütün ölkələrlə işləmək lazımdır, ancaq biz təkcə bəyanatlara və istəklərə arxalanmamalıyıq”.
Azərbaycan qazı Ermənistanın Qərblə münasibətlərinə mane olur
“Azərbaycan həmişə Avropa ilə münasibətlərimizə müdaxilə etməyə çalışacaq, ona görə də biz prosesə effektiv diplomatiya və siyasi düşüncəni daxil etməliyik. Biz Qərbi maraqlandıra biləcək siyasi ideyalar tapmalı və onlarla bu istiqamətdə işləməliyik.
Eyni zamanda, biz başa düşməliyik ki, Azərbaycan və Türkiyə heç vaxt Avropa və ABŞ üçün Ermənistandan az əhəmiyyət kəsb etməyəcək.
Ona görə də bizim həm ruslarla, həm də avropalılarla balanslı münasibət saxlaya bilməyimiz çox vacibdir. Bizim üçün nəinki Rusiya ilə tək işləmək, eyni zamanda Rusiyaya qarşı Qərblə işləmək də arzuolunmazdır.
Təbii ki, Rusiya Ermənistanın Qərbə doğru atdığı ən kiçik addımlara belə çox qısqanclıqla yanaşır. Amma bizim başqa seçimimiz yoxdur. Yaxud Rusiyaya bəyan edirik ki, Qərblə münasibətlərdən tamamilə imtina edirik, bu da bizim üçün fəlakətlidir. Yaxud izah edirik ki, bu əlaqələr Rusiyadan üz döndərmək üçün deyil, Rusiya Federasiyasının öhdəsindən gələ bilməyəcəyi müəyyən risklərdən qorunmaq üçün qurulur. Deməliyik: biz başa düşürük ki, rusların Türkiyə və Azərbaycanla öz işləri var, lakin onlar bizim üçün ciddi risklər yaradır, ona görə də bizə Qərblə münasibətlər lazımdır”.