Erkən seks: Azərbaycanda bu haqda nə düşünürlər?
Azərbaycanda cinsi həyat üçün heç bir rəsmi qadağa və ya yaş senzi yoxdur. Cinayət Məcəlləsində azyaşlıların yoldan çıxarılmasını və zorlamanı normal, könüllü cinsi əlaqədən ayırmağa kömək edən çərçivələr müəyyən olunub. Bəs azərbaycanlılar öz-özlərinə “nə vaxt başlayım” sualına necə cavab verir?
İllüstrasiyalar: Leyla Əli
Təxminən bir ay əvvəl Azərbaycan WhatsApp-nın messencerində Bakının mərkəzi məktəblərinin birinin soyunma otağında yazılmış, yeniyetmələr arasında baş verən intim səhnənin video çarxı yayıldı. Dəhşətli bir qalmaqal qopdu: qızın cəmi 12 yaşı var. Polis qarışdı, yetkinlik yaşına çatmayanların yoldan çıxarılması və ya pornoqrafiyanın yayılması üzrə cinayət işinə başlamaqla bağlı araşdırmaya başladı.
Hüquqi nöqteyi-nəzərdən hər şey az-çox aydınıydı: razılıq yaşı 16-dır, hər ikisi 16 yaşına çatmayıbsa və hər şey qarşılıqlı razılıqla baş veribsə, cinayət də törədilməyib.
Bakının sosial şəbəkələrini başqa məsələ narahat edirdi – Cinayət Məcəlləsi deyil, əxlaq kodeksi nöqteyi-nəzərindən kim günahkardır?
“Facebook”da şərhlər :
“Sevinsin ki, Peyğəmbərin vaxtındakı kimi, daş-qalaq edilməklə ölümə məhkum edilməyib”.
“Məktəb müəllimlərinki elə rüşvət almaqdır, bəs uşaqları kim tərbiyə edəcək? Məgər onlar qızın pozğun olduğunu görmürdülər?”
“Nə düşmüsüz müəllimlərin üstünə? Uşaqlar ailələrdən atıq pozğun gəlirsə, biz nə edə bilərik? Qız da küçə qızıdır, onunla məsələ aydındır”.
“Nənəmə rəfiqəsi zəng edib dedi ki, həmin videoya baxıb, videodan da qızın günahkar olduğu görünür. Bizdə ümumiyyətlə seks elə bir şeydir ki, orada həmişə kimsə günahkardır”.
Nə vaxt olar?
“Yeniyetmələr arasında bu və ya digər intim münasibətlər adi haldır, əsrlər boyu bütün dünyada, bütün məktəblərdə bu, baş verib və baş verəcək. Sadəcə əvvəllər bunu çəkə bilən telefonlar olmayıb”, – psixoloq Azad İsazadə deyir.
Başqa məsələdir ki, psixoloji nöqteyi-nəzərdən yeniyetmələr adətən hələ seksual həyata başlamağa hazır deyillər: bu yaşda hamiləlik qızlarda ölüm təhlükəsi yarada bilər, intim həyat kimi incə sahədə yeniyetməlik maksimalizmi, emosional cəhətdən yetişməmək, bəzən də yeniyetmələrə məxsus qəddarlıq dağıdıcı ola bilər.
- Aseksuallıq – Qafqazda və dünyada haqqında danışılması qəbul edilməmiş oriyentasiya
- Qadınlar nə uğrunda mübarizə aparırlar? Feminizmin əlifbası
- Türkiyə – uşaqlara qarşı cinsi zorakılıq
Psixoloq deyir ki, insanın seksual həyata hazır olduğunu müəyyən edən heç bir dəqiq meyar yoxdur. Ancaq çox şərti, tibbi və hüquqi amillərdən çıxış edərək, seçilmiş rəqəmlər var:
13 yaşa qədər – uşaqdır, heç bir intim həyatdan söhbət gedə bilməz.
13-14 yaş – yeniyetməlik yaşının başlanğıcı, bu zaman oğlanlar və qızlarda cinsi yetişmə baş verir, bununla yanaşı da seksual maraq oyanır.
16 yaş – razılıq yaşı, aşağı hədd, bu zaman qanunvericilik və psixologiya seksual həyata başlamağa “yaşıl işıq” verir.
Və nəhayət 18 yaş – yetkinlik yaşı, bu zaman seçkilərdə səs vermək və alkoqol almaq hüququ ilə yanaşı insan həm də tam və qeyd-şərtsiz seksual həyat yaşamaq hüququ əldə edir.
Sərxan, 29 yaş. Gec olsun, güc olsun.
Sərxan məktəbə bir il tez gedib, sinifdə tək yaşına deyil, boyuna görə də ən balaca olub, fiziki inkişaf baxımından da sinif yoldaşlarından geri qalıb. Bununla belə, artıq yeddi yaşında elə həmin sinif yoldaşlarından uşaqların necə dünyaya gəldiyini bilib. Bu informasiya o vaxt onda nə şok, nə də maraq hissi oyadıb.
Ümumiyyətlə Sərxanın seksual inkişafı yaşıdlarından xeyli daha ləng gedirdi. Şəkil çəkməyi və rep söyləməyi öyrəndiyi vaxt sinif yoldaşları və daha böyük oğlanlar eksperimentlər qoyurdular. Amma hələ qadınlarsız.
“Bizim məktəbdə oğlanlar arasında üstündə pornoqrafik şəkillər olan kartlar yayılmışdı. Bildiyim qədər, çoxları masturbasiya edir, bu məsələdə bir-birləriylə təcrübələrini bölüşürdülər. Deməzdim ki, bunu ayıb nəsə hesab edirdim, sadəcə mənim başqa maraqlarım varıydı”.
Sərxan düz 20 yaşına qədər heç bundan utanmadan oğlan uşağıydı. İlk dəfə təxminən onunla yaşıd, amma birinci dəfə deyil ki, cinsi əlaqəyə girən qızla münasibətdə oldu.
“Pəncərələri dənizə açılan, divarlarda şəkillər asılmış yaxşı bir mənzil kirayələdim. Hər şeyin daha gözəl olmağını istəyirdim. Həm də iyrənənəm, harada gəldi, bacarmazdım. Tənəffüs üçün də böyük bir pizza sifariş etdim. Bu, həqiqətən də uzun çəkdi. Uzun, gözəl, maraqlı. İlk növbədə qızı ətraflı öyrənmək istəyirdim – axı bu, həyatımda gördüyüm ilk “əsl” çılpaq qadınıydı. Bundan sonra da hardasa iki ay görüşdük, sonra da o mənə dedi ki, mənimlə sevişməkdən xoşu gəlir, çünki buna “yaradıcı” yanaşıram”.
Sərxan özünü istisna – həm də xoşbəxt istisna sayır.
“Azərbaycanda seksualı yetkinləşmə adətən bu sxem üzrə baş verir: oğlanlar porno filmlərdən öyrənir, sonra fahişələr onları öyrədir, daha sonra da onların özləri artıq fahişlərldən öyrəndiklərini, bəzi məqamları çıxararaq qadınlara öyrədirlər. məncə, səfeh bir sxemdir. Buna görə də gec başladığıma sevinirəm. Amma daha keyfiyyətliydi”.
Oğlanlar sola, qızlar sağa
“Baxın, qadınlara azadlıq veriləndən sonra qərbin başına nələr gəldi. On qadından cəmi üç-dördünə əl dəyilməyib. Mənsə xarab mal xoşlamıram”.
Azərbaycanda bir çoxlarının bu fikirdə olmasından iki məqam xəbər verir: indiyə qədər də toydan sonra ailənin yaşlı qadınları tərəfindən gəlinin üz ağlığı mərasimi mövcuddur; himenoplastika inkişaf edir. Əlbəttə, heç də bütün azərbaycanlılar toydan əvvəl bakirəliyin tərəfdarı deyillər, amma əksəriyyət hesab edir ki, qadın nikaha qədər sekslə məşğul olmamalıdır.
Kişilərə bu qayda aid edilməsə də qismən onlara da təsir edir. Azad İsazadənin sözlərinə görə, əsasən məhz buna görə Azərbaycanda gənc oğlanlar seksual həyata fahişələrlə başlayır.
Murad, 35 yaş. İkinci mərtəbədəki qara saçlı qadın
Muradın yeniyetməlik dövrü 90-cı illərin ortalarına təsadüf etdi, onun seksual tərbiyəsi də küçədə baş verib. Bu küçə də Bakının ən pis rayonlarından birində yerləşirdi, məhəllə məhəlləyə qarşı davalar burada adi halıydı, oğlanlar da heç bir hiss qatılmadan, işgüzar şəkildə “kişi olurdular”.
“Dostlarım bir-birinin arxasınca özlərinin birinci dəfəsiylə lovğalanmağa başlayanda 13 yaşım varıydı, mən də başa düşdüm ki, artıq vaxtıdır. Yaşıdlarım olan qızları seksual obyekt kimi nəzərdən keçirmirdim, daha böyük qızlara gəldikdə isə başa düşürdüm ki, burada şansım yoxdur. Yəni bircə yol qalırdı – rayonumuzdan olan əksər oğlanlar kimi fahişə yanına getmək”.
Böyük dostlarından biri isti iyun axşamında Muradı “nisbətən münasib” bir fahişəxanaya gətirdi.
Bakının mərkəzində bir çox döngələrdə rast gəlinən qədimi üçmərtəbəli ev. Yeniyetmələr hündür, kələ-kötür pillələrlə ikinci mərtəbəyə qalxıb, adi mənzilin darısqal dəhlizinə gəlib çıxdılar. Muraddan hardasa 10 yaş böyük qəşəng, ortaboylu qara saçlı qadının olduğu otaq da standart otaqdan heç nəylə fərqlənmirdi. Nə çarpayının üstündən qırmızı pərdə sallanmırdı, nə də güzgülü tavan yoxuydu.
“Yəqin ki, duş da varıydı orada, amma ondan istifadə etmədim. Həmin otaqda uzağı 20 dəqiqə qaldım, heç bir əsaslı dəyişiklik baş vermədi məndə. Sadəcə adi bir hadisə baş verdiyi hissi varıydı”.
Sonrakı bir neçə il ərzində də fahişəxanalara getməyi davam edirdi, amma çox nadir hallarda, ildə bir-iki dəfə – daha tez-tez getməyə pulu yoxuydu. Amma o da öz növbəsində artıq “kiçi olmağa tələsən” dostlarını bu yolu göstərdi.
“İndi başa düşürəm ki, fiziki cəhətdən tam hazır olsam da, beynim hələ hazır deyildi. Ola bilsin ki, məhz bu cür başlanğıc məndə seksə qarşı kifayət qədər işgüzar, hətta sinik bir münasibətin yaranmasına səbəb oldu. Amma düzü, bu cür münasibəti də ən doğru hesab edirəm. Həm də o vaxt mənim sadəcə başqa variantım yoxuydu. İndi isə başqa zəmanədir, indiki oğlanlar da başqa cür başlamalıdır. Belə tez yox, öz yaşıdlarıyla və daha romantik”.
Yeri gəlmişkən, Murad ilk dəfə birinci cinsi əlaqəsindən 4 il sonra öpüşdü. Artıq 17 yaşında, öz sinif yoldaşıyla.
Məhəl qoyulmayan seksual inqilab
Qadınlar üçün nikahdan əvvəl seksə qadağanı şərh edər sosioloq Sənubər Heydərova deyir ki, bu, bütün patriarxal müsəlman ölkələrə xasdır:
“Vəziyyət paradoksaldır: qadın üçün nəinki nikahdan əvvəl və nikahdan kənarda seksual həyat, hətta seksual istəyin özü belə yasaq sayılır. “Namuslu” Azərbaycan qadını sekslə məşğul olmaq istəməməli, əri üçün və uşaq dünyaya gətirmək üçün sekslə məşğul olmalıdır. Digər tərəfdən, kişi üçün rəngarəng seksual həyat vacib sayılır və müəyyən yaşa qədər bakirəliyini itirmirsə, yaşıdları onu masqaraya qoya bilər. Bütün bunlar cəmiyyətimizin möhkəm yapışdığı ənənələrdir. Amma biz artıq elə bir dövrdə yaşayırıq ki, yeniyetmələr artıq 12-13 yaşından intim həyat və öz bədənləri haqqında istənilən informasiyanı əldə edə bilər və köhnə qaydalarla yaşamaq istəmirlər”.
Sənubər Heydərova əmindir ki, bunu heç bir şəkildə iqnor etmək olmaz: müasir yeniyetmələrin müvafiq təhsil və tərbiyə ilə müşayiət olunmadan emansipasyası acınacaqlı nəticələrə gətirib çıxara bilər.
“Patriarxal ənənələrin yerinə təhsil və maarifləndirmə gəlməlidir, bizdə isə onları abortlar və yeniyetmələr arasında zorlama halları əvəz edir. Çünki yeniyetmələr artıq başa düşüb və qərar verib ki, sekslə məşğul olmaq və azad yaşamaq istəyirlər, amma onlara hələ heç kim izah etməyib ki, bunu nə özünə, nə də başqasına ziyan etmədən necə normal etmək olar. Azərbaycanda artıq seksual inqilab başlayıb, amma cəmiyyət onu görməməzlikdən gəlir”.
Aytən, 38 yaş. “Cırıq pərdə arxasında bahar”
Аytən ciddi, mühafizəkar bir ailədə doğulub, televizorda kimsə öpüşəndə valideynlər uşaqları otaqdan qovardı. 13 yaşına qədər Aytən sadəlövhcəsinə inanırdı ki, qız böyüyür, universiteti bitirir, bundan sonra onun qarnı öz-özünə böyüməyə başlayır və uşaq dünyaya gəlir.
Bununla belə, ilk seksual səhnəni o, məhz evində, televizorda gördü:
“Otaqlarımız iç-içəydi, ara qapılar da bəzən gecələr belə örtülmürdü. Bir dəfə otağımda uzananda gördüm ki, atam qonaq otağında alman porno filminə baxır. Onda 14 yaşım varıydı və düzü gördüklərim mənə heç bir təsir bağışlamadı”.
İlk dəfə Aytən 17 yaşında, artıq məktəbi bitirəndən sonra öpüşüb:
“Həmin oğlandan çox xoşum gəlirdi, onunla öpüşmək istəyirdim, amma hələ də bunun ayıb olduğunu, bunu etməli olmadığımı düşünürdüm. Buna görə eyni zamanda həm öpüşür, həm də itələyirdim onu. İndi bunun nə qədər gülməli olduğunu anlayıram”.
Aytənin “birinci dəfəsi” 21 yaşında, sevgilisi olandan sonra baş verib. Qız özü Bakının qıraq məhəllələrindən birində bir aylıq ev kirayələdi, burada onlar universitetdən sonra hər gün görüşürdülər.
Mənzil başına çatmaq üçün avtobus dayanacağında düşüb, çalalı yoxuşla piyada getmək lazımıydı.
“Bu, orta əsrlərdən qalan rayonlardanıydı. Gözə dəyməmək üçün mümkün qədər diqqət çəkməyən paltar geyinməyə çalışırdım ki, heç kim hara və niyə getdiyimi bilməsin. Bu, izləmə və casus mənzilləri olan hansısa şpion filmini xatırladırdı. Hər dəfə ürəyim bərk döyünür, əllərim əsirdi, uzun müddət açarı yerinə taxa bilmirdim. Qapı da ağırıydı, elə bil qəsdən çox gec və səs-küylə açılırdı”.
Balaca otaq tam şəraitsiziydi. Çirk və ya vaxtın bozartdığı mələfəli bir nəfərlik çarpayı. Masa. Şifonyer. Bir dəfə görüşdükləri vaxt qapı qəflətən döyüləndə Aytən həmin şifonyerdə gizlənmişdi. Sevgilisi qapını açmağa getdi.
“Deyəsən, işıq pulu yığan ya da buna oxşar başqa bir adam gəlmişdi. Bir neçə dəqiqə danışdılar, həmin vaxtı da mən dolabda keçirdim. Bir tərəfdən dəhşətli dərəcədə qorxurdum k, məni tapıb, necəsə valideynlərimə xəbər verəcəklər. Digər tərəfdən, çox böyük adrenalin aldım”.
Cırıq pərdə qonşu uçuq evin divarına açılan pəncərəni güclə örtürdü. Amma bu pəncərədən həm də yaz açılırdı.
“Tək həmin pəncərədən yox, elə mənim başımda da, hətta bu nəm iyi verən mənzildə belə bahar hökm sürürdü, mən zaman və məkan anlayışını itirib, ilk dəfə tam seksual istəyin təsiri altına düşürdüm. Bu nə qədər pafoslu səslənsə də. Bakirəliyimi itirməkdən heç qorxmurdum, halbuki ailəmin görüşlərinə görə, bunu nikahdan əvvəl etmək dünya miqyaslı fəlakətə bərabərdir. Ola bilsin, bunu həmin oğlanı sevdiyim və evlənəcəyimizi düşündüyümə görə bu qədər rahat qəbul etdim. Bəlkə də hələ də gənclikdən müxtəlif “inqilabi” fikirlərə düşdüyüm üçün”.
Erkən seks ancaq nikahda ola bilər
Azərbaycanda erkən seksə nikahdan əvvəl seksdən daha tolerant yanaşılmasından misal üçün, hələ də mövcud olan erkən nikahlar, qızların 14-15 yaşlarına ərə verilməsi adəti xəbər verir. Halbuki bunu ancaq şərti olaraq “ərə getmək” adlandırmaq olar – rəsmi nikahlar 16 yaşdan (minimum) tez bağlanmır.
Bu cür nikahların dəqiq sayını müəyyən etmək mümkün deyil, buna görə də doğuş statistikasından çıxış etmək qalır. Rəsmi məlumatlara görə, 2016-cı ildə Azərbaycanda 17 yaşdan kiçik qızlarda üç minə yaxın uşaq dünyaya gəlib. Uzun müddət uşaq poliklinikasında işləmiş Emiliya Rəhimova da xatırlayır ki, qəbuluna yeni doğulmuş körpələrini gətirən bir çox anaların 16 yaşı yenicə tamam olmuşdu:
“Demək olar ki, heç birinin nikah şəhadətnaməsi yoxuydu, çünki hələ müvafiq yaşa çatmamışdılar. Həkimlər də deyəndə ki, 15-16 yaşlarında ailə qurmaq və doğmaq olmaz, əl yelləyib deyirdilər ki, nənələrimiz də belə edib”.
Valideynlər nə etməli?
Azad İsazadə təəssüflə qeyd edir ki, Azərbaycanda yeniyetmələr seksual və hüquqi təhsil almamaqla yanaşı, həm də misal üçün bilmirlər ki, sekslə məşğul olan sinif yoldaşlarının videosunu çəkib yaymaq da cinayətdir, bunun Cinayət Məcəlləsində müvafiq maddəsi var.
Psixoloq övladlarının böyük həyatın özəllikləri ilə çox erkən tanış olmasını istəməyən valideynlərə bəzi şeyləri ETMƏMƏYİ məsləhət görür:
- bu cür şeylərin baş verməyəcəyinə özünü inandırmamaq;
- yalançı abır və ənənələrin arxasında gizlənməmək;
- problemin həllini məktəbin boynuna atmamaq;
- qadağa qoymamaq və təhdid etməmək.
Bunun əvəzində öz övladının cinsi yetişməsini daha diqqətlə izləmək və onun bu mənada tərbiyəsi ilə yumşaq tərzdə məşğul olmaq lazımdır. Daha doğrusu, başa salmaq lazımdır ki, tələsməyə dəyməz.
Yeniyetmələrin seksual davranışında norma ilə patologiya arasında sərhəddə gəlincə, İsazadənin sözlərinə görə, onlar böyüklər üçün olan normalardan çox da fərqlənmir.
Yəni özünə və başqasına fiziki zərər yetirməyi, zorakılığı, mübtəlalığı nəzərdə tutmayan hər şey norma sayıla bilər.
Yeniyetmə övladınızın seksual yetişməsində bütün bunlar müşahidə olunmursa, narahat olmağa da səbəb yoxdur.