Türkiyədə həbs olunan sosial şəbəkə fenomenlərinin işində Gürcüstan izi
Engin və Dilan Polat işi
Çirkli pulların yuyulması ittihamı ilə İstanbulda həbs edilən Türkiyənin sosial media fenomenləri Engin və Dilan Polat cütlüyünün Gürcüstanla bağlantıları haqda danışılır. Bildirildiyinə görə, onların saxta şirkətlər vasitəsilə leqallaşdırdıqları pulların əsl sahibi 5 il əvvəl istitaq altında ikən Batumiyə qaçan Türkiyə vətəndaşıdır.
- Azərbaycanda TikTok-a giriş bərpa olunub
- “Evimiz üçün darıxmışam”. Xocalıya köçəcəyi günü gözləyən 70 yaşlı Vidadi Məmmədovun hekayəsi
- Ermənistan hökuməti Dağlıq Qarabağdan didərgin düşənlərə yardım edir
Engin Polat və həyat yoldaşı Dilan Polat bu gün, noyabrın 1-də İstanbulda saxlanılıblar. Türkiyə hüquq-mühafizə orqanlarının İstanbul və Türkiyənin 6 əyalətində eyni zamanda həyata keçirdiyi əməliyyatlar nəticəsində Polat cütlüyü ilə yanaşı, onların yaxınlarından ibarət daha 12 nəfər şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Dilan Polat sosial şəbəkələrdə həyat yoldaşı ilə getdikləri toy məclislərində gəlinlə bəyə böyük məbləğdə pul hədiyyə etmələrini, ərindən təyyarə hədiyyə almasını, dünyanın müxtəlif şəhərlərində ticarət mərkəzində ağılasığmaz məbləğlər xərcləməsini, televiziya efirində qəhvəsinin içinə qızıl tozu qataraq içməsini əks etdirən videoları paylaşmaqla məşhurlaşıb.
Saxta qəbzlərlə 9 milyon dollardan çox vəsait transferi
MASAK – Maliyyə Cinayətlərinin Araşdırılması Şöbəsinin açıqlamasına görə, ləğv olunmaq üzrə olan 3 şirkətdən sözdə ticarət aparılmış kimi göstərilərək, Polat cütlüyünün birinci dərəcə yaxınlarının hesablarına saxta qəbzlərə əsasən, 200 milyon lirə (9 milyon 200 min dollar) yatırılıb. Daha sonra isə bu vəsait yenə də ailə üzvlərinə aid şirkətlər arasında transfer edilərək Engin Polatın sahib olduğu “Milda Gayrimenkul” adlı daşınmaz əmlak satışı firmasında toplandığı və bu pulla çox sayda mülk və avtomobil alındığı aşkarlanıb.
MASAK-ın yaydığı rəsmi məlumatdan sonra vergi müfəttişliyi Polatlara aid olan 15 iş yerində axtarış aparıb, həm cütlüyün, həm də onların yaxın çevrəsinə daxil olan insanların bütün daşınar və daşınmaz əmlakına həbs qoyulmuşdu.
İstanbul Anadolu Respublika Baş Prokurorluğundan verilən açıqlamaya görə, Polatlar cütlüyü “cinayət yolu ilə əldə edilən vəsaitin leqallaşdırılması”, “vergidən yayınma” və “7258 saylı futbol və digər idman yarışları üzrə mərc və şans oyunlarının təşkili haqqında” Qanuna zidd əməllərdə ittiham olunurlar.
Derkan Başer, Veysel Şahin və “Handikap” əməliyyatı
Hüquq-mühafizə orqanları Polatlarla bağlı istintaqı sürətləndirmək üçün onların 2018-ci ildən bu yana Gürcüstanda qaçaq həyatı yaşayan Derkan Başerin qanundankənar mərc oyunlarında əldə etdiyi pulları “yuduqlarını” əsas gətirib.
Derkan Başer 2017-ci ildə Veysel Şahinin liderlik etdiyi qanundankənar mərc oyunları təşkil edən cinayətkar qrupa qarşı həyata keçirilən “Handikap” əməliyyatı zamanı həbs olunmuşdu. İstintaq materiallarına əsasən, Veysel Şahinin bir çox ölkələrdə qurduğu qanundankənar mərc oyunları şəbəkəsi ümumilikdə 5 milyard avroya nəzarət edirmiş.
59 nəfərin təqsirləndirildiyi “Handikap” işi üzrə məhkəmə prosesində Derkan Başer Şimali Kipr Türk Respublikasında yaşayan Veysel Şahinin sağ qolu və şəbəkənin Türkiyədəki rəhbəri olaraq ittiham edilirdi. Prosesin sonunda hakimin qərarı ilə 9 il 3 ay müddətinə həbs cəzası almışdı.
Amma Derkan Başer 26 aprel 2017-ci ildə məhkəmə hökmü elan edilməzdən iki həftə əvvəl sərbəst buraxılıb. Məsələ burasındadır ki, vəkilləri Veysel Şahin, Derkan Başer və daha iki təqsirləndirilən şəxs haqda həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı kassasiya şikayəti veriblər. Şikayət ilk instansiyada rədd edilsə də, üst instansiya kassasiyanı təmin edib. Metris təcridxanasında saxlanılan Başer və digər iki nəfər dərhal sərbəst buraxılıblar. Silivri həbsxanasında olan Şahinin isə sənədləşmə işi yubanıb və iki saat sonra prokurorluğun vəsatəti ilə işə yenidən baxılıb, onların sərbəst buraxılması haqda qərar ləğv edilib.
Veysel Şahin həbsdə qalsa da, Derkan Başer ölkədən qaçmağa imkan tapıb.
Qalib Öztürk əlaqəsi
Gürcüstana qaçan və hələ də orada yaşayan Derkan Başerin burada da qanundankənar mərc oyunlarının təşkili ilə bağlı böyük bazara nəzarət etdiyi deyilir.
Derkan Başerin ancaq Türkiyədə idarə etdiyi iki mərc saytının günlük dövriyyəsinin 6 milyon lirə (276 min dollar) olduğu iddia edilir.
Derkan Başer 2018-ci ildə Gürcüstana qaçan başqa bir Türkiyə vətəndaşı – “Metro Turizm”in sahibi Qalip Öztürklə birlikdə iş görüdüyü də deyilir. Sonuncu haqqında qətl sifarişi ittihamı ilə həbs qərarı çıxınca Gürcüstana qaçmışdı.
Bir müddət əvvəl Derkan Başerin Qalip Öztürklə birgə şəkli Türkiyə mediasında yayılmışdı. Həmin şəklin Batumidə Derkan Başerə məxsus “90’s Ocakbaşı” restoranında çəkildiyi deyilir. İddialara görə, Qalip Öztürk də Batumidə AVM və hotel satın alıb.
2022-ci ilin mayında Batumidəki evində 7,2 kq kokainlə yaxalanan Öztürk Gürcüstan məhkəməsinin qərarı ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
2021-ci ilin yanvarında Derkan Başer haqqında Interpol tərəfindən qırmızı bülletenlə axtarış elan edilib. Bundan sonra Gürcüstan polisi tərəfindən saxlanılsa da, 3 gün sonra sərbəst buraxılıb.