"Emosional həmrəylik" yoxsa "siyasi korrupsiya"?
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlia və Gürcüstanın baş naziri İrakli Qaribaşvili
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlia ona ölkə prezidenti kimi məhbusların əfvi ilə bağlı səlahiyyətlərin verilməsi təşəbbüsü ilə çıxış etdi, bu da Gürcüstanda qızğın debatlara səbəb oldu.
Gürcüstan Konstitusiyası ancaq dövlətin birinci şəxsinə – ölkə prezidentinə məhbusların əfv edilməsi hüququnu verir.
“Düşünürəm ki, Patriarxın da məhbus və müttəhimləri əfv etmək hüququ olmalıdır. Biz bu məsələni baş nazirlə müzakirə etdik və düşünürəm ki, baş nazir bu məsələni qaldıracaq. – cəmiyyətdə böyük səs-küyə səbəb olan bu bəyanatı Katolikos-Patriarx II İlia dekabrın 5-də Rustaveli teatrında məhbus qadınların iştirakı ilə nümayiş olunan tamaşadan sonra dedi.
Bəyanat televiziya kameraları qarşısında, teatr zalında verilib. Bu zaman Katolikos-Patriarxın yanında ölkənin baş naziri İrakli Qaribaşvili varıydı.
Katolikos-Patriarx II İlia baş nazir İrakli Qaribaşviliyə öz xaçını təqdim etdi. 5 dekabr 2015-ci il. Şota Rustaveli adına dram teatrı.
Hakim koalisiyanın yuxarı eşelonlarında Katolikos-Patriarxın bu niyyətini inanılmaz operativliklə qəbul etdilər.
Baş nazir İrakli Qaribaşvili bildirdi ki, “Müqəddəs II İlia ruhani liderdir və onun məsləhətləri hamı üçün vacib və dəyərlidir. O da bu məsələyə baxılması xahişiylə ölkə prezidenti və parlamentinə müraciət edib.
Cəzaların icrası naziri Kaxi Kaxişvili də din xadiminə siyasi funksiyanın verilməsində heç bir problem görmədi. “Bütün ömrü boyu başqalarının günahlarını öz çiyinlərində daşıyan insan ona əfv imkanının verilməsini xahiş edir… Başa düşmürəm, Patriarxın bu təklifini necə nəzərdən keçirməmək olar, – deyə o bildirdi.
“Gürcü arzusu parlament fraksiyası rəhbərinin müavini Eliso Çapidze bir az da irəli gedərək, ölkədə “Biz dünyəvi yoxsa teokratik dövlətdə yaşamaq istəyirik? mövzusunda referendumun keçirilməsinə hazır olduğunu göstərdi.
Yalnız “Respublika partiyasının nümayəndələri, hakim komanda həmin andaca Katolikos-Patriarxın bəyanatını “anlaşılmazlıq kimi qəbul etdilər və bildirdilər ki, Katolikos-Patriarxa məhbusların əfv edilməsi ilə bağlı səlahiyyətlərin verilməsi konstitusiyaya ziddir.
Hökumət nümayəndələrinin Katolikos-Patriarxın təşəbbüsünə reaksiyası cəmiyyətin bir hissəsinin kəskin tənqidinə səbəb oldu. Qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, analitiklər və bloqqerlər hökumətin mövqeyində Konstitusiyaya zidd qərarın verilməsinə razılıq gördülər.
Bu məsələylə bağlı kəskin reaksiya sosial şəbəkələrdə də göstərildi. Bir gün sonra yayılan xüsusi bəyanatda Katolikos-Patriarxın qanunvericilikdə dəyişikliklərin edilməsini tələb etməsi haqda fikrin təkzib edildiyi bildirildi. Patriarxiya qeyd etdi ki, Katolikos-Patriarx II İlianın bəyanatı düzgün anlaşılmayıb və bu, qanunvericiliyə hansısa dəyişikliklərin edilməsi tələbi deyil, sadəcə məhbuslara münasibətdə emosional həmrəylik idi.
Görünür ki, bu bəyanatdan sonra məsələ artıq bağlanıb və əslində mövcud məhbusların əfvi təcrübəsinə dəyişikliklərin edilməsi gözlənilmir, bununla belə gürcü ekspertləri qeyd edir ki, bu qalmaqal Kilsə ilə siyasətçilərin qarşılıqlı münasibətlərindəki qüsurların üzə çıxması üçün lakmus kağızı oldu.
“Azadlıq radiosunun bloqqeri Georgi Sxadaya: “Gündəmə belə bir sual çıxdı ki, biz din xadiminin siyasi qərar qəbul etdiyi ölkədə yaşamaq istəyirikmi? Aydındır ki, bunun əlamətləri əvvəl də mövcuduydu, amma ilk dəfə olaraq hakim qüvvə ciddi şəkildə – biz sekulyar dövlətdə yaşamaq istəyirikmi – sualını qoydu. Qəribədir ki, hakim siyasi qüvvəsi və əsas müxalifət partiyası Avropa yönlü olan (hər halda onlar özlərini belə adlandırırlar) bir ölkə gözlənilmədən ciddi sekulyarizm təhlükəsi ilə üz-üzə dayandı.
Sənətşünas Teo Xatiaşvili: “Bu heç də sadəcə Patriarx və siyasətçilərin emosional fonda söylədiyi istək deyil. Bu, Patriarxiyanın güclü təsiri və mövqeyi Konstitusiya ilə təsbit olunmasına baxmayaraq, fəaliyyətdə olan siyasətçilərin bu təsirin altında olmasıyla bağlı olan çox ciddi problemin indikatorudur.
Georgi Maysuradze, filosof: “Bu, lakmus kağızı rolunu oynadı, hansı ki kimlərin əlində, necə siyasətçilərin – nə dövlət anlayışı, nə də Konstitusiya bilgisi olmayan insanların əlində olduğumuzu nümayiş etdirdi… Patriarxiyaya gəlincə isə, biz mətni analiz etməyi bacarırıqsa, görərik ki, Patriarxın bəyanatı ancaq emosiyaya əsaslanmırdı. Patriarx indiki hakimiyyət üzvlərindən xeyli daha ağıllı siyasətçidir. Aydındır ki, Patriarx hökumətin onun xahişini yerinə yetirməyəcəyini və Konstitusiyanı dəyişməyəcəyini bilirdi, bununla belə o bunu tələb etdi. Əvvəlki illərin təcrübəsi onu göstərir ki, Patriarxiyanın real olmayan tələblərinə cavab olaraq, Patriarxiyanın nüfuzundan qorxan hökumət ona qiymətli hədiyyələr – iqamətgahlar, torpaq və s. yəni dövlət əmlakı təklif edir.
Georgi Qosiridze, “Gənc hüquqşünaslar assosiyasiyasının hüquqşünası: “Patriarxiyaya məhbusların azad edilməsi səlahiyyətinin verilməsi mövzusu indiki hökumətin demokratik quruluşdan imtina edərək, teokratiyaya keçidə hazır olduğunu göstərdi.
Eka Çitanava, Tolerantlıq və Müxtəliflilik İnstitutunun direktoru: “Patriarxiya öz gücünü nümayiş etdirdi, siyasi gücə malik olduğunu və siyasi oyunçu olmaq iddiasında olduğunu göstərdi. Öz növbəsində, reytinqi düşən gürcü hökuməti Kilsədən istifadə etməyə çalışır. Bunu əvvəlki hökumətlərin nümayəndələri də ediblər. Təşkilatımız tərəfindən aparılan tədqiqat göstərdi ki, dövlət Kilsəyə ən böyük məbləği seçki ərəfəsində ayırır ki, bu da “siyasi korrupsiya sayılır.
Sergi Ratiani, “Vahid Milli Hərəkatın icra katibi: “Əksəriyyətin nümayəndələri aşkar bir prinsipi anlamırlar ki, dövlət və Kilsə ayrı olmalıdır. Onlar bu prinsipi anlamırlar. Başa düşmürlər ki, bu bölgü sadəcə Konstitusiya tərəfindən elan edilmir, o Konstitusiyanın əsaslandığı ən başlıca prinsipdir. Bölgünü onlar qarşıdurma kimi qəbul edirlər. Ruhani və dünyəvi sahələr ayrılır, çünki biz Kilsə haqqında danışanda sakral, müqəddəs olan, din haqqında danışırıq. Siyasətdə isə sakrallıq ola bilməz.
Aleksi Petriaşvili, “Azad demokratların lideri: “Real olaraq, biz fəlakətlə üz-üzəyik. Bu hakimiyyət öz vətəndaşlarından qopub, onların problemləri haqqında danışmır və danışa bilmir, onun xalqla əlaqəsi yoxdur, bu aydındır. Təəssüflər olsun ki, o bu cür bəyanatlarla çıxış edərkən heç nə ilə üzləşdiyini anlamır da. Həm də Patriarxiyanın izahından sonra hər şey aydın oldu. Bizim, “Azad demokratların bu məsələdə mövqeyi çox prinsipialdır, bunu Patriarxiyanın bəyanatı da təsdiq etdi – Kilsənin öz, hakimiyyətin isə öz funksiyaları var.