Ella Kesayeva: “Mən tankların necə atəş açdığını görürdüm. İndi kim mənə bunu sübut edə bilər ki?”
Beslan şəhərində terror aktı törədildi
Ella Kesayeva Beslan şəhərində yaşayır və keçi saxlayır. O mikrobioloqdur, keçilərəsə 2004-cü il sentyabrın 1-3-də Beslan məktəbində baş verən dəhşətli terror aktında üç ailə üzvü həlak olandan və qızı Zarina yaralanandan sonra baxmağa başlayıb.
“Mən terror aktından iki il sonra keçi və inək saxlamağı qərara aldım. Atam onlara o qədər isinişdi ki, ət həvəskarı olmasına rəğmən, çəpişlər doğulandan sonra onları kəsməyi qadağan elədi. Mən də ət yeməyin daşını atdım, heyvanları öldürmək istəmirəm. Pendir tuturam və süd satıram. Bacım da vegetarianlığa can atır və həftədə bir dəfə yeməkdən və sudan tamamilə imtina edir. Amma, zənnimcə, o bunu sağ qaldığı üçün edir, yəni özünü cəzalandırır”, – Kesayeva deyir.
Ella Kesayeva nəyə çalışır
Ella Kesayeva Şimali Osetiyada tanınmış addır. Rusiyada həmçinin. Digər ölkələrdə də bu ad çoxlarına tanışdır. Ella Kesayeva bir qrup digər Beslan qadını ilə birgə artıq on iki il təsdiqləyir ki, o üç dəhşətli gündə baş vermiş olayların hələ də obyektiv istintaqı aparılmır. Və bunun baş verməsinə çalışır.
Terrorçular minalanmış binada 1128 insanı – uşaqları, valideynləri və məktəb işçilərini üç gün ərzində əsir saxlamışdılar. Nəticədə 334 əsir, o cümlədən 186 uşaq həlak olmuşdu.
O, 2007-ci ildə İnsan Haqları Avropa Məhkəməsinə ünvanlanmış iddiaya imza atan 435 nəfərdən biridir. Proses hələ də davam edir və qərarın nə vaxt çıxarıla biləcəyi barədə təxmini məlumat belə yoxdur.
Bu on iki il ərzində terror aktı hadisələrini bir-birindən asılı olmayan bir neçə komissiya və ekspert qrupu tədqiq edib. Amma vahid qərar hələ də əldə edilməyib. Yaşanmış olayların bir çox aspekti hələ də mübahisə doğurur. Əsas sualsa orda neçə terrorçunun olması idi?
Bu, Beslan sakinləri üçün olduqca vacib sualdır. Rəsmi məlumata görə, mühasirənin üçüncü günü məktəbə hücum zamanı iyirmi səkkiz terrorçu qətlə yetirilib, birisə diri ələ keçirilib və hazırda ömürlük həbs cəzasını çəkir. Lakin bir neçə müstəqil istintaq böyük ehtimalla terrorçuların daha çox olması və onlardan kiminsə qaçması qənaətinə gəlib.
Fikir ayrılığı və tənqidin digər bəndi terrorçularla danışıqlar zamanı hökumətin atdığı addımlar, binaya hücum edilməsi və bu hücumun necə keçməsidir.
Komissiyaların məşğul olduğu və Kesayeva ilə həmkarlarının davam etdiyi üçüncü bənd niyə Rusiya telekanallarının və mətbuatının terakt zamanı və sonrakı illərdə olaylar barədə bu cür məhdud və ziddiyyətli şəkildə məlumat verməsinin aydınlaşdırılmasıdır.
“Mən hər şeyi öz gözlərimlə görmüşəm – məktəbi necə atəşə tutduqlarını. Onlara qışqırırdım: “Siz nə edirsiniz? Orda heç kəs sağ qalmayacaq!” Mən tankların necə atəş açdığını görürdüm. İndi mənə bunu kim sübut edə bilər ki?”, – Ella Kesayeva təmkinini pozmadan söyləyir.
O deyir ki, on iki il əvvəl öz istintaqına başlayanda, həm özü, həm digər qadınlar bundan belə hər şeyə aydınlıq gətiriləcəyini və bütün günahkarların cəzalandırılacaqlarını zənn edirdi.
“Sonra aydın oldu ki, əksinə, bizim ağzımızı yummaq istəyirlər. Əvvəl-əvvəl buna heyrətlənirdik. Sonra anladıq ki, övladlarımızın ölümündən hakimiyyətin vertikallığı və öz hökmranlıqlarını əhəmiyyətli dərəcədə möhkəmləndirmək üçün istifadə ediblər”.
Beslan terror aktından çox keçmədən, hələ 2004-cü ilin sonlarınadək Rusiyada qubernatorların və federal subyektlərinin birbaşa seçkisi ləğv olundu. Rusiya Federasiyası subyektlərinin yüksək səlahiyyətli şəxsləri ölkə rəhbərinin təqdimatı ilə ərazilərin qanunverici yığıncaqlarında seçilməyə başladı.
Onda nə baş vermişdi
“Əgər onda məktəbdə anam olsaydı, onu dəqiq güllələyərdilər”, – qızım həmişə mənim haqda bu cür deyir, çünki dilimi dinc saxlaya bilmirəm”, – Ella Kesayeva deyir.
“Mənim bacım uşaqları sentyabrın biri məktəbə getmək fikrində deyildilər – böyüyünün on altı yaşı vardı və onlar özlərini “sıra” üçün həddən ziyadə böyük sayırdılar”, – qadın danışır. – Uşaqlar pul yığmışdılar və dostları ilə şəhər gəzintisinə çıxmağa hazırlaşırdılar. Amma gözlənilmədən ataları gəldi və onları məktəbə getməyə məcbur elədi”.
“Beləcə, onlar getdilər – bacımın iki oğlu, ataları və mənim qızım. Evdə ləngimişdim və onların ardınca getməyə hazırlaşırdım, bayıra çıxandasa bir maşının yaxınlaşdığını və terrorçuların məktəbə sarı qaçdıqlarını gördüm… Mən bütün bunların şahidi oldum, axı evimiz düz məktəbin yanındadır. Məktəbə tərəf cumdum, amma kimsə çiyinlərimdən tutub geri çəkdi, bu bizim qonşumuz idi”.
“Bütün bu illər ərzində özümə belə bir sual verirəm – mən niyə qaldım? İnanclı adamam. Yəqin Allah belə məsləhət bilibmiş”.
Ella Kesayevanın ailəsi terror aktında üç üzvünü itirib. Ellanın iki bacısı oğlu və onların atası terror aktının ilk günü hamının gözü qarşısında güllələnib. Səbəbsə bacımın ərinin uşaqları osetin dilində sakitləşdirmək istəməsi olub. Bu, osetin dilində danışmağı qadağan etmiş terrorçuların xoşuna gəlməyib. Qızı Zarina yaralanıb, amma sağ qalıb.
İndi nə baş verir
Ella Kesayeva deyir ki, on iki il bundan əvvəl ona bütün bu müddət ərzində hələ də ədalətin bərqərar olacağı günü gözləyəcəklərini desəydilər, buna inanmazdı.
Ortada rəsmi hökumət istintaqının nəticələri yoxdur və cinayət işi formal olaraq hələ də bağlanmayıb. Amma bu işin irəliləməsi il bağlı da heç bir nişanə yoxdur.
“Bu böyük müddətdir, amma mən əvvəl-axır həqiqəti əldə edəcəyimizə inanıram”, – qadın deyir.
Kesayeva “biz” deyəndə, öz rəfiqələrini, 2004-cü ildə eynilə onun kimi müsibət yaşamış anaları nəzərdə tutur. Onlar çoxdan “Beslanın səsi” ətrafında birləşiblər. 2008-ci ildə onların hüquqi statuslarını əllərindən alıblar, amma mahiyyət etibarilə nə onlar, nə diqqətini çəkmək istədikləri kəslər üçün heç nə dəyişməyib.
Son on iki ildə “Beslanın səsi”nin iddiaları və tələblərinə görə yüzdən çox məhkəmə iclası keçirilib. Sonuncu məhkəmə 2016-cı ilin sentyabrında baş tutub və böyük qalmaqala səbəb olub. Ella Kesayeva və onun dörd həmkarı teraktın ildönümü ilə əlaqədar aksiya təşkil edib və “Putin Beslanın cəlladıdır” yazılı idman köynəkləri geyinib.
Aksiyanın bütün iştirakçılarını saxlayıblar, saxlanma zamanı qadınlardan biri zərbə alıb.
Sonra beş qadının hamısı ictimai işlə cəzalandırılıb və iyirmi min rubl (təxminən üç min dollar) məbləğində cərimələnib.
Amma “Beslanın səsi” fəaliyyətini dayandırmaq fikrində deyil.
Yeni Antioqna
2016-cı ilin dekabrında Moskva “Teatr.doc” sənədli pyes teatrında “Yeni Antiqona” tamaşasının premyerası keçirilib. O, jurnalist Yelena Kostyuçenkonun məhkəmə iclasları barədə materialları əsasında səhnələşdirilib. Yelena 2016-cı ilin sentyabrında Beslanda keçirilən aksiyada iştirak edib və həmçinin zərbələrə məruz qalıb, üstəlik həbs olunub.
“Antioqna” – Sofoklun iki min il bundan əvvəl yazılmış faciəsidir. Pyesin qadın qəhrəmanı vicdanının səsinə qulaq asaraq, hakimiyyətə qarşı çıxıb. Antik Antioqna haqlı olduğunu bilirdi və ədalətə, ya da heç olmasa yunan allahlarının panteonunun qisasçılığına inanırdı.
Yeni Antiqona daha qətidir. O, haqqın indi bərqərar olmasını istəyir.
Bütün bu məhkəmə illəri ərzində Ella Kesayeva savadlı hüquqşünasa çevrilib və indi hətta tanışlarına sənədləri toplamaqda yardımçı olur. Amma yenə də hesab edir ki, əsas vəzifəsi və işi Beslan barədə həqiqəti üzə çıxarmaqdır.
Kesayeva italyan jurnalisti Massimo Bonfatti ilə birlikdə o günlərin olaylarını təsvir edən kitab yazıb və nəşr edib. Hazırda planda daha bir layihə var – bütün məhkəmə iclaslarının xronikasını yazmaq.
“Bu yaxınlarda bizə italyan məktəblilərindən məktublar gəlib, – Ella Kesayeva yazır. – Müəllimləri onlara dərsdə bizim faciəmiz və sonuncu aksiyamız barədə danışıb. Onlar da bizə məktub yazmağı qərara alıblar. Məktublarında elə maraqlı şeylər yazıblar ki. Biz bütün bunları nahaq yerə etmirik. İnsanlar bizim səsimizi eşidir və üzərində düşünürlər”.
“Beslanın səsi nə edəcək”
Onlar İnsan Haqlar üzrə Avropa Məhkəməsinə böyük ümid bəsləyirlər. Artıq on ildir ki, Beslan hadisələri ilə bağlı iddiaya baxılır.
“Əgər belə bir şey baş veribsə və bunun üstündə heç kəsi cəzalandırmırlarsa, biz buna necə dözək, bundan belə necə yaşayaq?” – Kesayeva deyir.
Amma hətta Avropa məhkəməsi qərar çıxarsa belə, bu hələ kiminsə cəzalandırılması anlamına gəlməyəcək. 2015-ci ildə RF-nin Dövlət Duması Rusiyada beynəlxalq hüququn milli hüquqlar üzərində prioritetini ləğv edib. Rusiya Konstitusiya Məhkəməsinin qərarlarının beynəlxalq instansiyaların hökmlərindən üstün olmasının lehinə 436 deputat səs verib, yalnız üç deputat əleyhinə çıxıb.
“Hər şey “Koşeyin iynəsinə” tuş gəlir, siz kimi nəzərdə tutduğumu bilirsiniz. Amma o öz vəzifəsində əbədi deyil. Bu səbəbdən rəfiqələrimə deyirəm ki, o günü görə bilmək üçün sağlamlığımızın qayğısına qalmalıyıq”, – Kesayeva vurğulayır.
2004-cü ildə zərər çəkmişlər üçün həyat çoxdan “teror aktından əvvəl” və “sonra”ya bölünüb. Vaxtilə qida sənayesində mikrobioloq işləmiş Ella Kesayeva hazırda “Beslanın səsi” ictimai komitəsinin sədridir və keçi saxlayır. On iki yaşında o məşum məktəbdə üç gün əsir həyatı yaşamış qızı Zarina terror aktı baş verənədək hüquqşünas olmaq istəyirdi, amma indi həkimlik oxuyur.