Azərbaycanda elektron kitab bazarı yoxdur: bu, naşirlər üçün niyə yaxşıdır?
Azərbaycanda elektron kitab bazarı praktiki olaraq yoxdur. Nəşriyyatlar Şəbəkədə ticarətə başlamağa tələsmirlər və bunun əleyhinə tutarlı səbəblər gətirirlər. Bu məsələdə koronavirusa görə uzun aylar sürən lokdaun da irəliləyişə səbəb olmayıb, artıq payız gəlib və evlərə növbəti qapanmanın astanasındayıq.
Azərbaycan COVID-19 pandemiyasına görə elan olunmuş karantini başa vurdu və bu təcrid ayları ərzində insanlar lazım olan məhsulları internet vasitəsilə almağa öyrəşdi. Şəbəkədə sözün həqiqi mənasında hər şey satılır, geyimdən tutmuş ərzağa qədər. Ancaq elektron kitab satışı yoxdur.
• Şərh: “Qatillərin kitablarını oxumayın”
• Gürcüstanda seksual təhsil: məktəblərdə “seks” sözünün səslənməsinə kim etiraz edir?
• Qazın göyərçinə aşiq olması: Azərbaycanda “uşaq” kitabı niyə qadağan edilib?
Kitab sifariş etmək olar, amma çap variantında
Azərbaycanda kitab mağazaları şəbəkələri öz saytlarında müxtəlif nəşrlərin satışını təklif edir. Bank kartı ilə ödəniş edib, çatdırılmanı gözləmək lazımdır…
Amma heç kim sifariş verilən kitabların dərhal gətiriləcəyinə zəmanət vermir. Bu sətirlərin müəllifi bir dəfə ödənişini etdiyi sifarişin çatdırılmasını 20 gün gözləməli olub. Satıcılar bu cür ləngiməni sifarişlərin çox olması, işçi çatışmazlığı və ümumiyyətlə banal olaraq çatdırılma çətinlikləri ilə izah edirlər.
Karantin günlərində Bakıda xüsusi saytda qeydiyyatdan keçməmiş avtomobillərin hərəkəti qadağan edildiyi zaman polis hətta dünyaca məşhur poçt xidməti şirkətlərinin maşınlarını da saxlayırdı, kitab çatdıran kuryerlərdən isə heç danışmağa dəyməz.
Halbuki bütün dünyada bir neçə saniyə ərzində istənilən kitabı elektron formatda almaq mümkündür və kiminsə onu sənə kağız formasına gətirməsini uzun-uzadı gözləmək lazım deyil.
Bəs Azərbaycan naşirlərinə bu işi yoluna qoymağa nə mane olur?
Kitabların elektron versiyaları var, amma…
“Qanun” Nəşriyyat Evinin rəhbəri Şahbaz Xuduoğlunun sözlərinə görə, bu işlə bağlı texniki problem yoxdur. İndiki zamanda təbii ki, bütün kitablar elektron formatda mövcuddur, onları sadəcə satış üçün sayta yerləşdirmək lazımdır. Amma bu zaman başqa bir problem ortaya çıxır.
“Bizim ölkəmizdə müəlliflik hüququnun qorunması haqda qanun işləmir. Hətta bizim elektron kitab satışına başlamaq cəhdlərimiz hər dəfə bu nəşrlərin pirat surətlərinin bazara axınına səbəb olub”, – Xuduoğlu JAMnews-a müsahibəsində şikayətlənib.
O əlavə edib ki, gec-tez Azərbaycan dünyada geniş yayılan bu kitab satışı vasitəsini tətbiq etməlidir. Amma öncə piratlıqla mübarizə mexanizmləri ilə bağlı məsələ həll olmalıdır.
Baha kitablar
Azərbaycanda bir çox kitabsevərlər kitabların baha olması haqda danışırlar. Populyar nəşrlərin orta qiyməti 10-20 [$6-12] manat civarındadır. Minimum əməkhaqqı 250 manat [$147] olan bir ölkədə əksəriyyət üçün bu, həddən artıq bahalı əyləncədir.
“Mən tələbəyəm, əlaçı kimi 130 manat [$76,5] təqaüd alıram. Kitab ala bilmirəm, mənim üçün çox bahadır. Əlbəttə, kağız analoqlarından üç-dörd dəfə ucuz olan elektron kitablar mənim cibimə görə olardı”, – Bakıdakı universitetlərdən birinin tələbəsi Jalə deyir.
“Hətta endirimlə də almırlar”
“Biz tez-tez endirimli qiymətlərlə kitab satışı aksiyaları keçiririk. Elə olur ki, adam qiyməti 1 manat [$0,6] olan kitabla maraqlanır. Şəxsən özüm ona bu kitabın içində toxunulan mövzular haqda danışıram. Bütün bunlardan sonra kitabı daha aşağı qiymətə satmağımı xahiş edir”, – Şahbaz Xuduoğlu danışır.
Onun fikrincə, ölkədə hələ kitaba sevgi mədəniyyəti formalaşmayıb. Bu vəziyyətdə də kağız versiyaları ilə yanaşı elektron kitab satışı yaxşı ideya deyil:
“Biz elektron formatda kitab satmağa cəhd etmişik. Hətta indi də bizim saytda bir neçə sərfəli təklif var. Statistikanı izləyirəm. Ay ərzində uzağı 3-4 kitab satılır”.
Bazar öz şərtlərini diktə edir
“Qanun” Nəşriyyat Evinin rəhbəri bildirir ki, heç bir maneəyə baxmayaraq, elektron kitab satışını yoluna qoymaq lazım olacaq:
“Bu ümumdünya tendensiyasıdır və biz nə vaxtsa buna gələcəyik. İnsanlar artıq hər şeyi internetdən almağa alışır. Kitablar bu mühitdə əlçatmaz qalmalı deyil”.
TEAS Press nəşriyyatından da eyni fikirləri səsləndirirlər: “Biz elektron kitab satışına başlamaq haqda düşünürük. Amma lap yaxın gələcəkdə yox. Bu işin bütün nüanslarını beynəlxalq normalarla və elektron ticarət tələbləri ilə müvafiq vəziyyətə gətirmək vacibdir. Başqa sözlə, bu addıma hazırlaşmaq lazımdır”, – nəşriyyatdan JAMnews-a bildirilib.