Ehtiyatlı olun, seçkilər: Ermənistanda böhran həll olacaq, yoxsa dərinləşəcək?
Ermənistanda keçiriləcək növbədənkənar seçkilər çox sayda sual doğurur. Çoxları hətta seçkilərin baş tutacağına şübhə edir, baxmayaraq ki, baş nazir artıq seçkinin iyunun 20-ə təyin olunduğunu elan edib.
Ermənistanda ikinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra uzun müddətdir ki, dərin siyasi böhran davam edir. Müxalifət 2020-ci ilin payızından baş nazirin istefasını tələb edir, Nikol Paşinyan isə xalqın yalnız bir hissəsinin tələbi ilə vəzifədən getməkdən imtina edir. Məhz yaranmış bu vəziyyətdən çıxmaq üçün siyasi qüvvələr növbədənkənar parlament seçkilərinin keçirilməsi ətrafında uzlaşıblar.
JAMnews-un seçkilər baş tutacaqmı, seçki sayəsində daxili siyasi böhran həllini tapacaqmı, kimlər və hansı şansla seçkidə iştirak edəcək suallarına siyasi icmalçı Akop Badalyan cavab verib.
- Ermənistanda Seçki Məcəlləsi dəyişdirilib: parlament seçki ərəfəsində dəyişiklikləri təcili təsdiqləyib
- Tarix açıqlandı: Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək
Seçkilər baş tutacaqmı?
“Cəmiyyətdə bununla bağlı übhələr var. Çox şey yalnız ölkədəki daxili siyasi vəziyyətdən yox, həm də Qafqazdakı geosiyasi vəziyyətdən asılıdır. Heç nəyi istisna etmək olmaz, nəzəri cəhətdən elə bir xarici vəziyyət yarana bilər ki, Ermənistanda daxili gündəm dəyişikliyinə gətirib çıxara bilər.
Bu gün hələlik bunun üçün heç bir ciddi ilkin şərt yoxdur, amma bizim ətrafımız kifayət qədər gözlənilməzdir. Bir də qeyd etmək lazımdır ki, Ermənistana, xüsusilə də müharibədən sonra xarici amillərin təsiri daha da artıb. Müvafiq olaraq yalnız daxili razılaşmalar və ya daxili siyasi vəziyyət əsasında hər hansı gündəmi öncədən ehtimal etmək və ya proqnozlaşdırmaq mümkün deyil.
Üstəlik bu xarici amil yalnız regionumuzda vəziyyətin gərginləşməsi olmaya da bilər. Bu, digər regionlarda, məsələn, Yaxın Şərqdə, İranda, Ukrayna istiqamətində və s. gərginləşmə də ola bilər. Bizim regionumuz digər regionlarla eyni qovşaqda olduğu üçün bu və ya digər nöqtədə gərginlik yeni problemlərə və ya yeni əməliyyatlara gətirib çıxara bilər.
Mahiyyətcə, bizim əvvəlki təhlükəsizlik sistemimiz bizdə yoxdur, yeni sistem isə formalaşmayıb və bu vəziyyətdə Ermənistan xarici amillərdən çox asılıdır. Bu nöqteyi-nəzərdən mən seçkilərin olmaya biləcəyini də istisna etmirəm”.
Böhran həllini tapacaqmı?
“Seçkilər keçiriləcəyi təqdirdə bəziləri toqquşmaların və ya vətəndaş müharibəsinin olmasından qorxur, bəs kim bu vətəndaş müharibəsinə sürükləyə bilər. Vətəndaş müharibəsi başlatmaq niyyəti və imkanı olan seçkisiz də bunun üçün bəhanə və səbəb tapacaq.
Üstəlik indi biz kəskin siyasi böhran vəziyyətindəyik, bu şəraitdə istənilən küçə aksiyasi dərhal vətəndaş müharibəsinə gətirib çıxara bilər.
Amma əgər siyasi qüvvələr heç olmasa seçkinin keçirilməsi ilə bağlı razılaşma əldə edə bilsələr ki, cəmiyyətin bu və ya digər siyasi qüvvəyə hansı qiyməti verdiyini anlamaq mümkün olsun, o zaman seçkinin nəticələrini hesabat nöqtəsi kimi götürmək və vəziyyətin həllinə nail olmaq mümkündür.
Əlbəttə, seçkilərin və seçkidən sonrakı qanuniliklə, şəffaflıqla, azadlıqlarla bağlı proseslərin necə keçəcəyi çox vacibdir. Axı seçkilər özlüyündə onsuz da gərginlikdir, hakimiyyət uğrunda mübarizədir.
Amma onlarsız da Ermənistanın siyasi həyatında bu gərginlik artıq ən yüksək həddə çatıb, çünki siyasi partiyaların diqtə etdiyi daxili siyasi proseslər və gündəm heç cürə reallığı və cəmiyyətin əhvalını əks elətdirmir. Bu vəziyyət gərginliyi yüksəldir, seçkilər isə hər şeyi yerbəyer etməyə və bir-biri ilə uzlaşdırmağa imkan verəcək. Seçkinin köməyilə ictimai əhval küçədə yox, parlamentdə öz təcəssümünü tapacaq.
Buna görə də seçkinin olmağı olmamağından yaxşıdır”.
Seçkilərin keçirilməsi üçün optimal müddət
“Seçkilərin keçirilməsi müddəti ilə bağlı hər kəsin subyektiv fikri var. Müxalifət hesab edir ki, indi keçirmək lazım deyil. Mən düşünmürəm ki, məsələn, bir ildən sonra ölkəmiz seçki prosesləri nöqteyi-nəzərdən daha keyfiyyətli səviyyəyə çıxacaq.
Həmişə demək olar ki, bu gün biz seçkiyə hazır deyilik. Bir aydan sonra seçki keçirmək problemli ola bilərdi, amma iyun seçkinin keçirilməsi üçün optimal müddətdir”.
Oyuna yeni oyunçular daxil olur?
“Yeni qüvvələr yaranacaq, onlar prinsipcə artıq var. İndi onların formalaşması prosesi gedir. Onların şansları seçkidə hansı formatda iştirak etməklərindən asılı olacaq. Əlbəttə ki, daha təcrübəli və tanınmış qüvvə ilə hər hansı blok yaratmaqdansa, təkbaşına onların daha az şansları olacaq.
Yeni qüvvə olaraq, məsələn, Ermənistanın Sünik vilayətinin keçmiş qubernatoru, Zəngəzur Mis-Molibden Kombinatı Şurasının üzvü Vahe Akopyanın “Dirçələn Ermənistan” partiyasını göstərmək olar. Ya da rusiyalı sahibkar, “Dvin” otelinin sahibi və “Tovmasyan” xeyriyyə fondunun rəhbəri Artak Tovmasyanın “Üçüncü qüvvə” partiyası və sairə.
Bir qədər daha əvvəl yaradılmış başqa partiyalar da var, amma seçki prosesində onlar yeni olacaqlar. Bu mənada da mənzərə rəngarəngdir. Əvvəlki sistemlə əlaqələri aşkar olan qüvvələr də var, amma onlar ictimaiyyət qarşısında yeni simalarla çıxış edirlər.
Bu cür qüvvələr bu və ya digər mövzuda danışdıqları zaman özlərini daha çox biruzə verəcəklər. O zaman kimin hansı məqsədlə, o cümlədən də kimi hansı məqsədlə yeni partiya qismində siyasət meydanına çıxardıqları, onlardan kimin satellit partiya, spoyler və sairə olduğu görünəcək”.
Bir eks-prezident digərin kömək edəcək, ya mane olacaq?
“İki eks-prezident – Serj Sarqsyan və Robert Koçaryanın indi münasibətlərinin necə olacağı çox vacibdir.
Keçmiş prezident Robert Koçaryan elan edib ki, öz komandası ilə keçiriləcək seçkidə iştorak edəcək. Amma hələlik onun kmandasının kimlərdən ibarət olduğu və hansı formatda təqdim olunacağı məlum deyil.
Belə söhbətlər gedir ki, o, EİF “Daşnaksütun” və hökumətin istefasını tələb edən, xalq arasında “17+” adlandırılan bəzi partiyalarla birlikdə gedəcək.
Amma burada digər eks-prezident Serj Sarqsyanın kifayət qədər böyük resurslarından necə istifadə edəcəyi çox vacibdir. Üstəlik daha əvvəl o, seçkilərdə iştirak etməyəcəyini bildirib.
Hər iki fiqurun çevrəsi keçmiş iqtidar elitasıdır.
Serj Sarqsyan hakimiyyət uğrunda mübarizə aparacaqmı? O, yenə də oyuna daxil olsa, bunu hansı formatda və hansı miqyasda edəcək? Serj Sarqsyan həmçinin bildirib ki, “siyasət səngərini tərk etməyəcək” və bu bəyanat hazırkı hakimiyyətdən daha çox öz çevrəsinə ünvanlanmışdı.
Müvafiq olaraq Koçaryanın şansı əvvəlki sistem çevrəsindəki münasibətlərdən, bu sistemdəki dəngələrdən, Serj Sarqsyanın partiyasının (Ermənistan Respublika Partiyası) nə dərəcədə aktiv və ya passiv olmasından, onun vektorundan, İştirak etmədiyi halda Rovert Koçaryana kömək etmək, yoxsa mane olmaq qərarından asılıdır.
İstənilən halda mən düşünürəm ki, Serj Sarqsyan onun resurslarının hər hansı faizinin Robert Koçaryana və ya başqa kiməsə keçməsinə imkan verməyəcək.
Robert Koçaryanın və Serj Sarqsyanın tərəfdarları, yəni əvvəlki iqtidar sisteminin çüvrələri və ya qalıqları arasında ziddiyyətlər birlikdən daha çoxdur.
Bu gün onları ancaq hazırkı hakimiyyətə qarşı mübarizə birləşdirə bilər. Amma onlarda daxili ziddiyyətlər həmişə olub və indi də aktualdır. Onlar prinsipcə, müharibədən sonra hazırkı hakimiyyətə qarşı birgə blits-mübarizənin uğursuzluğuna səbəb olub. İndi isə düşünürəm ki, onlar ümumiyyətlə ayrı-ayrı meydanlarda oynayırlar”.