EFJ “Azadlıq Radiosu”nun Azərbaycan ofisindəki böhranla bağlı müstəqil araşdırma tələb edir
“Azadlıq Radiosu”nda böhran
Avropa Jurnalistlər Federasiyası (EFJ) “Azadlıq Radiosu”nun Azərbaycan redaksiyasında yaranmış böhranla bağlı radio rəhbərliyinə müraciət edib. Təşkilat keçmiş radio jurnalistləri tərəfindən açıqlanan faktların müstəqil araşdırılmasını tələb edib.
Bir neçə keçmiş əməkdaş sosial şəbəkələrdə “Azadlıq Radiosu”nun Azərbaycan redaksiyasının rəhbərliyinin qeyri-peşəkar davranışı ilə bağlı yazıb, rəhbərliyin təqib və təzyiqlərinə məruz qalaraq qanunsuz olaraq işdən qovulduqlarını və ya könüllü şəkildə işdən getməyə məcbur olduqlarını bildiriblər. Daha sonra həmin jurnalistlər “şikayətləri redaksiya daxilində araşdırılmadığından” vətəndaş cəmiyyəti nümayəndələrinə, eləcə də beynəlxalq təşkilatlara birgə müraciət ediblər.
- Priqojin həlak olub, yoxsa öldürülüb?
- “Belə uzun müddət davam edə bilməz” Bakıdan şərh
- Gürcüstan azərbaycanlıları Azərbaycan prezidentinə müraciət ediblər
Avropa Jurnalistlər Federasiyasının müraciəti
Avropa Jurnalistlər Federasiyasının (EFJ) müraciətində radio rəhbərliyinin Azərbaycan nümayəndəliyinin əməkdaşlarının şikayət məktubuna cavab verməməsinə heyrət ifadə olunub.
Bildirilib ki, keçmiş işçilər radio rəhbərliyinə haqsız yerə işdən çıxarılmaqlarından, radiodakı vəziyyət, bullinq, işçilərin sıxışdırılması və işə Azərbaycan hökumətinə yaxın insanların qəbulu ilə bağlı yazıblar. Təşkilat ümid edir ki, ABŞ Qlobal Media Agentliyi (USAGM) Azadlıq Radiosunun Azərbaycan bölümünün keçmiş əməkdaşlarının irəli sürdüyü iddialarla bağlı müstəqil araşdırma aparılmasına göstəriş vermək üçün lazımi addımlar atacaq.
Baş qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşən Avropa Jurnalistlər Federasiyası (EFJ) Avropada jurnalistləri təmsil edən ən önəmli təşkilatlardan biridir.
Nə baş verib?
“Azadlıq Radiosu”nun Azərbaycan redaksiyasının keçmiş əməkdaşları bir müddətdir ki, işdən haqsız yerə qovulduqları, iş zamanı təzyiqlərə, təhdidlərə və təhqirlərə məruz qaldıqları haqda bildirirlər. Bəzi əməkdaşlar təzyiqlərə görə işlərini tərk etdiklərini qeyd ediblər.
Şikayətçilərdən birinin – İslam Şıxəlinin “Abzas Media”ya dediyinə görə, radionun Azərbaycan bölümünün rəhbəri İlkin Məmmədov və baş redaktor Zeynal Məmmədli davamlı olaraq işçiləri bullinqə məruz qoyduğuna, aldadıcı, manipulyativ söhbətlərlə ruhdan saldığına görə şikayətçi olublar.
Jurnalist deyir ki, onlar iş prosesində hansısa tələblərini bildirəndə, qeyri-adekvat reaksiyalar verilib:
“Azadlıq Radiosunun Bakı ofisi bağlanandan sonra 2016-cı ilə qədər Praqa ofisilə kommunikasiyaya keçə bilmirdik. Fərdi şəkildə İlkin Məmmədovla danışırdıq, amma problemlərin nədən qaynaqlanması ilə bağlı ümumi şəkildə müzakirə apara bilmirdik. Buna görə də mən ümumi iclas tələb edirdim, isti yanaşmırdılar.
Uzun zaman sonra bir dəfə iclas təyin etdilər, onda da bizi bullinqə məruz qoydular ki, iclasdır, danışın görək nə deyirsiniz?! Ondan sonrakı bütün iclaslarda və rəhbərliklə şəxsi danışıqlarda bizim hüquqlarımızla bağlı tələblərimizə dırnaqarası yanaşıblar və təhdid ediblər.
Bizə avadanlıq lazım olurdu, bəzilərinə verirdilər, bəzilərinə yox. Nədən qaynaqlanır, bilinmirdi. Bunu tələb edəndə də deyirdilər ki, radio Bakı ofisini saxlamağa maraqlı deyil, sizi işdən çıxaracaqlar. Ona görə də bu söhbətləri buraxıb yaxşı işləməyə baxın”.
“Biz sizinlə bir yatağa girmişik”
İslam Şıxəli deyir ki, İlkin Məmmədov iş vaxtı təhqiredici və aşağılayıcı sözlərlə danışırdı, sonradan yeni işçilər gələndə, bu artıq biabırçı həddə çatdı:
“İclasların birində işə yeni gələn qızlara onlarla bağlanmış iş müqaviləsini nəzərdə tutaraq “biz sizinlə bir yatağa girmişik, bir yastığa baş qoymuşuq” demişdi. Bu davranış Praqadakı ofisdə işləyənlərə qarşı da var”.
Jurnalist deyir ki, radio rəhbərliyi şikayətləri demək olar ki, araşdırmayıb.
Onun sözlərinə görə, İlkin Məmmədov hətta şikayəti araşdırmağa gələn şəxslərin gözünün önündə də bu davranışları davam etdirib:
“O vaxt Praqa ofisinə 2 nəfər yoxlama gəlib ki, ofis rəhbərliyinin fəaliyyətini izləsin. İclasların birində işçilər İlkin Məmmədovla bağlı şikayətlərini deyiblər, bundan sonra o, şikayət edənlər haqda elə danışıb ki, adamlar ağlamağa məcbur olublar. Şikayətçilər yoxlamaya gələn iki nəfərə deyiblər ki, şikayətlərimizi sizə deyək, onlar da cavab veriblər ki, siz bizimlə danışa bilməzsiniz, ancaq email yaza bilərsiniz. Təsəvvür edirsiniz, yoxlanış gəlir və şikayət edən adamların şikayətləri dinlənilmir”.
“Azadlıq radiosu prinsipial jurnalistika etikasına sadiqdir”
Radio məsələ ilə bağlı iki dəfə açıqlama yayıb. İlk açıqlamasında iddiaların əsassız olduğunu qeyd edib. Avqustun 19-da yaydığı ikinci açıqlamada isə bildirilib ki, Azadlıq Radiosu Azərbaycanda senzurasız xəbərlər təqdim etməkdə radionun missiyasına və prinsipial jurnalistika etikasına sadiqdir.
“Azərbaycan xidmətinin ünvanına səslənən iddialara dair radionun ombudsmanı əhatəli baxış keçirib və xidmətin dəqiq, müstəqil və məsuliyyətli olduğunu üzə çıxarıb. Azad Avropa/AzadlıqRadiosu konkret şəxslərlə bağlı şərh vermir”, – deyə açıqlamada qeyd olunub.
“Necə araşdırılıb ki, bizdən heç nə soruşan olmayıb”
İslam Şıxəli radionun bu iki açıqlamasını absurd hesab edir.
“İkinci açıqlamada deyirlər ki, araşdırma olub, ancaq araşdırmadan söhbət gedə bilməz. Araşdırma olsaydı, həm Praqa ofisində işləyənlərdən, həm də Bakıda işləyənlərdən soruşardılar ki, İlkin sizinlə necə davranır? Necə olur ki, araşdırma olur və işçilərdən heç kimlə danışmırlar?! Bizim şikayətlərimizdən sonra radionun digər bir neçə işçisi də iclasda tələb edib ki, bu məsələlərə aydınlıq gətirilsin. Ancaq həmin adamlar da “qara siyahı”ya salınıb. Mən 10 il Azadlıq Radiosunda işləmişəm, amma hələ indi bilirəm ki, radionun ombudsmanı var imiş”.