“Düşmənlə” bir kursda
Azərbaycanlılar və ermənilər
Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan cəmiyyətlərini bir-birindən 30 il təcrid edib. Yaşlı nəsil bu iki xalqın birlikdə dinc yaşadığı dövrü xatırlasa da, gənclərin çoxu “düşmən” ölkədən olan yaşıdlarını heç vaxt görməyib.
Dövlət təbliğatı və cəmiyyətlərdə kök salmış stereotiplər sayəsində erməni və azərbaycanlı gənclər bir-birinə nifrətlə və şübhəylə yanaşır.
Xarci universitetlərdə təhsil gənclərin bir-biri ilə qarşılaşması üçün imkanlardan biridir.
Məsələn, Gürcüstanın İctimai İşlər İnstitutunda (GIPA) 2001-ci ildən xüsusi magistratura proqramı mövcuddur. ABŞ-ın sponsorluq etdiyi “Caucasus School of Journalism and Media Management” proqramı Cənubi Qafqaz ölkələrindən və regionun tanınmamış respublikalarından olan tələbələr üçün nəzərdə tutulub.
Arpi Bekaryan
Arpi GIPA-ya yeni qəbul olduğu zaman erməni və azərbaycanlı tələbələr arasında münasibətlər yaxşı olub.
“Sonra universitet erməni və azərbaycanlı tələbələrin birlikdə qruplar daxilində oxuya və işləyə bilmələri üçün görüş-dialoq təşkil etdi çünki əvvəlki illərdə çoxlu münaqişələr yaşanmışdı, dava-dalaşa qədər gedib çıxmışdı.
Dialoqun ikinci günü biz Dağlıq Qarabağ ətrafındakı hadisələrlə bağlı öz versiyalarımızı qarşılaşdıranda hər şey daha emosional oldu, göz yaşları, qışqırıq.
Mən özüm də şokda idim, düşünürdüm ki, yəni doğrudanmı, vətənimdə mənə bu qədər yalan danışıblar?
Məni ən çox nəyin şoka saldığı yadımdadır. Müzakirələr Sumqayıt iğtişaşlarına gələndə azərbaycanlı kurs yoldalarımdan biri başladı danışmağa ki, ermənilər özləri bunu törədiblər. Ona cavab verdim ki, “burda məntiq nədir? Təbliğatın nə dərəcədə təsirli olduğunu anlayırsanmı, sən bu absurda şübhə belə etmirsən?”
Bir müddət sonra biz Xocalı qırğınını müzakirə etdik və mən dedim ki, Ermənistan hesab edir ki, bunu azərbaycanlılar təşkil edib. Elə bu zaman vəziyyətin ironiyasını anladım. Bizə də çox şeyi deməyiblər.
Məsələn, Ermənistanda tarix dərslikləri, media azərbaycanlı qaçqınların mövcudluğunu ya iqnor edir, ya da deyirlər ki, Azərbaycan onların sayını şişirdir və onlar evlərinə qayıtmaq istəmirlər. Ermənistan qaçqınları haqda. Qarabağdan qaçanlar haqda isə mən ümumiyyətlə heç nə bilmirdim.
Dialoqun üçüncü günündə biz erməni kurs yoldaşlarımızla yeni görüşə getdik və azərbaycanlıları gözləyirdik, amma heç kim gəlmədi. Son iki gün dialoq ancaq bizim və vasitəçilərin arasında getdi.
Sonra azərbaycanlı iştirakçılar izah etdilər ki, bütün bu emosiyalara qapılmaq istəmirlər və biz yenə ünsiyyətmizi davam etdirdik.
Bəzi azərbaycanlı kurs yoldaşlarımızla çox yaxın münasibətimiz vardı, hətta birlikdə Kutaisiyə, Tbilisidə azərbaycanlıların restoranına getmişdik, birlikdə yaxşı vaxt keçirirdik.
Amma hər dəfə söhbət münaqişə haqda düşəndə hiss edirdim ki, azərbaycanlı dostlarla əvvəlki dialoq alınmır.
Mən özüm münaqişə haqda normal danışmaq istəyirdim və yay tətili zamanı GIPA-nın dialoq görüşlərin keçirilməsi üçün cəlb etdiyi QHT-nin dialoquna yazıldım. Orada həqiqətən danışmaq istəyən azərbaycanlılarla çox yaxşı müzakirə apara bildim.
Orada GIPA-nın bizdən bir kurs aşağıda oxuyan azərbaycanlı tələbələri də vardı. Onlardan biri ilə dostlaşdıq və bizim dostluğumuz həm onun qrupuna, həm də mənim qrupumdakı erməni tələbələr arasında yayıldı.
Bu çevrədə heç kim ikinci Qarabağ müahribəsi zamanı millətçi olmadı, çünki biz bu mövzuda çox danışırdıq, bütün bunlardan keçmək üçün bir-birimizə kömək edirdik.
Mənim ailəm və dostlarım bilirdilər ki, azərbaycanlılarla birlikdə oxuyuram, amma ən başda mən bu haqda az danışırdım. Onlar mənə mütəmadi olaraq tapşırırdılar ki, ehtiyatlı olum, bu da məni gərginləşdirirdi.
Mən azərbaycanlılarla dostlaşanda onlar haqda evdə daha çox danışmağa başladım. Əvvəlcə anam onların adlarını belə eşitmək istəmirdi, gözlərini süzürdü, amma mən çalışırdım ki, onunla münaqişə haqda daha çox danışım və nəticədə onun yanaşması dəyişdi.
Müharibə vaxtı mən internetdə görürdüm ki, Azərbaycandan olan kurs yoldaşlarım hər kəndin alınmasını bayram edirlər və çox məyus olurdum, amma anam gözlənilmədən dedi ki, sən onları anlamalısan.
İndi sosial şəbəkələrdə dostluğumda qrupumuzdan ancaq bir azərbaycanlı oğlan var. Qalanları ilə müharibə zamanı tamam uzaqlaşdıq. Bəziləri isə ümumiyyətlə dost siyahısına əlavə olunmamışdı. Məsələn, bir qız deyirdi ki, dövlət mediasında işləmək istəyir və ermənilərlə dostluq etməsi təhlükəli ola bilər.
Bir qızla da normal ünsiyyətimiz vardı, münaqişə haqda danışdığımız anları nəzərə almasaq, amma o, qaçqın övladıdır və mən onu anlayıram. Müharibə zamanı o, döyüş ruhlu postlar paylaşırdı və müharibə başa çatandan sonra o, yazmışdı ki, Xankəndinin alınmaması üçün məyusdur. Bu şəxsi idi, çünki orada mənim qohumlarım yaşayır və müharibə vaxtı mən onlar üçün qorxurdum.
Mən anlamırdım ki, qaçqın övladı eyni şeyi başqaları üçün necə arzulaya bilər. Əsəbiləşdim və onu dostluqdan sildim. İndi iki il keçəndən sonra mən bunu elədiyimə peşmanam. O vaxt mən çox emosional idim və indi başqa cür edərdim.
Heydər İsayev
Heydər GIPA-ya Arpidən bir il sonra qəbul olub. Onun sözlərinə görə, əvvəlcə ermənilərlə azərbaycanlılar arasında münasibətlər çox da yaxşı olmayıb, çünki hamı bir-birinə şübhəylə və inamsızlıqla yanaşırmış, amma bu, çox çəkməyib:
“Müəllimlərimiz sağ olsunlar, çünki onlar bizi tapşırıqların yerinə yetirilməsi üçün qruplara böləndə hər qrupda Ermənistandan və Azərbaycandan ən azı bir tələbənin olmasına çalışırdılar.
Bunun sayəsində ünsiyyətimiz dərinləşdi və biz özümüz də fikir vermədən yaxınlaşdıq və dostlaşdıq. Biz görüşməyə, məclislər təşkil etməyə, bir-birimizin ad günlərini qeyd etməyə başladıq.
Bizim qrupumuzdə hər iki tərəfdən öz ölkəsinin vətənpərvəri olan tələbələr vardı, öz kökü ilə qürur duyan, öz dövlətlərinin siyasətini dəstəkləyən, amma müharibəyə qədər bizim münasibətlərimiz yaxşı idi.
Nadir hallarda aramızda mübahisə düşərdi, düzdür, bu mübahisələr həmişə hörmət çərçivəsində və təhqirsiz keçərdi, biz səbrlə dinləyərdik. Bu, ermənilərin və azərbaycanlıların bir-birini mütəmadi təhqir etdiyi sosial şəbəkələrdə özlərini aparmalarından çox fərqli idi.
Qarabağ münaqişəsinə toxunulduğu zaman bəzi azərbaycanlılar döyüş ruhuna köklənirdi. Deyirdilər, bu müharibədir və biz öz torpaqlarımızı qaytarmalıyıq, köçkünlərimiz üçün. Qalanlar isə, o cümlədən də mən ermənilərlə razılaşmışdıq ki, bütün bunlar sadəcə siyasi oyunlardır və bu mövzuda söhbətlərdən qaçmağa çalışırdıq.
Biz müharibə əleyhinə idik və istəyirdik ki, döyüşlər mümkün qədər tez bitsin. Amma dərslərdə müharibədəki hadisələri və ya terminologiyanı müzakirə etməli olurduq. Bəzən aramızda fikir ayrılığı yaranırdı.
Məsələn, bir dəfə mən dedim ki, jurnalist kimi Azərbaycanın müharibəni başlatdığını bildirə bilmirəm, hətta bunun belə olduğunu hesab etsəm də. Ermənistandan olan kurs yoldaşlarım israr edirdilər ki, müharibəni Azərbaycanın başlatdığına dair açıq sübutlar var. Bir də biz suriyalı muzdlularla bağlı çox mübahisə edirdik.
Müharibədən sonra kursumuzdakı ermənilərdən və azərbaycanlılardan ibarət kiçik qrup yaxşı münasibət saxlaya bildi. Bu müharibənin necə baha başa gəlməsini dərk etməyimiz bizi birləşdirdi: axı hər bir erməni və azərbaycanlı tələbənin qohumlarından və ya tanışlarından kimsə müharibədə həlak olmuşdu. İndiyə qədər dostluq edirik.
Müharibəyə qədər məndən Qarabağ münaqişəsi ilə bağlı mövqeyimi soruşsaydılar, mən özümü daha çox Azərbaycan yönlü adlandırardım, amma təhsil zamanı, müharibə günlərində və sonra mən neytral oldum, mən bu münaqişədə hansısa tərəfi tutmuram.
Təhsil zamanı mən müharibənin insan dəyərini daha çox anladım, çünki “qarşı tərəfdən” olan insanlarla çox ünsiyyətdə oldum”.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.