Dubayda 24 saat
Nəhayət rəfiqəmlə Dubaya – səhra ortasında güllü vadiyə gəlib çıxdıq. Çiyinlərində rükzak, əllərində isə yemək və əsasən də su ilə dolu böyük çanta olan iki qız. Axı biz benzinin sudan bir neçə dəfə ucuz olduğu bir ölkəyə gəlmişik.
Belə bir eksperiment etmək istədik – Dubayda çox pul xərcləmədən və mehmanxanada qalmadan istirahət etmək olarmı.
11.00
Hava limanındayıq. Buradan dərhal şəhərin mərkəzinə, Dubay-moll, Burc Xəlifə də Dubay fəvvarələrinin olduğu yerə gedirik. Avtobusa minib, terminala getməliyik ki, oradan da mərkəzə metro ilə gedə bilək.
İctimai nəqliyyatda gediş haqqı üç dirhəmdən başlayır ($1) – bu, minimumdur. Məsafədən asılı olaraq, qiymət 10 dirhəmə qədər arta bilər ($3). Taksiyə də minmək olar, amma bu, daha baha başa gələcək. Sərnişin təkcə maşına əyləşdiyinə görə, minimal məbləğ ödəməli olur. Sonra da qiymət hər kilometrdən bir və bir dəqiqəlik yubanmaya görə artır. Hava limanından minimal gediş haqqı 25 dirhəmdir ($7).
12.00
Biz artıq Dubayın mərkəzində – Dubay-moll ticarət mərkəzindəyik. Bu şəhərdə ən gəzməli yerlər məhz ticarət mərkəzləridir. Dubay-moll içində minlərlə butik və firmalar, əyləncə yerləri və əlbəttə pulsuz internetin olduğu dünyanın ən böyük ticarət mərkəzlərindən biridir. Burada bir neçə gün gəzərək hər gün nə isə yeni bir şeylə qarşılaşmaq olur, hətta süni qarla belə.
Ticarət mərkəzinin tualetləri uşaqlar üçün ayrıca otaqları olan əsl istirahət zonalarıdır. Yeri gəlmişkən, bu cür otaqlar kişilər üçün tualetlərdə də var, çünki burada atalar öz körpələrinə diqqətlə yanaşırlar və analar alış-veriş etdikləri vaxt onları qucaqlarında saxlayır, əyləndirirlər.
Biz rahat hərəkət etmək üçün əşyalarımızı qoymağa etibarlı yer axtardıq. Avropa ölkələrinə səyahət təcrübəsindən, çantalarımızı supermarketin dolablarına qoymağı düşünürdük, amma… Amma Dubayda belə yerlər yoxuymuş. Burada oğurluğa görə əl kəsirlər – oğurluq yoxdur. Buna görə də əşyalarınızı harada istəsəz qoya bilərsiz, oğurlamayacaqlar, biz buna əmin olduq.
13.00
Biz hələ də Dubay-molldayıq. Əvvəlcə burada çiyinləri açıq paltar və dizdən yuxarı ətək geyinə bilərikmi – deyə narahatçılıq keçirirdik. Sonra isə gördük ki, burada başdan-ayağa qaraya bürünmüş qadınlarla yanaşı, açıq, hətta şəffaf paltarlı qadınlar çox rahat şəkildə gəzir. Ən əsası da o idi ki, bu mənzərə çox təbii görünür, hər kəs öz geyimində özünü rahat hiss edirdi. Ərəb qadınları adətən qara, kişilər isə ağ rəngli paltarlar geyinir. Dubayın mərkəzində hətta “Ağ və qara” adlı heykəl də ucaldılıb.
13.30
Nəhayət Dubay-molldan çıxıb, dənizə tərəf yollandıq, qışın günü soyuq Yerevandan qaçan turistlər yay günəşi üçün darıxmışdılar. Telefonumdakı kart dənizə üç kilometr qaldığını göstərirdi. Bir az gəzişib, şəhərin mərkəzini nəzərdən keçirmək qərarına gəldik. Alınmadı – Dubayda gəzişməyi ağlınızın ucundan belə keçirməyin.
Buranın havası gəzintilər üçün çox istidir (+50 dərəcəyə yaxın), buna görə də bir ünvandan başqa ünvana kondisionerlər quraşdırılmış yerlərdən keçmək üçün hər şey edilib. Burada hətta avtobus dayanacaqları belə bağlıdır və kondisionerlə təchiz olunub. Yolumuz da çox uzandı, çünki çox sayda magistral yollardan keçməli olduq (Dubayda trafik kifayət qədər gərgindir – burada hamı avtomobildən istifadə edir).
17.00
Çimərliyə gəlib çatanda hava xeyli soyudu. Amma bir az uzanıb, dincəlməyə imkan tapa bildik. Dəniz isə içimizə rahatlıq gətirdi. Artıq hava qaralırdı və gecələmək üçün yer tapmaq lazım idi. Çimərlik bunun üçün yaramırdı: plakatlarda bununla bağlı xəbərdarlıqlar da varıydı. Başqa yer tapmaq lazımıydı. Əvvəlcə gecə yarıya qədər açıq olan Dubay-molla qayıtmaq fikrinə düşdük.
21.00
Məlumat mərkəzində xəbər aldıq ki, yaxınlıqda hansısa klub varmı. Məlum oldu ki, lap yaxında, Burc Xəlifədə “Armani” klubu var, qızlar üçün giriş pulsuzdur.
Zəng edib, yer rezerv etdik (əks halda kluba girmək mümkün deyil) və hazırlaşmağa başladıq. Klubdakı “dress code” hündür daban ayaqqabıların olmasını tələb edirdi, mənimsə belə ayaqqabılarım yoxuydu. Bir cüt ucuz hündür daban ayaqqabıları axtarıb tapmaq üçün bir az mağazaları gəzməli olduq, onlar mənə 40 dirhəmə ($11) başa gəldi. Artıq kluba getmək olar.
01.00
Adlarımızı siyahıda axtarıb tapandan sonra bizi dünyada ən hündür binaya – Burc Xəlifəyə buraxdılar. Burada yerli sakinlərə rast gəlməklə bağlı ümidlərimiz özünü doğrultmadı. Demə, ərəblər tam fərqli yerlərdə istirahət edirlər, gəlmələrin isə ora girişi yoxdur.
Ərəb Əmirliklərində əsas ünsiyyət dili ingilis dilidir. Yerli sakinlər belə mağaza və kafelərdə ingilis dilində danışmağa məcburdurlar, çünki xidməti heyət ərəb dilini bilmir. Bununla belə, bu yerli sakinlərə “inkişaf etmiş feodalizm” yaratmağa mane olmadı, bu quruluşun da qanunlarına əsasən, ölkələrinin sahibləri ancaq onların özləridir.
Heç bir əcnəbi burada özünü tamhüquqlu vətəndaş hesab edə bilmir, çünki burada vətəndaşlıq ancaq qanla keçir. Hətta qarışıq nikahlardan doğulan uşaqlar belə burada vətəndaşlıq ala bilmir.
02.00
Klubdakı bütün kişilər özlərinin maliyyə imkanlarını nümayiş etdirməyə çalışırdılar. Bunun üçün o cümlədən, şampandan fişəng sifariş edirdilər. Bunun neçəyə başa gəlməsi barədə təsəvvürünüzün olması üçün deyə bilərik ki, burada bir stəkan şirənin qiyməti 40 dirhəm ($11), bir şüşə su isə 30 dirhəmdir ($8).
03.00
Bizi nəzakətlə, gülərüzlə klubdan yola salırlar, Dubayda hər yer kimi bura da bağlanır. Yenə də küçədə qalırıq, səhərin açılmasına isə 4 saat qalır.
Etinasızlıqla komfortlu dayanacaqların yanından ötüb keçirik, çünki burada gecələmək qadağandır.
04.00
Bir saat sürən gəzintidən sonra biz 24 saat işləyən pisseriya tapdıq, burada da səhəri pizza yeyə-yeyə və qonşuluqdakı supermarketdə aldığımız isti qəhvə içə-içə açdıq.
Səhər artıq mehmanxanaya çatdıq, arzumuz ancaq doyunca yatıb, yuxumuzu almaq idi. Məqsədimizə çatmışdıq – qəpik-quruş xərcləməklə, bir günümüzü mehmanxanasız keçirə bildik.
Ermənistana qayıdandan sonra isə daha bir eksperiment keçirmək qərarına gəldik… Qohumlarımız hava limanında təəccüblə onlara yaxınlaşan iki qara niqablı qıza baxırdılar və onlara hansı dildə müraciət edəcəklərini bilmirdilər.