DTX: xüsusi əməliyyat zamanı məhv edilən şəxs həqiqətən də Ahmed Çatayevdir
© Impact Press Group / SIPA / Scanpix / LETA
Noyabrın 22-də Tbilisidə aparılmış xüsusi əməliyyat nəticəsində məhv edilən şəxs həqiqətən də Ahmed Çatayevdir. Bu haqda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Nino Qiorqobiani brifinqdə məlumat verib.
Ahmed Çatayev “İslam Dövlətinin” dəstələrindən birinin lideri idi və 2015-ci ildə İstanbulun Atatürk hava limanında terror aktı təşkil etməkdə ittiham olunmuşdu.
“Rahib Qabriel Samosi küçəsində keçirilmiş xüsusi əməliyyatın nəticələri bunu göstərir. Amerikalı həmkarların köməyi ilə keçirilmiş ekspertiza, o cümlədən də DNK analizi və barmaq izləri (daktiloskopik ekspertiza) məhv edilən şəxslərdən birinin həqiqətən Ahmed Çatayev olduğunu təsdiqlədi”, – Nino Qiorqobiani bildirib.
Onun sözlərinə görə, hazırda bu şəxslərin Gürcüstana necə gəldiyi araşdırılır.
“Cinayətkar dəstənin üzvlərində heç bir şəxsiyyəti təsdiq edən sənəd olmayıb. Onların kimliyinin müəyyən edilməsi prosesinə beynəlxalq tərəfdaşlarınız cəlb olunub. Aparılan istintaq bu qrupun Gürcüstana necə gəldiyini və digər mümkün qanun pozucuları ilə əlaqələrini müəyyən edəcək”, – Qiorqobiani deyib.
Noyabrın 22-də Tbilisidə Rahib Qabriel Samosi küçəsində keçirilən xüsusi anti-terror əməliyyatı nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçu qruplaşma ilə əlaqədə olan üç şəxsi məhv edib. Buna qədər isə onlar bu qrupdan bir nəfəri həbs etmişdi.