Dövlətin siyasi partiyaları qadağan etmək hüququ ola bilərmi? Tbilisi sakinləri jurnalistlərin bu sualını cavablandırıblar.
Kontekst
Gürcüstanın Konstitusiya Məhkəməsi oktyabrın 21-də hakim “Gürcü Arzusu” partiyasının beş müxalifət partiyasının qadağan edilməsi ilə bağlı təqdim etdiyi iddiaya baxmağa başlayıb.
İddia ərizəsini “Gürcü Arzusu”nun 88 deputatı imzalayıb. Onlar iddia edirlər ki, bu partiyalar Konstitusiyanın 23-cü maddəsini pozublar. Həmin maddə ölkənin konstitusiya quruluşunu devirməyi və ya zorakılıq yolu ilə dəyişdirməyi qarşısına məqsəd qoyan siyasi partiyaların yaradılmasını və fəaliyyətini qadağan edir.
Müxalifət partiyalarının qadağan edilməsi ilə bağlı məsələ adi konstitusiya iddiası deyil. Gürcüstanın gələcəkdə necə bir ölkəyə çevriləcəyi məhkəmənin qərarından asılı olacaq. Buna görə də bu iş böyük diqqətlə izlənilir.
Tbilisi sakinlərinin əksəriyyəti jurnalistlərə bildirib ki, siyasi partiyaların qadağan edilməsi özünü demokratik ölkə kimi təqdim edən dövlət üçün qəbuledilməzdir. Onlar çoxpartiyalı sistemin və xalqın seçim hüququnun vacibliyini vurğulayıblar.
Hazırda baş verənlər bir çoxlarına diktaturaya doğru gedişi xatırladır. Bu məsələdən danışarkən onlar Rusiyanı, Şimali Koreyanı, hətta Sovet İttifaqını misal çəkiblər.
Respondentlərdən biri Gürcüstanın təbliğat kanallarında səsləndirilən iddianı təkrarlayıb. Həmin iddiaya görə, müxalifət parlament binasını yandırmağa və dövlət çevrilişi etməyə cəhd göstərib, buna görə də müxalifət partiyaları qadağan edilməlidir.
Digər respondent isə bildirib ki, partiyaların qadağan edilməsi məsələsi müzakirə oluna bilər, lakin yalnız prosesin ədalətli və şəffaf aparılması şərtilə.
Yoldan keçənlərin çoxu sualı cavablandırmaqdan imtina edib və kameraya düşməməyə çalışıb. İnsanların küçədə siyasi xarakterli suallardan əsasən yayındığını nəzərə alsaq, bu, gözlənilən hal idi.