Dövlət Duması məişət zorakılığının dekriminallaşdırılması haqda qanunu ilk oxunuşdan qəbul edib
RF Dövlət Duması yanvarın 22-də məişət zorakılığının dekriminallaşdırılması haqda qanunu ilk oxunuşdan qəbul edib.
Layihəyə əsasən sağlamlığa zərər vurmadığı halda ailədə baş verən ilk zorakılıq əməli cinayət məcəlləsi ilə deyil, inzibatı qaydada – cərimə və ya 15 sutkalıq həbslə cəzalandırılacaq.
Qanun layihəsinin müəllifləri Olqa Batalinanın rəhbərliyi altında Vahid Rusiya Partiyasından olan deputatlar, Federasiya Şurasının üzvü Yelena Mizulina və bir neçə senatordan ibarətdir.
Bu təşəbbüs ötən ilin iyununda CM-ə edilən dəyişikliklərə cavabdır. Bu dəyişikliklərə əsasən xəsarətlərin yetirilməsi dekriminallaşdırılmışdı. Amma o zaman yaxın qohumlara xəsarətlərin yetirilməsi istisna hal olaraq saxlanmışdı və buna görə cinayət məsuliyyəti nəzərdə tutulurdu.
Senator Yelena Mizulina dərhal bu dəyişikliklərə qarşı çıxmışdı və bunun “ailəyə qarşı” olduğunu bəyan etmişdi. “Qanun ailə daxilində barışıq və əfvin tətbiqini qadağan edir. Halbuki əfv etmək bacarığı milli ənənənin, əsasən də pravoslav ənənəsinin bir hissəsidir. Bu mənada “şapalaq haqda qanun” ailəyə qarşı nifrət aktı oldu”, – Mizulina tribunadan qəzəbini bildirmişdi.
Dəyişiklik təşəbbüskarları daha əvvəl bildirmişdilər ki, ailədaxili zorakılığın dekriminallaşdırılması haqda qanunu tezləşdirilmiş qaydada yanvarın sona qədər qəbul etmək niyyətindədirlər.