Dondurulmuş mövsüm. Pandemiya Gürcüstanın qış kurortlarına necə təsir edib?
2021-ci ilin fevralında Gürcüstanın ən populyar kurortlarından biri Bakuriani demək olar ki, tamam boşdur. Koronavirus pandemiyasına görə hökumət 2020-2021-ci il mövsümü üçün bütün qış kurortlarını tam bağlayıb – yerli əhalinin narazılıqlarına, sahibkarların və ictimai təşkilatların israrlı ricalarına rəğmən.
Kurortların qismən açılması haqda qərar fevralın 24-də elan olunub. Düzdür, ekspertlərin fikrincə, bu, iqtisadiyyata və qış kurortunda fəaliyyət göstərən insanlara çox da kömək olmayacaq.
Məhdudiyyətlər Gürcüstanda yalnız beynəlxalq yox, həm də daxili turizmi praktiki olaraq məhv edib, on minlərlə insanı gəlirsiz qoyub.
Gecikmiş açılış
Fevralın 24-də Gürcüstan hökuməti pandemiyaya görə tətbiq edilən məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması haqda elan edib. O cümlədən də qış kurortlarının fəaliyyəti ilə bağlı qadağanın. Fevralın 25-dən sərt karantin qaydalarına əməl olunması şərtilə kurortlardakı otellər açılıb. Martın 8-dən qaldırıcılar işə düşəcək, restoranlar və kafelər isə müştəriləri qapalı məkanlarda qəbul edə biləcəklər (fevralın 15-dən isə onlara açıq məkanlarda müştərilərə xidmət göstərməyə icazə verilmişdi).
- Dəniz sahilinin direktoru və ya Gürcüstanda pandemiya zamanı turizm. Video
- “Roma Papasından daha çox katolik olmaq”. Gürcüstanlı ekspertlər iqtisadi böhrandan çıxış yolları haqda
- Gürcüstan: turizmin axırı necə olacaq?
Fevralın 24-ə olan məlumata əsasən, Gürcüstan hər milyon nəfərə koronavirusa yoluxma hallarının sayına görə dünyada 14-cü yeri tutur ki, bu da ümumilikdə 270 min nəfər edir. 3400 nəfərdən çox insan vəfat edib. Gürcüstan yoluxma və ölüm hallarına görə qonşu Ermənistan və Azərbaycanı geridə qoyub.
Pandemiyanın ən başından Gürcüstan sərhədləri bəzi istisnalarla qapalı qalıb və ölkə əcnəbi turistlər üçün praktiki olaraq əlçatmaz olub. Amma yayda kurortlar daxili turizmə yönəlik işləyib.
Yoluxma dalğası Gürcüstanı payızda bürüyüb və noyabrın ortalarından hakimiyyət sərt məhdudiyyətlər və komendant saatı tətbiq edib. Müvafiq olaraq qış kurortlarının mövsümü baş tutmayıb.
İqtisadi elmlər namizədi, assosiasiya professoru Otar Abesadze qış kurortlarının tam bağlanmasını əsassız hesab edir, çünki onun fikrincə, məhz qış kurortlarında virusun yayılması riski ən azdır. Eyni zamanda, onun sözlərinə görə, iqtisadiyyat bundan çox ziyan çəkib.
“İndi kurortları açmaq, zənnimcə, artıq gecdir və bunun mənası yoxdur”, – o hesab edir.
Qapanma və iqtisadiyyat
Mövsüm vaxtı adəti üzrə uşaqlar və valideynlərlə dolu olan Bakuriani parkında indi tək-tək istirahət edənləri görmək mümkündür. Konfetlər, hava şarları və oyuncaqlar satılan bir neçə köşk, uşaq xizəklərini icarəyə verən sıralar ziyarətçilərini gözləyir.
Ticarətçilər xahiş edirlər ki, onları çəkməyək.
“Bir dəfə çəkdilər, lap pis oldu. Ertəsi gün bizi buradan qovdular”, — gümüşü rəngdə atın sahibi izah edir.
«Biz elə əlacsız vəziyyətdəyik ki, heç bilmirəm, bizə nə kömək edə bilər. Mövsüm tamamilə məhv olub. Bu il istirahət edənlərin nəinki üçdə biri, heç dörddə biri də yoxdur, əvəzində banklar bizi hər gün sıxır. Bilmirəm, nə edək, ümid ancaq allaha qalıb», — o qədər də böyük olmayan köşkün satıcısı şikayətlənir.
Gürcüstan statistika departamentinin məlumatlarına əsasən, yanvar ayında Gürcüstan iqtisadiyyatı 2020-ci ilin yanvarı ilə müqayisədə rekord səviyyədə – 11 faiz azalıb.
Galt & Taggart tədqiqat təşkilatının ilkin məlumatına görə, qapanma nəticəsində iqtisadiyyat gündəlik 16 milyon lari [təxminən $4,8 milyon] itirir, 2020-ci il ərzində isə Gürcüstan təxminən 1 milyard lari [təxminən $300 milyon] itirib.
Ən şiddətli zərbə turizm sektoruna dəyib ki, onun gəlirləri 2020-ci ildə bir il əvvəlki ilə müqayisədə 80 faiz azalıb. Policy and Management Consulting Group (PMCG) məlumat verir ki, 2021-ci ilin yanvarında xarici qonaqların sayı ötən ilin yanvarı ilə müqayisədə 94,5 faiz azalıb.
2014-2019-cu illərdə Gürcüstanın dağ xizəyi kurortlarının ziyarətçilərinin sayının artımı 21 faiz təşkil edib. Lakin 2019-2020-ci illər mövsümündə onların sayı 20 faiz azalıb, 2020-2021-ci illər mövsümündə isə praktiki olaraq sıfıra düşüb.
Eyni tədqiqatda göstərilir ki, ötən ilin yanvarı ilə müqayisədə bu ilin yanvarında ölkə üzrə 3, 4 və 5 ulduzlu hotellərin qiymət indeksi 18,5 faiz aşağı düşüb, ailəvi hotellərdə isə bu rəqəm 20,7 faiz təşkil edir.
İndiyə kimi Bakurianidə evlərini və apartamentlərini icarəyə verənlər isə qiyməti az qala 80 faiz endiriblər.
Protect Mountain Resorts təşkilatının təsisçisi Giorgi Salukvadze deyir ki, hökumətin və Xəstəliklərə nəzarət üzrə mərkəzin nümayəndələri ilə görüşüb və onlara biznes-assosiasiyaların nümayəndələrinin apardığı tədqiqatı təqdim edib ki, əmin sənədlərə əsasən, qaydalara riayət etmək şərtilə dağ kurortlarının açılması tamamilə təhlükəsizdir. Lakin hakimiyyət onların tövsiyələrini nəzərə almayıb.
«Biz hətta qaydaları əlavə olaraq sətləşdirməyi təklif etdik, misal üçün, alkoholdan istifadənin və dağlarda musiqili tədbirlərin qadağan edilməsini. Həmçinin biz onların bütün suallarına dolğun və əsaslandırılmış cavablar verdik. Eyni zamanda, qeyd etdik ki, bu il bizi üçün gələn il də virusla mübarizə aparacağımız təqdirdə bir növ məşq oldu. Lakin heç kim bizi dinləmədi və istədikləri kimi elədilər».
Hazırki mərhələdə stünlük insanların sağlamlığının qorunmasına və epidemioloqların tövsiyələrinə riayət olunmasına verilir – bunu bizə iqtisadiyyat və dayanıqlı inkişaf nazirliyinin yanında dağ kurortlarının inkişafı üzrə şirkətin mətbuat xidmətindən bildirdilər.
«Bütün ölkə ağır günlər yaşayır və ən çox ümumilikdə turizm sektoru zərər görüb. Bu, yalnız dağ kurortlarının problemi deyil. Bizə (epidemioloqlar) nə deyirlərsə, onu da edirik və bundan artıq nəsə edə bilmirik», — şirkəıtin ictimaiyyətlə əlaqələr üzrə şöbəsinin rəhbəri Tamta Yaşaqaşvili deyir.
Hazırda dünyada ümumilikdə 315 dağ kurortu açıqdır – bunlar əsasən Şimali və Cənubi Amerikada, Kanadada və Avstraliyada yerləşir, daha 80 kurort isə yaxın zamanlarda açıqlacaq.
O ki qaldı Avropaya, misal üçün İsveçrə və Avstriyada qaldırıcı qurğular qaydalara uyğun işləyir, lakin yalnız yerli turistlər üçün. Böyük gözləntilərə baxmayaraq, karantinə görə Fransada və İtaliyada qaldırıcı qurğular hələ açılmayıb.
“Gəlmələr yalnız çörək alır”
«Bizdə yalnız bu mövsüm var, bununla yaşayırıq, başqa gəlirimiz yoxdur. Əgər (paytaxtda) mitinqlər keçirilirsə, metro və avtobuslar işləyirsə, məsafəni gözləməklə kanat yolunda iki nəfər olmaqla oturtsaydılar, nə olacaqdı ki? Bu, bizə heçolmasa bir az kömək edərdi», — köşkdə işləyən yaşlı satıcı qadın deyir.
Başqa bir satıcı qeyd edir ki, istirahət edənlərin sayından əlavə, onların ödəniş qabiıiyyəti də nəzərə çarpacaq dərəcədə azalıb:
«Gəlmələr heç nə almırlar. Pulları yoxdur. Onlar iqlimlərini dəyişməyə gəlirlər, pul xərcləməyə yox. Yalnız çörək alırlar».
Bu mövsüm Bakurianidə istirahət edən azsaylı insanların yeganə vaxt keçirmə üsulu gəzinti və ya qartopu oynamaqdır. akin bunda da onların bəxti gətirməyib, qar, demək olar ki, qalmayıb. Günəş işıq saçır, bir neçə gün bundan əvvəl yağmış qar isə yavaş-yavaş əriyir.
Yalnız bir neçə uşaq xizəklərini az qala ərimiş tras boyunca yuxaıya tərəf dartırlar.
Salome və Yakob xizək icarəsi ilə məşğuldurlar.
«Biz kənddən gəlmişik. Adətən, burada bütün mövsüm ərzində işləyirik, sonra isə bu pula yaşayırıq. Ötən il su olmadığı üçün mövsümün yarısını buraxmalı olduq, bu il isə işlər lap pisdir. Yerli əhali çox pis vəziyyətdədir və mən bilmirəm bu necə yoluna qoyulacaq», — Salome deyir.
Pandemiya dövründə Salome və Yakobun dövlətdən aldıqları yeganə yardım gəlirsiz qalmış özünü məşğul edən əhali üçün birdəfəlik ödəniş olub – 300 lari [təxminən $100].
«Bu yaxınlarda gəlmişik, fevralda. Lakin indi yalnız o barədə düşünürəm ki, evə qayıtmaq üçün yolpulumu qazanım», — Salome deyir və tək-tük istirahət edənləri səsləməyə çalışır.
Onlarla üzbəüz bir neçə gənc oğlan at üstündə oturublar və onların şəklini çəkməyi xahiş edirlər – atlarla şəkil çəkdirmək və ya onları minmək arzusunda olanların yoxluğu üzündən onlar da belə əylənirlər.
İqtisadçı Otar Abesadze xatırladır ki, qış kurortları ötən il də zərər görmüşdülər – pandemiyanın başlanğıcı məhz qış mövsümünə təsadüf etmişdi.
«Gürcüstanda turizm gəlirlərinin 40 faizi qış kurortlarının payına düşür. Bu sahədə 120 minə qədər insan məşğuldur və onlar ikinci ildir ki, gəlirsiz qalır. Lakin dağlarda virusun yayılma riski azdır, qapanmadan dəyən ziyan isə nəhəngdir», — Abesadze söyləyir.
Dumanlı gələcək
Bununla yanaşı, 2023-cü ildə Bakurianidə fristayl üzrə dünya çempionatı keçirilməlidir. Adəti üzrə, hazırda jurortda qarşıdan gələn idman yarışına hazırlıq gur şəkildə davam etməli idi.
«Bu cür ciddi şçempionata hazırlaşanda sizə yaxşı hotellər və yaxşı servis lazımdır, şçünki çoxlu turist gələcək və daha çox insan Bakurianini tanyacaq, — Defend Mountain Resorts-un təsisçisi Giorgi Salukvadze deyir. — Lakin bu il mövsün tamamilə məhv olduğundan, kurort hazırlaşa bilməyəcək və qonaqlar indi bizim gördüyümüzü görəcəklər – baxımsız və inkişaf etməmiş infrastrukturu. Bu da yalnız o halda olacaq ki, bu gün mövcud olan kiçik hotellər və apart-hotellər ayaq üstə qala biləcək».
Bakurianinin infrastrukturu hələ pandemiyaya qədər böyük problem idi. Son illərin xaotik tikintisi həll edilməmiş problem olaraq qalırdı.
Urbanist memar, professor Lado Vardosanidze artıq uzun illərdir ki, sevimli kurortuna getmir.
«Mən artıq oraya getmirəm, çünki sonuncu dəfə orada gördüklərin – durmadan qoparmaq, bölmək və torpaq tutmaq arzusu artıq hər yerdə baş verir. Bu vəziyyət vəhşi kapitalizmin əsl simasıdır ki, özünü tamamilə düşünülməmiş, xaotik tikintidə və köhnəlmiş infrastrukturda büruzə verir».
Lakin pandemiya və tam izolyasiya qarşısında mövcud olan infrastruktur indiki vəziyyətində qala biləcəkmi?
«Bu, çox vacib faktdır ki, insanlar bu kurortu özləri, bank kreditlərinin hesabına tikib inkişaf etdiriblər. Fikrimcə, dövlət qış kurortlarına ən azı bir il müddətinə tam vergi amnistiyası təqdim etməlidir. Əks halda, azı 5 il lazım gələcək ki, bu sahə 2019-cu ilin səviyyəsinə qayıtsın. Fikirləşirəm ki, bunu iqtisadiyyatımıza hansı zərəri vurduğu hamı üçün aydındır», — Otar Abesadze deyir.
Mixo 2019-cu ilin sonlarında kiçik ailəvi hotel açıb. O, işə böyük ümidlərlə başlayıb və bir neçə aydan sonra karantinə görə bağlanmalı olub. Yayda onun hoteli tənzimləmələrə uyğun olaraq işini bərpa edib, hərçənd əslində istirahət edənlər praktiki olaraq olmayıb.
«Uğursuz yaydan sonra bu qışa ümid edirdik, lakin bütün mövsüm boyunca bağlı qaldıq. Heç kim biznesə kənara qoyduğu pulla başlamır. Belə işlərə ümidlə və bank krediti ilə başlayırlar. Son nəhayətdə kredit qaldı, ümidlərimiz isə doğrulmadı. Bu cür nə qədər dözə biləcəyimizi bilmirəm».
27 yaşlı Baço bu il ruhdan düşməməyə çalışır və əvvəlkitək snoubord və xizək üzrə təlimatçı işləyir. Lakin, onun sözlərinə görə, əvvəlki illərdən qazandığı ilə müqayisədə indi heç nə qazana bilmir.
Kanat yolu işləmədiyindən uşaqlar xizək trasının yarısına qədər özləri xizəklə birlikdə qalxmalı olurlar. Onlardan bəziləri qar üzərində yeriyən maşın icarəyə götürürlər, lakin bu elə də tez-tez olmur, dağa bir dəfə dürmək 10 lariyə [təxminən $3] başa gəlir.
Koxta dağının yamacında – daha təcrübəli xizəkçilər üçün trasda adam azdır. Bir neçə nisbətən təcrübəli uşaq dağa qalxmağa və oradan aşağı sürüşməyə çalışırlar.
Uşaqların valideynləri bir-birinə danışırlar ki, bu il uşaqları Bakurianiyə gətirmək çox baha başa gəlib. Eyni zamanda, onlar hesab eidrlər ki, qaldırıcı qurğuların bağlanması doğru qərar idi:
«O zaman kanat yoluna 200 nəfərlik növbə olacaqdı və bu, pis nəticələnə bilərdi».
Qarın yağmağa başlaması uşaqların və böyüklərin sevincinə səbəb olur və Koxtanın zirvəsindəki qaldırıcı dumanda yox olur. Lakin yağan qar belə bu il Bakurianidəki vəziyyəti çətin ki çox yaxşılaşdırsın.
“Mediaşəbəkə”nin dəstəyi ilə