Dolanışığı istixanalardan çıxan kəndlilərin ağır güzəranı
Azərbaycanda pomidor istehsalı
Günel İsayeva
Azərbaycan kəndlərində istixanalarda tərəvəz yetişdirən kəndlilər deyirlər ki, zəhmət çəkən, maya qoyan, borclanan onlardır, qazanan isə dəllal məmurlar.
“Yanvardan istixanalarda əziyyət çəkirik. Ötən il 6 min, bu il həvəslənib 10 min pomidor şitili əkdim. Heyvanımı satdım, nisyə mal aldım, sələmçidən faizə pul götürdüm ki, pomidoru becərib məhsulunu baha satım. Hazırda 13 min borcum var. 4 dəfə məhsul yığmışam, ancaq hələ marketə ərzaq borcumu ödəyirəm…”
- “Sistem istəyir ki, zorakılıq adiləşsin”. Azərbaycanda uşaqlara qarşı zorakılığa necə reaksiya verirlər
- Ermənistan-Türkiyə sərhədi açılacaqmı? Ermənistanın sərhəd kəndindən reportaj
- Berlində azərbaycanlı, erməni və gürcü yenidən görüşəcək – “Dolma gündəlikləri” serialı davam edir
Göyçay rayonunun Mırtı kənd sakini, 4 övlad atası Kamran İsayev istixanada yetişdirdiyi tərəvəzlə dolanmağa çalışan, amma günün sonunda ziyanda qalan yüzlərlə zəhmətkeşdən biridir.
Deyir ki, 30 ildir həm pay, həm də həyətyanı torpağında istixana təsərrüfatları yaradaraq ailə dolanışığını təmin etməyə çalışır. Ailə üzvlərinin nə gəliri var, nə də iş yeri. Amma son illərdə istixana təsərrüfatının xərci qazancından qat-qat çox olur və kəndlilər borc içində boğulurlar.
“Bu mövsümdə on min şitildən 4 ton məhsul yığdım və öncə kiloqramını 1 manat 60 qəpiyə satdım. İndi 40-50 qəpikdir. Hava şəraiti ilə əlaqədar “ağ çürümə” xəstəliyi yayıldı, çiçəklər yandı və məhsuldarlıq gözlədiyimdən iki dəfə az oldu. 12-15 ton məhsul gözləyirdim ki, heç 7-8 ton olmayacaq. Bir tərəfdən də güclü külək istixananın üst örtüyünü apardı”, – İsayev danışır.
“Sahibkarlar və məmurlar kəndlilərə qarşı amansız davranır”
Kamran İsayevin oğlu 25 yaşlı Elməddin İsayev İkinci Qarabağ müharibəsi veteranıdır. O da atası və böyük qardaşı ilə birgə hər gün istixanalarda çalışır. Deyir ki, 40-45 dərəcə istidə çalışmaqdan əlləri, dizləri qabar olub. Ev tikmək, bacısını repititor hazırlığına göndərmək planı isə baş tutmur. Çünki son illərin bahalığı istixana işinin xərcini xeyli artırıb. Üstəlik son günlərdə havanın güclü küləkli keçməsi də istixanalara ciddi ziyan vurub. Hər kənddə təxminən 300-400 istixananın məhsulu məhv olub.
“Sahibkarlar və məmurlar kəndlilərə qarşı amansız davranır. Bu təsərrüfatda subsidiya, güzəştli kredit imkanları yoxdur. Çünki kəndlinin tək gəliri əkin idi, onu da məmurlar və hava şəraiti sıradan çıxarır. 5-6 yığını sata biləcəyik, sonra bazar tamamilə öləcək. Bu da borcumuzu tam ödəməyəcək.
Bacımı ali məktəbə qəbul olsun deyə üç fəndən hazırlığa qoymaq, ev tikmək arzum elə ürəyimdə qaldı. Ərzaqlarda son bir ildə üç dəfə artım var, amma kəndlinin zəhməti, əməyi qiymətləndirilmir”.
“Bazar məmurların inhisarındadır”
Göyçayda Mırtı, Qarağıdır və Ləkçıplaq kəndlərinin sakinləri əsas gəliri pomidor istixanalarından əldə edirlər. Kəndlilərin illik dolanışığı yazlıq və payızlıq istixanalarının ümidinədir.
Ümumilikdə isə rayonun 30 kəndində 300 hektarda əkin əkilib. Adları sadalanan üç kəndin hər biri ötən illə müqayisədə əkini 30-40% artırıb. Onlarla paralel imkanlı şəxslərə, ayrı-ayrı məmurlara məxsus olduğu deyilən müasir istixanalar da artır. Bu da kəndlilərin kustar üsulla saldığı istixanaların məhsulunu bazarda sıxışdırır. Rusiyanın illərdir tək xarici bazar olması da məhsul istehsalçılarını itki ilə üz-üzə qoyur.
Samir İsayev də bankdan 25 min manat kredit götürərək 5 kustar istixana təsərrüfatı salıb. Onun sözlərinə görə yığıma qədər borcunun yarısını ödəmək, üç övladının təhsilinə pul ayırmaq kimi hədəfləri vardı. Ancaq məhsuldarlıq az olduğu üçün dərdləri ilə baş-başa qalıb.
Deyir, dəllalar da imkan vermir ki, kəndli satışını birbaşa, baha qiymətə satsın. Paytaxt piştaxtalarına gedən yol, daşıma xərci, taxta qablaşdırma çox baha başa gəlir, rayondaxili bazarlar isə əlverişsiz. Rusiya bazarı gec açılır, tez bağlanır. Bəzən isə müəyyən məhdudiyyətlər olur.
“Mən 4 ton məhsul sata bilməmişəm heç. Alıcı ilə satıcı arasında birbaşa əlaqə yoxdur, dəllallar da 50-60 qəpiyə bizdən alıb, baha satır. Daxili bazarda satmaq üçün nəqliyyat, yanacaq, bazar pulu lazımdır. Bir taxta yeşik 2.50-3 manatdır. Bakı çox xərc aparır, gərək günə 200-300 manat pulun ola. Bazar məmurların inhisarındadır.
Göyçayın daxili bazarını da pullu ediblər. 5 manat verməsən, buraxılmırsan. Ucuz satsan da, satmasan da fərq etmir. Ona görə həyətdəcə dəllallara öncə 1 manat 50, 1manat 60 qəpiyə, sonra 70-80 qəpiyə və indi isrə 40-50 qəpiyə satırıq. Onlar da əsasən Rusiyaya daşıyır. Orada kiloqramı 6-7 manata olsa da, gömrük, yol xərcinə görə ucuz alırlar bizdən. Ya da Rusiya məhdudiyyət qoyur, dayanırlar. Biz ancaq vacib ərzağa, borc yığılan kommunala, heyvanın otuna çalışırıq. Digər vacib ehtiyaclar – gəzmək, mədəni istirahət, keyfiyyətli təhsil qarşılanmır, çünki qazancımız ona yetmir”
“Dərman, gübrə, toxum od bahasına, ancaq keyfiyyətsiz”
Digər kənd sakini Tural Əliyev qardaşı ilə birgə saldığı istixanalardan heç 5 ton məhsul gözləmir. Çəkdiyi xərc isə 10 min manatı ötüb. Deyir ki, körpə övladları və ağır xəstəsi olan ailəsinə aylıq 700-800 manat xərc çıxır və uzun illərdir istixanadan başqa normal iş tapa bilmir ki, dolanışığı normallaşsın. Növbəti əkinə isə nə həvəsi, nə də maddi vəsaiti var.
“Xəstəlik elə yayıldı ki, vurduğum dərmanların da effekti olmadı. Dərman, gübrə, toxum, odun od bahasına, ancaq keyfiyyətsiz. İki min manat xərcim çıxdı. Kisəsi 80 manata gübrə, olar? Əvvəl 20-25 manata idi. Ən ucuz gübrə 50-60 manatdır. Ən ucuz dərmanın 100 qramı 40-50 manat. Biz hələ az doza və ucuzundan istifadə edirik. Odun maşını 600 manatdır. Gərək biz bu məhsulun kiloqramını 2,50-3 manata sataq ki, borcumuzu və üç ay dolanışığımızı ödəyək. Cəmi iki ton məhsul satmışam, onu da əl üstü borc yiyələri aparıb”.
“Uzun müddətli güzəştli kreditə, subsidiya imkanlarına ehtiyac var”
1300 təsərrüfatı olan Ləkçıplaq kəndinin sakini Amaliya Əliyeva deyir ki, kəndliyə dövlət dəstəyi, güzəştli kredit proqramı lazımdır.
“Bankdan, imkanlı adamlardan faizə pul götürüb əkinimizi əkmişik. Heyvanımızı satmışıq. Dükanlar artıq nisyə vermir. 6 min hibrid pomidor şitilinə 7 min xərcimiz çıxdı. İki ildir gübrə vermirəm əkinə. Çünki çox bahadır.
Yanvardan sellofanun altında, istidə sürünürük, xəstəlik tapırıq, qul əməyidir. Sellofanın da kiloqramı 4 manatdır, 200-300 kiloqram istifadə edirik. On gündən sonra satış dayanır, mən cəmi üç ton məhsul satmışam. 17 min borcu ödəmək var. Uzun müddətə güzəştli kreditə, subsidiya imkanlarına ehtiyac var. Beş illiyə az faizlə götürüb əkək”.
Qarağıdır kənd sakini Elməddin Babayev isə deyir ki, iş yeri, digər dolanışıq imkanları olsa, iki istixanadan artıq əkməz.
“İş yerim, normal maaşım olsa, təqaüd, sosial yardım alsam, 5-6 istixana yox, ikisini əkərəm. Onun da puluna heyvanıma ot, ailəmə qış tədarükü, uşaqların təhsil xərclərini görərəm. Amma indi bütün xərcimiz, borcumuz istixananın ümidindədir. O da çətin hamısını ödəyə. Bizə qalır pomidoru pulsuz yemək və üç ay acından ölməmək”.
Rəqəmlər nə deyir?
Rəsmi statistikaya görə, ötən il ölkədə 1.6 min hektar sahədə ümumilikdə 3154 istixana fəaliyyət göstərib. 2021-ci illə müqayisədə 2022-ci ildə istixanaların sayında 2% azalma olub. Ümumilikdə ötən il ərzində 141.4 min ton pomidor istehsal olunub. 167 milyon dollarlıq pomidor ixrac edilib. 2021-ci ildə isə 145.2 min ton məhsul istehsal olunub ki, bunun da ixrac dəyəri 160 milyon dollar civarında olub. Rəqəmlərdən də görünür ki, ötən il pomidor ixracında artım dəyər ifadəsində olub.
Bu il isə ölkə üzrə 3500 istixana fəaliyət göstərir və iyun ayına qədər 80 min ton məhsul istehsal olunub.
Ölkədə pomidor istehsalının 80%-i Rusiyaya ixrac edilsə də, şimal ölkəsinin bazarlarında getdikcə Azərbaycan pomidorunin yeri azalır.
Rusiya bazarından asılı olan Azərbaycan pomidoru ixracının ən pik dövrünü 2019-2020-ci illərdə yaşayıb. Həmin illərdə ölkədə pomidor qeyri-neft məhsullarının ixracı siyahısında müvafiq olaraq 1-ci və 2-ci yerləri tutub.
Ancaq Rusiya zamanla hansısa ziyanvericiləri bəhanə edərək Azərbaycan pomidorunu rədd edir. Əvəzində öz ölkəsində istehsalı artırmaq naminə iri məbləğdə investisiya ayırır, kəndlilər üçün böyük güzəştlər tətbiq edir. Bununla da Azərbaycan pomidoru Rusiya bazarında getdikcə sıxışdırılır.
“Güzəştli ticarətlə bağlı müqavilələrin bağlanması çox vacibdir”
İqtisadçı ekspert Fərid Mehralıyev hesab edir ki, ölkə ixracı enerji sektorundan (92%) asılı olsa da, son illər pomidor ixracı gətirdiyi gəlirlə qeyri-neft sektorunda üst yerlərdə durur. Buna görə də pomidor məhsulunun istehsalına və əkinə dəstək hökümətin gündəmində prioritet məsələ olaraq durmalıdır.
“İlk növbədə hökumət məhsulun xarici bazara çıxışını artırmalı və Rusiya bazarından mövcud 90% asılılığı aradan qaldırmalıdır. Çünki bu, zamanla iqtisadi və siyasi risklər yaradır. Azərbaycanın Rusiya ilə münasibətləri gərginləşən kimi sonuncu pomidorun ölkəsinə girişinə qadağa qoyur. Bu da məhsul istehsalçılarına ciddi ziyan vurur. Azərbaycan höküməti ölkənin pomidor ixracının regionlara açılmasına şərait yaratmalıdır.
Ən böyük bazarlardan biri Avropa İttifaqıdır. Təəssüflər olsun ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına ixracı ilə bağlı vəziyyət ürəkaçan deyil. Son illər bununla bağlı proqramlar icra olsa da, nəticəsi qənaətbəxş deyil. Buna mane olan başlıca səbəb Azərbaycanın Avropa ilə güzəştli ticarət haqqında sazişinin olmamasıdır. Baxmayaq ki, bizim region və qonşu ölkələrin çoxu Avropa İttifaqı ilə bu cür müqavilə imzalayıblar.
Azərbaycan həm də çox nadir ölkələrdəndir ki, “Ümumdünya Ticarət Təşkilatı”na üzv olmayıb. İndiyə qədər biz görürük ki, hökümət xarici ölkələrlə, regionlarla bu tip güzəştli ticarət sazişlərinə bir o qədər maraqlı olmur. Çünki ölkənin daxilində inhisarçılıq və məmur sahibkarlar var. Bu da Azərbaycan iqtisadiyyatının liberallaşmasına, dünyaya açılmasına mane olur”, – Fərid Mehralıyev deyir.
“Bazarda qiymətlər inzibati üsullarla deyil, məhsul bolluğu ilə tənzimlənməlidir “
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirir ki, ölkənin ərzaq təhlükəsizliyinin təminatı hökümətin əsas öhdəliyi olmalı və bunun üçün də bazarda qiyməti inzibati üsullarla deyil, məhsul bolluğu yaratmaqla düzgün tənzimləməlidir. Məhsul istehsalında yaranan vacib problemlər isə həll edilməlidir.
“Kəndlilərə pomidor istehsalında lazım olan avadanlıq və vasitələrin xaricdən gətirilməsinə rəqabət mühiti, yaxud onların ölkə daxilində istehsalına şərait yaratmalıdır. Elə mühit ki, istənilən sahibkar keyfiyyətli, ucuz istehsal vasitələrini, bura müxtəlif qidalandırıcı gübrələr, toxumlar, pestisidlər, texnikalar, dərmanlar daxildir, ölkəyə gətirə bilsin. Onlar kəndlilər üçün ucuz qiymətə əlçatan olsun.
İkinci tərəfdən istehsal olunan məhsulun daxili bazarda satışı üçün sağlam rəqabət mühiti yaradılmalı, inhisarçılıq aradan götürülməlidir ki, kəndli məhsulunu ona sərf edən qiymətə sata bilsin. Avropa standartlarına cavab verəcək məhsul istehsal edilməlidir ki, Rusiyadan asılılıq aradan qalxsın. Bütün bunlar sistemli həyata keçirilməlidir”.
Göyçaylı kəndlilərdən bəziləri payızlıq əkini azaltmağı, bəziləri isə ümumiyyətlə əkməməyi düşünür. Çünki yazlıq məhsulun istehsal və satışında yaranan çətinliklər, təbiətin vurduğu ziyanın ödənilməməsi zəhmətkeşləri ruhdan salır.
“Nə qazandıq ki, payızlıq əkinə də maraqlı olaq. Qiymət baha olsaydı, əkini düşünərdim. Ancaq olmadı, payız üçün cəmi bir istixanada əkin aparmaq fikrindəyəm, o da özümüzü tərəvəzlə təmin etmək üçün. Dövlətdən kəndliyə əməldə dəstək olmasa, kəndli borclanaraq aqrar təsərrüfatı dirçəltmək, keyfiyyətli bol məhsul istehsal etmək gücündə deyil”, – Kamran İsayev deyir.