Həsrətlə gözləyib özün üçün doğmadığın uşaq. Ermənistanda surroqat analıq
Nelli və Rafael
“Bizim toyumuzda insanlar sağlıq deyəndə və erməni adəti üzrə bizə yeddi uşaq diləyəndə, heç ağlıma da gəlməzdi ki, bir neçə ildən sonra bu sözləri dilək kimi yox, tənə kimi qəbul edəcəm”.
Nelli və Rafael 2007-ci ildə evləniblər. Rafaelin valideynləri tezliklə nəvə sahibi olacaqlarını, ailənin genişlənəcəyini gözləyirdilər. Amma bunu on il gözləməli olublar.
“İlk iki il ərzində biz narahat deyildik, çünki gənc idik, fikirləşirdik ki, hələ hər şey irəlidədir. Əlbəttə, kənardan təzyiq böyük idi, yeri gəldi-gəlmədi hamı yeni xəbər yoxdurmu, deyə soruşurdu. Mən artıq özümü günahkar hiss etməyə başlamışdım, çünki verməyə cavabım yox idi”, – Nelli deyir.
• Qalmaqallı olay: qadının oğlunun satıldığını iddia edir və geri qaytarılmasını tələb edir
• Doğma yad ana — niyə Ukrayna surroqat analıq mərkəzinə çevrilib?
İki il sonra cütlük artıq həkimlərə müraciət edib. Məlum olub ki, ikisi də sağlamdır. Həkimlər sadəcə gözləməyi məsləhət görüblər. Onlar daha yeddi il də gözləyiblər. Əvvəl dosları üçün nümunə olan bir-birini sevən cütlük boşanma həddinə çatıblar. Daimi gərginlik və valideynlərin boşanaraq, hərəsinin öz həyatını yaşaması ilə bağlı tövsiyəsi artıq dözülməz hala gəlmişdi:
“Biz heç vaxt bir-birimizi sevməkdən vaz keçmədik. Biz hətta uşaqsız da birlikdə yaşamağa hazır idik, amma valideynlərimiz istəmirdi. Deyirdilər ki, birlikdə uşağınız olmursa, boşanın, yenidən ailə qurarsız və hər birinizin uşaq sahibi olmaq imkanı yaranar. Həyatının hər gününün mübarizəyə çevrilməsi dəhşətdir – yalnız uşaq üçün yox, həm də ailənin qorunması uğrunda”, – Nelli danışır.
Birlikdə yaşadıqları doqquz il ərzində cütlük üç dəfə süni mayalanma yolu ilə uşaq sahibi olmağa cəhd göstərib. Heç birində nəticə əldə edə bilməyiblər. Ermənistanda bu prosedur 1.2-1.6 milyon drama (2500-3300 dollara yaxın) başa gəlir. Hər uğursuz cəhddən sonra cütlük növbəti prosedura pul toplayırdı. Rafael iki yerdə işləyirdi, gecələr isə taksi sürürdü. Üçüncü uğursuz cəhddən sonra cütlük davam etməmək qərarına gəlib.
BMT-nin apardığı tədqiqatın nəticələrinə görə, 2010-cu ildə Ermənistanda orta sonsuzluq göstəricisi 16,8 faiz, 2014-cü ildə 14,9 faiz təşkil edib. 2017-ci ildə rəqəm yenidən yüksəlib 16,8 faiz təşkil edib. Bu o deməkdir ki, ölkədə hər altı cütlükdən biri sonsuzluq problemi ilə üzləşir.
Nelli və Rafael qərara gəliblər ki, övladlıq götürsünlər, amma valideynləri yenə qarşı çıxıb, onlar doğma nəvə istəyirdilər. 2016-cı ildə Rafael radioda klinikalardan birinin surroqat analıqla bağlı reklamını eşidir. Elə səhəri gün o təfərrüatları öyrənmək üçün klinikaya yollanıb.
Ermənistanda Surroqat Analıq İnstitutu 2002-ci ildə qəbul edilən “Reproduktiv sağlamlıq və reproduktiv insan haqları haqda” qanunla tənzimlənir. 2012-ci ilə qədər qanun surroqat ananın həm də yumurta hüseyrənin donoru rolunda çıxış etməsinə də imkan verirdi.
Mümkün qanunvericilik boşluqlarının və ya uşaqlara münasibətdə surroqat anaların iddialarının qarşısını almaq üçün 2012-ci ildə qanuna dəyişiklik edilib. Həmin qanunun 11-ci maddəsi surroqat ananın müqaviləyə müvafiq olaraq uşağı müqavilənin bağlandığı şəxsə və ya cütlüyə təhvil verəndən sonra uşaqla bağlı heç bir haqqının olmadığını və ona görə məsuliyyət daşımadığını təsbit edir.
Klinikada Rafaelə deyiblər ki, surroqat ana xidməti 13 mindən 25 min dollara qədər başa gəlir. Bu məbləğə hüquqi yardımdan tutmuş surroqat ananın kompensasiyasına qədər bütün xərclər daxildir. Əgər cütlük surroqat ananı özü taparsa, qiymət xeyli azalır. Amma bu halda həmin qadın bütün tibbi tələblərə cavab verməlidir: onun yaşı 35-dən yuxarı olmamalı, bu ilk doğuş olmamalı, həmçinin onun ciddi xəstəlikləri olmamalıdır. Bir qadın iki dəfədən artıq olmayaraq surroqat ana rolunda çıxış edə bilməz.
Nelli və Rafael iki il pul toplayıb, maşınlarını satıb, xəyallarının ardınca yenidən klinikaya qayıdıblar. Onlara surroqat ana roluna iki namizəd təklif edilib. Onlarla görüşdən sonra Annanı seçiblər.
Anna
“Beş il əvvəl ərimin biznesi vardı, amma işi alınmadı. Maliyyə problemlərini həll edib, borcları qaytarmaq bəhanəsilə Avropaya işləməyə getdi. İlk dörd-beş ay ərzində zəng vururdu, şikayətlənirdi ki, pul qazana bilmir. Sonra dedi ki, saxta nikaha girməlidir ki, yaşamaq hüququ alsın. Mən etiraz etdim. Amma neyləyə bilərdim. Boşandıq. Mən sənədləri göndərəndən sonra o, daha az zəng vurmağa başladı, sonra ümumiyyətlə ara kəsildi”, – Anna danışır.
Ərini gözləməyin mənası olmadığını anlayanda oğlunun artıq beş yaşı vardı. Borcları qaylatarıb, oğlunu böyütməli idi. Tanışı Annaya məsləhət görür ki, surroqat analıq haqda düşünsün. Özü artıq iki dəfə surroqat ana olmuşdu.
“Mən anlayırdım ki, asan olmayacaq, amma tanışım əmin edirdi, deyirdi ki, doqquz ay elə tez keçəcək, heç fərqinə varmayacam. Nelli və Rafaellə görüşəndə çox təsirlənmişdim. Dərhal anladım ki, yaxşı insanlardır, istənilən uşaq belə valideynləri ancaq arzulaya bilər. Onlarla tanışlıq məni bir qədər ruhlandırdı. Başladım düşünməyə ki, beləcə yaxşı insanlara kömək etmiş olacam”, – Anna deyir.
Mayalandırma dövrü bitəndə həkimlər dedilər ki, iki döl həyata dayanıqlı çıxıb. Nelli və Rafael seçmək istəməyiblər, baxmayaraq ki, bu, onların xərcini artırırdı. Annadan xahiş ediblər əkiz uşağı dünyaya gətirməyə razı olsun. Nəticədə Anna əkiz uşağa hamilə qalıb.
“Hamiləlik zamanı Nelli və Rafael mənə qarşı çox diqqətcil idilər. Mən hər ay 200 min dram (400 dollara yaxın) alsam da və heç nəyə ehtiyacım olmasa da, onlar tez-tez gəlir, ərzaq və oğluma hədiyyələr gətirirdilər. Bir dəfə Nelli gəlib mənə dedi ki, “bütün günü çiyələk istəmişəm, fikirləşdim ki, yəqin sən də istəyərsən””, – Anna danışır.
Uşaqlar dünyaya gələndən sonra Nelli onları görmək istəməyib, sadəcə bilib ki, iki qız dünyaya gətirib. Doğum evinin qarşısında onları artıq valideynləri səbrsizliklə göözləyirdilər.
“Mən bu işi gördüyüm üçün peşman olmasam da, uşaqlardan ayrılmaq dözülməz idi. Anlayırdım ki, onları görsəm, mənə ikiqat ağır olacaq. İndi uşaqlar yaş yarımındadır. Nellinin sosial şəbəkələrdəki səhifələrindən onları izləyirəm. Çox qəşəngdilər.
Əminəm ki, onlar xoşbəxt böyüyəcəklər. Nelli və Rafaelə görə çox sevinirəm, amma yenə də tez-tez yuxuda doğuş anını görürəm. Xaç suyuna salınanda Nelli zəng vurub, məni də dəvət etdi, amma mən imtina elədim, çünki anlayıram ki, hamı üçün ən doğrusu belədir”, – Anna deyir.
Qanunla uşaq valideynlərə verilir, doğuşun rəsmi qeydiyyatı isə surroqat ana, uşa və biolojin valideyn, yaxud valideynlər arasında DNT analizi aparılandan sonra həyata keçirilir. Surroqat analıq haqda informasiya gizli saxlansa da, Nelli və Rafael öz qərarlarını heç kimdən gizlətməyiblər. Qızları böyüyəndə ola bilər ki, həqiqəti onlara da danışsınlar. Övladlarını doqquz ay öz bətnində daşımadığı Nellini narahat etmir. Deyir, o, elə səbrsizliklə gözləyib, Annanın yanında o qədər çox olub ki, hamiləliyi özünün yaşadığını hiss edir. Doğuşdan sonra müqaviləyə əsasən Anna vəd olunan 13 min dolları alıb. Bu, ona nəhayət ərinin borclarından qurtulmağa imkan verib. Bundan başqa o, pullu dırnaqlara qulluq və manikür kurslarını keçə bilib, yeni işi üçün lazımı avadanlıqları alıb. İndi Anna özünü və oğlunu dolandıra bilir. Deyir ki, bir daha belə bir addım atmayacaq. This project is funded through the Democracy Commission Small Grants Program, U.S. Embassy Tbilisi. The contents of this publication are those of the Author(s) and do not necessarily represent the views of the Department of State.