DİN uşağa qarşı zorakılığın video çəkilişləri ilə bağlı iş açıb
Foto: REUTERS
Facebook və Youtube-da yerləşdirilən, təxminən 14 yaşlı yeniyetmənin öz yaşıdları tərəfindən döyülməsini və ona qarşı bullinqi əks etdirən video çəkiliş Daxili İşlər Nazirliyi tərəfindən cinayət işinin açılmasına səbəb olub.
Kadrlarda yetkinlik yaşına çatmayan oğlanı ilkin ehtimala görə, seksual əlaqə haqqında danışmağa məcbur edirlər. Ancaq qurbanın sifəti görünür. Qalanları görünmür, ancaq onların səsləri eşidilir. Səslərdən anlamaq olur ki, cinayəti bir neçə nəfər törədir, onlar da yetkinlik yaşına çatmayıb. Kadrlarda qurban ağlayır və ona əmr edilənləri təkrar edir. İlkin ehtimala görə, qurbanın adı və soyadı səsləndirilir.
Video çəkiliş səs-küy doğurub. Facebook və Youtube istifadəçiləri hakimiyyəti baş verənlərə tez reaksiya verməyə çağırır. Məsələylə ombudsmen və hüquq müdafiəsi təşkilatları maraqlanıb.
DİN-in yaydığı məlumata görə, video internetə 2017-ci ilin sentyabr ayında yüklənib, “Facebook”da aprelin 20-də yayılıb. Bu haqda məlumat yayılandan bir neçə saat sonra video çəkiliş hələ də açıq olub. DİN bildirib ki, artıq çəkilişi şəbəkəyə yükləyənin şəxsiyyəti müəyyən edilib – bu, yetkinlik yaşına çatmayan adamdır.
İstintaq Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayanla seksual əlaqə və şəxsi həyata müdaxiləni nəzərdə tutan 140 və 1571-ci maddələri ilə aparılır. Cinayət beş ildən səkkiz ilə qədər həbs cəzasını nəzərdə tutur.
DİN-dən bildiriblər ki, bu maddələr üzrə iş ona görə açılıb ki, seksual zorakılığın olduğu istisna edilmir.
Ombudsmen Nino Lomdjariya operativ bəyanatla çıxış edərək, sosial şəbəkə istifadəçilərini çəkilişi yaymamağa çağırıb. Onun sözlərinə görə, kadrlarda uşağın sifəti görünür, onun şəxsiyyətini müəyyən etmək mümkündür. Bu, şəxsi həyatın toxunulmazlıq hüququnun pozulmasıdır və uşağın psixoemosional vəziyyəti üçün təhlükəli ola bilər. Lomdjariya hesab edir ki, “hakimiyyət təcili olaraq video çəkilişin yayılmasının qarşısını almalı, qurban olan uşağa psixoloji və sosial dəstəyin verilməsi üçün lazım olan hər şeyi etməli və zorakılıqda iştirak edənlərin əməllərinin korreksiyasını təmin etməlidir”.
“İnsan hüquqları naminə tərəfdaşlıq” qeyri-hökumət təşkilatının hüquqşünası Anna Tavxelidze JAMnews-a bildirib ki, video çəkiliş Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işlərinin açılmasına səbəb ola bilər:
- uşağın mafraqlarına toxunan, şəxsi həyatın video çəkilişinin yayılması;
- ilkin ehtimala görə başqa uşaqlar tərəfindən uşağa qarşı zorakılıq;
- bullinq;
- yetkinlik yaşına çatmayan şəxslə seksual xarakterli əlaqənin yaradılmasına şübhələrin olması.
“Bütün bunları çəkən uşaqlar müəyyən mənada qurbandırlar, onlarla da işləmək lazımdır”, – hüquqşünas Anna Tavxelidze deyir. Onun sözlərinə görə, bu, sosial şəbəkələrdə yeniyetmələrin iştirakı ilə yayılan ilk video və ya foto-çəkiliş deyil. Tavxelidze hesab edir ki, dövlət qurumlarının hazırlığı zəifdir və bu cür hallarda özlərini kifayət qədər passiv aparır.
“Şəbəkə istifadəçilərinin qaldırdığı səs-küy olmasaydı hakimiyyət buna heç bir reaksiya verməzdi, axı bu çəkiliş artıq bir neçə aydır ki, internetdədir”, – Tavxelidze deyir.
İşə artıq Sosial Təminat Agentliyi qarışıb. Oradan xəbər veriblər ki, uşaq və onun ailəsi məlumdur, onlarla artıq işləyirlər. Əlavə detallar hələ açıqlanmır.