Dil üzrə Dövlət Komitəsi Ermənistanda ana dili biliyinin səviyyəsindən narazıdır
Fevralın 21-də Ermənistanda ana dili günü qeyd olunur. Bayramdan bir gün öncə Dil üzrə Dövlət Komitəsinin sədri David Qürcinyan ətraflı analizlə çıxış edib: ölkə sakinləri ana dilini nə dərəcədə bilir, ən çox təkrarlanan səhvlər, dil normalarını kim daha çox pozur?
• Rusiya yenidən Ermənistana rus dilinə rəsmi status verilməsini təklif edir
Ən böyük problemlər haradadır?
Ekspertin fikrincə, ana dilində ən pis danışanlar erməni seriallarının qəhrəmanlarıdır. Yəni ssenari müəllifləri aktyorlar üçün rolları yolverilməz ifadələrdən yararlanaraq yazır.
“Aydındır ki, personajlar cəmiyyətin müxtəlif slenqlərlə danışan müxtəlif təbəqələrini təmsil edir, amma ədəbsizliyə, küçə jarqonuna keçmək olmaz, dil doğru, təbii və canlı olmalıdır”, – Qürcinyan deyir.
Amma seriallar heç də yeganə problem deyil. Dil üzrə Dövlət Komitəsinin sədrinin sözlərinə görə, televiziya tok-şoularında da acınacaqlı vəziyyət yaranıb. Üstəlik Qürcinyan bildirib ki, erməni dilində verilişlərin qonaqları yox, aparıcıların özləri pis danışır.
Telekanallar və digər media orqanları komitənin xüsusi hədəfindədir.
“Biz faktiki olaraq aparıcıları diqqətlə izləyirik, onların nitqinin səlistliyinə diqqət yetiririk, öz tövsiyyələrimizi verir, həmçinin ədəbi dildən istifadəni stimullaşdırırıq”, – Qürcinyan deyib.
“Dördüncü hakimiyyət” nümayəndələrinin biliklərini yüksəltmək üçün komitə media resurslarına öz tövsiyyələrini göndərir və orada bu və ya digər sözlərin doğru yazılışı və ya tələffüzünü izah edir.
Baş naziri də unutmayıblar
Ekspertin sözlərinə görə, Ermənistanın baş naziri də bəzən ədəbi dilin normaları haqda unudur. Qürcinyanın fikrincə, onun nitqində əcnəbi sözlər sezmək mümkündür, baxmayaraq ki, həmin sözlərin doğma erməni dilində analoqları var.
“Baş nazirin nitqi ümumilikdə ahəngdar və səlistdir, amma xüsusilə emosional olduğu məqamlarda o, nəzarəti itirir və tam klassik olmayaq erməni dilindən istifadə edə bilir”, – Dil üzrə Dövlət Komitəsinin sədri hesab edir.
Sən demə, bu struktur indi bütün rəsmi şəxslərin doğma dil vərdişlərinə nəzarət edir. Qürcinyanın sözlərinə görə, komitədə deputatların çıxışlarını izləyən və onlara öz nitqlərini necə düzəldəcəklərinə dair tövsiyyələr verən ayrıca əməkdaş var.
Amma deputatlar məsələsində Qürcinyan onların yaşına güzəşt edir:
“Deputatlar hələ cavandır, onlar dildəki səhvlərə fikir verməlidirlər. Hələlik biz onlara ümumi qeydlərimizi təqdim edirik, amma əgər onlar reaksiya verməsələr, biz “pozucuları” adbaad sadalamalı olacağıq”.
Dilə diqqət hökumətin prioritetləri sırasındadır
Hökumətin bu yaxınlarda qəbul etdiyi proqrama erməni dili haqda müddəalar daxil edilib. Hökumət yaxın beş il üçün “bədii erməni dilinin yayılması, inkişafı, həmçinin bədii erməni dili biliklərinin və vərdişlərinin möhkəmləndirilməsi məktəbəqədər yaşdan başlamalıdır”.
Bunun üçün tədris və maarifləndirici televiziya verilişlərinin, multfilmlərin və filmlərin istehsalı təklif olunur. Hökumət proqramında bütün televiziya efirinin dillə bağlı aşağı səviyyəli məhsuldan “təmizlənməsinin” vacibliyi xüsusi ilə qeyd olunub.